Oyun elmi

Oyun elmi

Bilirdiniz ki, ilk 3 ildə övladınızın beyni digər dövrlərə nisbətən daha çox inkişaf edir? Bu böyük bir üstünlükdür!
Üstəlik övladınızın inkişafını bu dövrdə dəstəkləmək hər iki tərəf üçün – həm valideyn, həm də uşaq üçün həm asan, həm də əyləncəlidir.

Oyun problem həll etməkdən tutmuş fikirləri ifadə etməyə qədər vacib həyat bacarıqlarını öyrənməyi və hər ikiniz arasındakı bağı gücləndirir. Üstəlik, siz uşağınızın ilk müəllimi və oyun yoldaşısınız!

“Əşyaları gizlət və tap” oyunu zamanı uşaqlarda qavrama bacarığı inkişaf edir.
Evdəki hər hansı əşyanı gizlətmək və onu tapmaq kimi çətin, bir o qədər də maraqlı tapşırıq üzərində işləmək uşağın diqqətini cəmləşdirməyə, problem həll etməyə və çevik düşünməyə təşviq edir. O, bu yolla mürəkkəb tapşırıqların öhdəsindən gəlməyi və maneələri dəf etmək üçün effektiv strategiyalar qurmağı öyrənə bilər. Əgər oyun zamanı övladınızın çətinlik çəkdiyini müşahidə edirsinizsə, azca dəstək göstərə bilərsiniz. Amma oyunu təkbaşına bitirməsinə imkan yaradın.

Qəribə səslər çıxardan uşaq sosial bacarıqlarını inkişaf etdirir.
Təbii olaraq, uşaqlar qəribə səslər, üz ifadələri və jestlərlə ünsiyyət qurarlar. Bu zaman övladınıza cavab vermək onların beynində ünsiyyət və sosial bacarıqların inkişafını dəstəkləyən sinir əlaqələrini qurmağa və gücləndirməyə kömək edir.

Rəqs edib mahnı oxuyan uşaq emosional bacarıqlarını inkişaf etdirir.
Özünü dərk etməklə duyğuları anlamaq, idarə etmək və ifadə etmək uşağınızın emosional inkişafı və sağlamlığı üçün çox vacibdir. Mahnı oxumaq və rəqs etmək hissləri ifadə etmək və onları azad buraxmaq üçün gözəl bir yoldur! Birlikdə mahnı oxuyaraq və ya rəqs edərək bunu rutin halına gətirməyinizi tövsiyə edirik.

Uşaq öz təsəvvürünü cızma-qara etdikdə yaradıcılığı inkişaf edir.
Cızma-qara edərək öz xəyal gücünü işə salıb rəsm çəkən uşaqlar əslində öz ideyalarını həyata keçirmiş olurlar. Övladınızın çəkdiyi rəsmlə bağlı söhbət açın, suallar verərək onun dünyasına daxil olmağa çalışın.

Uşaqlar üçün oyuncağın nə qədər bahalı olması deyil, nə qədər maraqlı olması vacibdir. Buna görə də ev şəraitində övladınıza sonsuz oyun imkanları yarada bilərsiniz.
Oyun təkcə əyləncə deyil, həm də inkişafın təməlidir.