Keçmişin və indinin mədəniyyətlərini, elmini, nailiyyətlərini özündə əks etdirən kitablar insanın hər tərəfli inkişafına öz töfhəsini verən əsas vasitələrdəndir. Kitab oxumaqla erkən yaşdan öyrənilən biliklər gələcəyin müstəqil fərdlərinə bələdçi olur.
Kitab oxumaq uşaqlarda oxuma, yazma və danışma bacarıqlarını təkminləşdirir. Yaddaş və zəkanın güclənməsinə kömək edir. Müntəzəm oxu ilə uşaq söz ehtiyatını artırır, dünyagörüşü genişlənir, lakin rəqəmsallaşan dünyanın yeni nəsil uşaqları texnikaya kitabdan daha yaxıdır.
Uşaqlara kitab oxumaq vərdişini qazandırmaq səbir tələb edən prosesdir. Erkən yaşda bu vərdişə yiyələnən uşaqların özünə inamı artır, qazandıqları biliklər onların mədəni şəxsiyyət kimi yetişməsinə şərait yaradır. Unutmayın ki, uşaqlar bu vərdişi təkbaşına inkişaf etdirə bilməzlər və onların daim sizin dəstəyinizə ehtiyacı var.
Uşaqları kitaba necə yaxınlaşdıra bilərik? Sualına cavab olaraq bir neçə tövsiyəmiz var:
Rol model olun
Valideynlər övladlarını özlərindən fərqli böyütmək istəsələrdə, uşaqlar hər zaman böyüklərini təqlid edirlər. Uşaqlarınızda kitab oxumaq vərdişi yaratmaq istəyirsinizsə, ilk növbədə siz oxumağa başlamalısınız. Bir müddət sonra uşağınızın oxuduğunuz kitablarla bağlı sizə suallar verməyə başladığını görəcəksiniz. Sizinlə yaratdığı bu kommunikasiya ilə oxumaq vərdişinin təməli qoyula bilər. Oxumağı əyləncəli bir fəaliyyətə çevirin və həmişə onları oxumağa təşviq edin. Davamlı bir səylə uşağınıza erkən yaşda oxuma sevgisini aşılaya bilərsiniz.
Uşağınızın maraqlarını tanıyın
Ailələrin kitab seçərkən diqqət etməli olduğu ən mühüm məqam onların yaş səviyyəsinə və maraq dairəsinə uyğun kitab seçməkdir. Uşağınızın hansı kitablara marağı olduğunu bilmək üçün onu kitab mağazasına və ya kitabxanalara aparıb birlikdə vaxt keçirin və onu müşahidə edin. Hansı kitablar diqqətini cəlb edirsə, oxumağı üçün həmin kitabları seçin.
Evinizdə kitab guşəsi yaradın
Evinizdə uşaqların asanlıqla kitabları əldə edə biləcəyi guşə yarada bilərsiniz. Bu yolla uşaqlar istədikləri zaman kitab götürüb oxuya bilərlər. Maraqlarını öyrəndikdən sonra onlara uyğun digər kitabları və uşaq jurnallarını da kitab guşəsinə yerləşdirə bilərsiniz.
Uşaqlarınıza erkən yaşdan kitab oxuyun
Uşaqlar yazıb-oxumağı öyrənmədən kitab oxuya bilməsələr də, kitab sevgisi çox erkən yaşlarında qazanıla bilir. Məktəbəqədər dövrdə uşaqlara yatmazdan əvvəl mütəmadi olaraq kitab oxumaq onun kitaba olan marağını artıracaq.
Kitab oxuyarkən aşağıda sadalanan tövsiyələri də yerinə yetirə bilərsiniz:
– Oxuma prosesi yavaş və emosional olmalıdır.
– Kitab oxuyarkən məzmun və personajlar haqqında düşünmək üçün uşağa fasilə verilməlidir.
– Oxunan hekayə ilə uşağın əvvəlki təcrübələri arasında əlaqə yaratmağa çalışılmalıdır.
– Kitab oxunduqdan sonra müzakirə olunmalı, uşağın hekayəni bəyənib-bəyənmədiyi müəyyən edilməlidir.
– Uşağa kitab oxumağın zövqlü olduğu hissi ötürülməlidir.
– Əgər əvvəllər oxunmuş hekayə yenidən oxunursa, uşaq ağlında qalanları danışmağa təşviq edilməlidir.
– Uşaq həm oxuyanda, həm də dinləyəndə təriflənməli və dəstəklənməlidir.