Uşaqların öz öyrənmə tərzini bilmələri onlara təhsil həyatlarında yaxından kömək olacaq.
Öyrənməyin yazmaq, səsli və ya sakit oxumaq kimi bir çox müxtəlif yolları var.
Gəlin öyrənmə üsulları ilə yaxından tanış olaq və həm özümüz, həm də övladımız üçün daha yaxın olan üsulu həyata keçirək:
Vizual. Bu üsulla öyrənən uşaqlar canlı xəyal qurma bacarığına və güclü yaddaşa sahib olur, incəsənət və kitablara maraq duyurlar. Ətraf mühiti izləməyi, küçədə rastına çıxan yazıları və göstərişləri oxumağı sevirlər.
Duyum. Musiqi sahəsinə üstünlük verirlər. Söhbət etməkdən, çoxlu suallar verməkdən və ünsiyyətdən zövq alırlar. Kollektivlə işləməyə üstünlük verirlər. Şifahi göstərişləri daha yaxşı qavrayırlar.
Fiziki. Bu tip uşaqlar öyrənərkən hərəkət etməyi sevir, oturarkən belə hərəkətli olurlar. Praktiki məşğələlər onların daha çox xoşlarına gəlir.
Analitik. Bu üsulla öyrənən uşaqlar əşyalara, onların necə hazırlandığına maraq duyur və kəşfiyyatı sevirlər. Suallar verməyi də sevir və məntiqə əsaslanaraq düşünürlər.
Öyrənmə tərzini müəyyənləşdirmək üçün ən effektiv strategiyaları övladınızla birgə kəşf etmək sizə kömək edəcək. Bununla belə, sürətli öyrənmək vacib amil deyil. Əsas odur ki, məlumat yaddaşda daha uzun müddət qalsın. Artıq və lazımsız məlumatlarla da övladınızı yükləmək lazım deyil.
Övladınızın öyrəndiyi məlumatı xatırlaması və müxtəlif vəziyyətlərdə bundan yararlanması daha vacibdir. Məsələn, uşaqlarınızın hər gün yeni məlumatlar öyrənməsi, öyrəndiklərini şifahi şəkildə sizə danışması, yeni məlumatları köhnə məlumatlarla əlaqələndirməsi onun yaddaşını gücləndirəcək.