Artıq payız-qış mövsümü öz sözünü deməyə başlayıb. Havaların soyuması, mühitin dəyişməsi uşaqların orqanizminə və iştahına təsir göstərir. Buna görə də, uşaq menyuları fəsilin tələbinə uyğun dəyişdirilməlidir.
Payız fəslində uşaqların qida rasionu ilə bağlı uşaq bağçasının pediatr-həkimi Arzu Quluyeva Bagcam.az-a müsahibə verib.
O, bildirib ki, payız fəslində uşaqların qida rasionunda quru yeməklərə az yer verilməli və sulu yeməklərin sayı artırılmalıdır:
“Uşaqlar payız-qış fəslində açıq havada az olurlar, bədən C və D vitaminlərini az qəbul edə bilir. Buna görə də menyuya daha çox vitaminli qidalar əlavə edilməlidir. Payız-qış fəslində qida rasionuna yerkökü, çuğundur, balqabaq və kələm əlavə edilə bilər. Sulu yeməklərdən isə bulyonlara üstünlük verilməlidir. Toyuq bulyonu soyuqdəyməyə və qripə qarşı çox xeyirlidir. Quru və soyuq yeməklər isə mədə, boğaz ağrısına səbəb ola bilər. Bunlardan əlavə qida rasionunda turş ağartı məhsulları olmalıdır. Çünki həmin qidalar immuniteti artırır. Yay fəslində adətən uşaq menyusunda balıqdan istifadə edilmir, ancaq payız-qış fəslində balığı ən azı həftədə bir dəfə menyuya əlavə etməliyik. Qızartma balıq uşaqların mədəsinə ağır təsir etdiyi üçün sobada bişirilmiş balıq məsləhət görülür. Payız-qış fəslində quru paxlalılara da üstünlük vermək lazımdır. Meyvələrə gəldikdə isə uşaqlara heyva verən zaman yanında alma və kök də vermək lazımdır ki, balans tənzimlənsin və qəbzlik yaranmasın. Salatların tərkibində isə zeytun yağı olmalıdır ki, bədəndə vitaminləri əritsin”.
Arzu xanım həmçinin uşaq bağçasında payız fəslində qida rejiminin necə tənzimlənməsindən də söhbət açıb. Payız-qış qida rasionunun yay rejimindən fərqlərini izah edib:
“Yayda uşaqlara tərəvəz kimi pomidor, xiyar verirdiksə, indi həmin qidaları çiy salatlarla əvəz etmişik. Həmin salatların tərkibinə isə yerkökü, çuğundur, kələm və göyərtilər əlavə edirik. Sulu şorbalar menyuda üstünlük təşkil edir. Yayda uşaqlara xəmir xörəkləri vermirdiksə, indi menyuya ərişdə, düşbərə yeməkləri əlavə etmişik. Payız fəslində də biz quru yeməkləri menyudan çıxarmırıq, ikinci yemək kimi istifadə edirik. Birinci uşaqlar şorba ilə qidalanır, sonra quru yeməklər süfrəyə gəlir. Günorta yeməyi zamanı uşaqlara, həmçinin sarımsaqlı qatıq və pendir verilir. Daha sonra isə kompot, ayran süfrəyə təqdim olunur”.