Təlimçi müəllim kimi məktəbdə verdiyim seminarlarda, valideynlərə bəzən bu sualı verirəm: Neçəmiz övladımızın davamlı olaraq kitab oxumağını istəyirik? Sonra əlavə edirəm: Bəs yaxşı, neçəmiz davamlı olaraq kitab oxuyuruq? Təəssüflər olsun ki, ilk suala nə qədər çox əl qaldırılırsa, ikincisinə də bir o qədər az əl qaldırıldı. Valideyn kimi hər nə qədər kifayət qədər kitab oxumasaq da, xüsusən, inkişaf dövründəki uşağımızda kitab oxumaq vərdişinin yaranmasını istəyirik. Çünki ictimai göstəricilər kitab oxumağın faydalı vərdiş olduğunu göstərir. Fəqət eyni ictimai göstəricilər bu doğru informasiyanın həyata keçirilməsində nədənsə qeyri-kafi qalır. Kitab oxumağın uşaqların duyğularını daha konkret əks etdirə bilməsinə imkan verir, xəyal dünyasını genişlədir, beynin analiz-sintez bacarığını inkişaf etdirərək çox mərhələli başa düşməsinə kömək edir. Amma eyni xeyri yetkinlərə də verdiyini də unuduruq, deyəsən.
Nevroloji elm deyir:
- Kitab oxumaq beyində yeni nevroloji əlaqələrin yaranmasına və güclənməsinə, doğrudan da, kömək edir;
- Kitablarla əlaqənin məktəbdəki uğurlarla güclü əlaqəsi var;
- Oxşar gəlir və təhsil səviyyələrinə sahib olduğu ailələrdə evdəki kitab sayı uşaqların oxuma bacarıqları ilə və məktəb uğurları ilə düz mütənasibdir;
- Çox kitabı olan uşaqların yetkinlikdəki təhsil səviyyələri olmayanlara görə təqribən 3 il daha uzun və gəlirləri daha çoxdur;
- Uşağın uğurları üçün evdə kitab olması ana-atanın təhsilsiz olması ilə universitet məzunu olması arasındakı fərq qədər önəmlidir.
Ölkəmizdə kitab oxumağın nəticələrinə əlaqəli olaraq, bu miqyaslı araşdırmalar hələ ki edilməyib, amma bənzər nəticələrin çıxacağını bilmək çətin deyil. Digər yandan, kitab oxumaqla əlaqəli ölkəmizin də sıralardan birində yer aldığı statistika dataları önəmli bir problemi işıqlandırır.
Statistikalar nə deyir:
İnkişaf etmiş ölkələrdə hər insana düşən illik kitab alma miqdarı ortalama 120 dollar olduğu halda, Türkiyədə bu rəqəm 10 dollardan aşağıdır. Çünki statistikalar Türkiyədə hər 100 insandan sadəcə 4-nün kitab oxuduğunu deyir. Kitabın Türkiyədəki ehtiyac maddələri siyahısında 235-ci yerdə qərarlaşması, ölkəmizdə bir ildə nəşr olunan kitab sayının Yaponiyaya nəzərən 120 qat daha az olmasını və Birləşmiş Millətlər İnsani İnkişaf Hesabatında kitab oxumaq nisbətində Türkiyənin 173 ölkə arasında 86-cı sırada yerləşməsini açıqlayır. Son olaraq, ölkəmizi digər ölkələrlə deyil, yenə özümüzlə müqayisə etsək, 1965-ci ildən bu günə universitet məzunları sayının yüzdə min beş yüz artmasına baxmayaraq, kitab oxumaq nisbətinin 15% azalması hamımızı bir qədər qayğılandırmalıdır.
Yaxşı ki, kitab oxumaqla bağlı bu qədər neqativliyin olduğu iqlim içərisində belə ölkəmizdə hələ də uşağına kitab oxumaq vərdişi qazandırmağa çalışanlar var. Bu yazını oxuduğunuzu nəzərə alaraq, deməli, siz də onlardan birisiniz.
Nə etmədim?
Tibb elminin ilk qanunudur. “Primum non nocere”, yəni “Hər şeydən əvvəl, zərər verməyəcəksən”. Bunu kitab oxumaq vərdişləri qazanmaq üçün nəzərə alsaq, zərər verməmək üçün “Hər şeydən əvvəl, kitab oxu deməyəcəksən” kimi düşünə bilərik.
Paradoksal görünsə də, ilk qayda uşağınıza o “sehirli sözü” hər nə olursa olsun, deməməkdir. Çünki insan etməli olduğunu bildirən əmr cümlələrini davamlı itələyir. Ona görə də yaxşı məqsədlə də deyilsə, “Aç, bir az kitab oxu”, ya da “Niyə kitab oxumursan?” kimi cümlələr uşaqlarda kitaba qarşı mənfi yanaşma yaranmasına səbəb olur. Hələ bu, hər kəsin qonaq otağında televizora baxdığı əsnada “Get otağına kitab oxu” formasında həyata keçirsə, kitab oxumağa məhkum edildiyi hissinə qapılan uşağın kitab oxumağı bir cəzalandırma vasitəsi olaraq dərk edilməsinə yol aça bilər. Bu vəziyyət də onu oxumaqdan nifrət etməyə gətirir. Sırf buna görə həyat yoldaşımla evdə qızımıza bir dəfə belə “kitab oxu” deməmişik.
Nə etdim?
Uşaqlıq dövrlərindən başlayaraq oxumağı, yazmağı öyrənənə qədər ona nizamlı halda hekayə kitabları oxuduq. Kitablarla dolu iş otağıma aşina olaraq və tez-tez kitablarımı qarışdıraraq böyüdü, bunun da onun kitab oxumasına ciddi təsiri olduğunu düşünürəm.
Axşamlar həyat yoldaşımla televizoru bağlayıb kitablarımızı oxumağa başlayanda qızım öz-özünə oynayardı. Oxumağı, yazmağı öyrənəndən sonra da bu, beləcə davam etdi. İlk zamanlar oyuncaqları ilə başını qatdı və bir şeylər qaraladı. Fəqət nə olursa, olsun ona heç zaman “gəl, bizimlə kitab oxu”, ya da “gəl birlikdə oxuyaq” demədik. Çünki bilirdik ki, bizi belə hər dəfə kitab oxumaqla məşğul gördüyü üçün gec-tez o da bizə qoşulacaq. Elə də oldu. Bir müddət sonra müəlliməsinin tapşırdığı kitablarla birgə bizimlə oxumağa başladı.
Bununla yanaşı, gün içərisində soruşduğu sualları kitablarla əlaqələndirir, diqqətini çəkən mövzularla bağlı internetdən kitablar axtarırdıq. Tez-tez kitab evlərinə gedir və bəyəndiyi kitabları alırdıq. Bununla da onun kitabları çoxalır, kitabları çoxaldıqca da həvəsi daha da artırdı.
Bəhs etdiklərim, əlbəttə ki, uşaqlara kitab oxumaq vərdişlərinin yaradılması üçün “olmazsa olmazlar” deyil. Mən belə dərs kitablarından başqa bir kitabı ilk dəfə öz istəyimlə alıb oxuduğumda 20 yaşımı keçmişdim, amma o gündən bu günə mütəmadi kitab oxucusuyam.
Uşağınızın bu vərdişə yiyələnməsinin şansa buraxılmasını istəmirsinizsə, bunlar ağlınızda olsun: Uşaqlar ən böyük təqlidçilərdir və ana-ata olaraq bizim davranışlarımızı, həm də “vərdişlərimizi” təqlit etməyə meyillidirlər. Bu mənada, həyat tərzimizlə və vərdişlərimizlə uşağımıza necə bir model yaratdığımızı dərk edərək hərəkət edib onlara faydalı vərdişlər qazandırmağın yollarını axtarmalıyıq.
Mənbə: egitimpedia.com