2017-ci ilin yanvar ayında Avropada 500 qızılca halı qeydə alınıb. Fevralda isə bu rəqəmlər daha artıq olub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı öz rəsmi saytında məlumat yerləşdirib. Təşkilat Avropa ölkələrində qızılcanın sürətlə yayılması barədə həyəcan təbili çalır. Hazırda virus yayılmaqda davam edir və rəqəmlərin artdığı deyilir. Qızılca nədir, necə yayılır, fəsadları hansılardır? Bagcam.az xəbər verir ki, Ailem.az-ın bu və digər suallarını pediatr Vaqif Qarayev cavablandırıb.
Həkim ilk növbədə onu bildirir ki, qızılca hava damcı yolu ilə yoluxan kəskin virus infeksiyasıdır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə başqa səpkili infeksiyalardan fərqlənir: “Klassik gedişdə səpkilər mərhələlərlə olur. Birinci gün üzdə, boyunda, ikinci gün bədəndə, üçüncü gün ətraflarda, əldə, ayaqda müşahidə edilir. Əsasən ləkəli səpkilər görmək mümkündür. Səpkilər dövründə uşağın vəziyyəti ağırlaşır, qızdırma daha da yüksəlir, öskürək kəskinləşir, tutma şəkilli olur, gözlər qızarır, işıqdan qorxma yaranır. Uşaq işığa baxa bilmir”.
Keçmiş zamanlarda qızılca xəstəsi yatan otaqlarda qırmızı pərdə asar, qırmızı süfrə sərərmişlər. Bunu dini baxımdan izah edərdilər. Lakin həkim bunun tibbi izahının da olduğunu qeyd edir: “Qırmızı rəng işığın birbaşa uşağın gözünə düşməsinin qarşısını alır. Hətta qədimdə qızılcanı Allahın lütfi kimi qəbul edirlər. Uşaq qızılca olanda qoçun başına qırmızı bağlayırdılar, qurban kəsirdilər. Bu xəstəliyin müalicəsi üçün heç bir tədbir görülməzdi ki, öz-özünə keçib gedəcək. Amma nəticədə xəstəlik yüz minlərlə insanın həyatına son qoyurdu. İndi də bəzi yaşlı insanlar qızılca xəstəsinə iynə-dərman müalicəsi etməyə qoymurlar”.
V. Qarayevin sözlərinə görə, qızılcanın ilk mərhələsində səpkilər olmur, xəstəlik soyuqdəymə kimi başlayır. Lakin səpki dövründə xəstənin vəziyyəti ağırlaşır. Qızılcanın ağırlaşmaları isə çox təhlükəlidir. Qızılcanın fəsadları hətta ölümlə də nəticələnə bilər: “Səpkiləri öskürək müşayiət edir. Öskürək uşağı boğur. Hətta qısa müddətdə uşağın həyatına son da qoya bilər. Buna qızılca pnevmoniyası (ağciyərin iltihabı) deyirlər. El arasında sətəlcəm adlanır. Sətəlcəm isə müalicəyə çox çətin tabe olan xəstəlikdir. Qızılcada ölüm halları kifayət qədərdir. Qızılca miningitə də səbəbə olur, mərkəzi sinir sistemini zədələyir. Otit (qulaq iltihabı), ensefalit (beyin iltihabı), korluq təhlükəsi ola bilər. Qızılca ağırlaşmasız keçirsə, o qədər də təhlükəli deyil, amma ağırlaşmalar olduqda həddən artıq təhlükəlidir”.
Qızılca virusu bir insandan digərinə hava-damcı yolu ilə keçir. Qızılca virusu çox sürətlə böyük məsafələrə yayıla bilir. Sağlam uşaq səpkili bir xəstə ilə münasibətdə, ünsiyyətdə olubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki artıq onda da qızılca başlayır: “Qızılca diaqnozunu ancaq həkim qoya bilər. Sağalana qədər uşaq həkim nəzarəti altında olmalıdır. Ağırlaşma olmayanda xəstəxanaya qoymağa ehtiyac yoxdur. Lakin ağırlaşma yarandıqda mütləq xəstəxanada müalicə olunmalıdır. Yəni bütün hallarda həkimə müraciət etmək ona görə mütləqdir ki, ağırlaşmalar uşağın həyatına son qoymasın”.
Mütəxəssis qızılca tutan və yoluxma təhlükəsi olan uşaqların ətrafdan təcrid olunmasını tapşırır. Uşaq mümkün qədər insanlarla az ünsiyyətdə olmalı, evdə qalmalıdır. Məktəb və bağça yaşlıdırsa, həmin müəssisəyə getməməlidir: “Ötən ay Rumıniyada 20-yə yaxın uşaq qızılcadan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatı isə Rumıniyadakı vəziyyətə heç bir müdaxilə etməmişdi. Çünki təşkilat belə bir arqument gətirirdi ki, Rumıniya hökuməti öz vətəndaşlarına peyvəndin faydalarını izah edə bilməyib. Avropada bir antivaksion hərəkatı var idi, Rumıniya da ora qoşulmuşdu. Qızılca karantin infeksiyalarına aiddir. Xəstələrin sayı, ölüm halları və s. barədə məlumat Dünya Səhiyyə Təşkilatına mütləq verilməlidir. Qızılca olan uşaq kollektivə gedə bilməz. Hətta əgər xəstəliyin sayı çoxdursa, həmin uşaq müəssisəsi bağlanmalıdır. Rumıniyada da belə bir hal yaşandı. Lakin təəssüf ki, Rumıniya hökuməti vaxtında qızılca peyvəndinin vacibliyini əhaliyə başa sala bilməmişdi”.
Həkim bu xəstəlikdə peyvəndin mütləq olduğunu vurğulayır. Valideynlər peyvənd təqviminə əsaslanaraq buna biganə yanaşmamalıdırlar: “Nə qədər də desələr ki, peyvəndin əks təsirləri, ağırlaşması var, tərəziyə qoysaq, qızılca peyvəndinin pis təsiri heç vaxt ölümə aparmır və apara da bilməz. Amma xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürür. Bu mənada uşaq bir yaş 2 aylıq olanda mütləq qızılcaya qarşı peyvənd olunmalıdır. Həmin dövrdə təkcə qızılca deyil, məxmərək, “qulaqdibi” deyilən xəstəliklərin də peyvəndi olunmalıdır. Bu xəstəliklər də ciddidir. Lakin qızılcaya qarşı peyvənd mütləq olunmalıdır. Çünki çox ciddi ağırlaşmaları var və ölümlə nəticələnir”.