Övladlarımızla oynaya biləcəyimiz milli oyunlar

Oyun uşaqların əqli və fiziki inkişafının açarıdır. Belə ki, oyunlar uşaqları həm fiziki aktivliyə cəlb edir, həm də yaddaşın möhkəmlənməsinə, diqqətin artırılmasına, hesablama vərdişlərinin yaranmasına kömək edir.

Oyun zamanı uşaqlar bacarıqlarını, iradəni, dözümü, əzmini nümayiş etdirir, qələbəyə can atma, birincilik əldə etmə istəyi ilə əlaqədar olaraq yaradıcı fantaziyalarını işə salırlar. Odur ki, bu baxımdan oyunları yaradıcılıq fəaliyyəti də hesab etmək olar.

Müşahidələr göstərir ki, müasir dövrdə uşaqların oyun anlayışı virtual oyunlarla məhdudlaşır. Təkcə ekrana yönələn diqqət isə bədəni hərəkətsiz saxlayır. Hərəkətsiz qalan uşaq inkişafdan qalır. Bununla yanaşı valideynlər övladlarının oynadıqları virtual oyunların hər birinin strategiya və fəlsəfəsi ilə tanış ola bilmir. Virtual oyunlar vasitəsilə uşaqlara ötürülən dəyərlər çox vaxt bizim milli-mənəvi dəyərlərimizdən fərqlənir.

Valideyn olaraq övladlarımızın milli ruhda böyümələri üçün onlara müxtəlif istiqamətlər verə, milli oyunlarımızı onlara öyrədə bilərik.

Sizə bir neçə milli oyun nümunəsi təqdim edirik:

“Üzük gizlətmə”

Xalça üstündə uşaqlar dairəvi otururlar. Oturan uşaqların birinin əlində üzük olur. Bir uşaq isə ayaqüstə gözləyir. Ortaya böyük süfrə salınır. Oturan uşaqlar əllərini süfrənin altında gizlədirlər. Uşaqlar süfrənin altında üzüyü bir-birlərinə ötürürməyə başlayırlar. Bu zaman bütün uşaqlar əllərini hərəkət etdirir ki, hərəkət ardıcıllığını izləmək mümkün olmasın. Kənarda duran uşaq “Dayan” deyərək, ötürməni saxlayır. Həmin uşaq üzüyün kimdə olduğunu tapsa, üzük olan uşağın yerinə, üzük olan uşaq isə kənarda olan uşağın yerinə keçir. Lakin uşaq uduzsa, cərimə olunur. Uşaqların arzusu ilə oynayır və ya oxuyur.

“Gözbağlıca”

Oyunu açıq havada və ya geniş otaqda keçirmək olar. Uşaqlar dairəvi dayanırlar. Uşaqların üzləri mərkəzə doğru olmalıdır. Uşaqların birini dairənin mərkəzinə gətirib, gözü yaylıqla bağlamaq lazımdır. Uşaq bir neçə dəfə yerində fırlanır. Daha sonra uşaq gedib yoldaşlarının birinə əlini toxundurub tanımalı və adını deməlidir.

Gözü bağlı uşaq yoldaşını tapsa, açıb həmin tanıdığı yoldaşının yerində durur. Yoldaşı isə onu əvəz edib oyunu davam etdirməlidir, gözü bağlı yoldaşını tanımasa, uşaqların hamısı bir ağızdan deməlidir: ”tanımadın”. Bu zaman könüllü bir uşaqla yerini dəyişir.

“Bənövşə”

Bənövşə oyunu çox qədim oyunlardandır. İştirakçılar iki dəstəyə bölünüb, on addım məsafəni üzbəüz dayanırlar. Hər dəstədə olan uşaqlar bir-birinin əlindən möhkəm tutub sıra düzəldirlər. Dəstələrdən biri oyuna başlayır. Bir nəfər o biri dəstəyə müraciət edərək deyir:

-Bənövşə!

Onlar cavab verirlər:

– Bəndə düşə.

– Bizdən sizə kim düşə?

– Sizdən bizə Ramin düşə. (Qarşı dəstədəki uşaqlardan birinin adını söyləyirlər)

Bu zaman Ramin dəstədən aralanaraq bir qədər arxaya çəkilir və var qüvvəsi ilə qabaqdakıların əllərini “qırmaq” üçün sürətlə qaçıb özünü onların əlləri üstünə atır. Əlləri qıran oyunçu, o biri dəstədən bir nəfəri də özü ilə dəstələrinə əsir aparır. Qıra bilməsə, o zaman özü onların dəstələrində əsir qalır. Bəzən axırda bir dəstə o biri dəstənin oyunçularını bütünlüklə çəkib aparır və iki dəstə birləşir.

“Səsindən tanı”

Bu oyunu otaqda və yaxud açıq havada aparmaq olar. Uşaqlar bir kənarda sıra ilə dururlar, bir uşaq isə mərkəzə gəlir və gözü dəsmalla bağlanılır. Mərkəzdə duran uşaq üçün digər uşaqlardan biri hər hansı heyvanın səsini çıxarır. Gözü bağlı uşaq yoldaşını tanımalı və adını deməlidir. Əgər yoldaşını tanısa, o uşaq onu əvəz edir. Tanımasa yenə gözünü bağlayıb oyunu davam etdirir.

Oyun zamanı bütün uşaqlar sakit durmalıdırlar.

Heyvanı təqlid edən uşaq yoldaşlarından iki addım aralı durub səs çıxartmalıdır.

“Boğça-boğça”

Oyunu otaqda və ya açıq havada aparmaq olar. Uşaqlar əl-ələ tutub dairəvi formada çöməlirlər.

Bir uşaq aparıcı təyin edilir. Həmin aparıcıda yaylıq olur. Oyunu aparan uşaq yəni “aparıcı” bu sözləri üç dəfə ahənglə təkrar edərək deyir:

– A boğça-boğça-boğça!

Yerdə qalan uşaqlar isə cavab olaraq deyirlər:

– Gəlin oxuyaq hamılıqca!

Oyunu aparan uşaq yaylığı uşaqlardan birinin çiyninə salmalıdır. Çiyninə yaylıq qoyulan uşaq yaylığı əlinə alıb ayağa qalxmalı, aparıcının dalınca qaçıb onu tutmalıdır. Aparıcı bir qədər qaçdıqdan sonra yaylığı verdiyi uşağın yerini tutmalıdır. Yoldaşının yerini tuta bilməyən (aparıcı) uşaq oyundan kənar edilir və uduzmuş olur. Hər dəfə oyun yenidən təkar edildikdə oyunu uduzan uşaqlar oyuna dəvət edilməlidirlər.

Bütün bu oyunlar uşaqlardan böyük məharət tələb edir. Onlarda sağlam rəqabət hissi meydana gətirir, sosiallaşmaqlarına yardım edir.

Keçmişimizdən bu günümüzə qədər yadigar qalmış milli uşaq oyunlarımız balacalarımızın təfəkkürünün, dünyagörüşünün inkişafında, sosial-psixoloji keyfiyyətlərinin zənginləşməsində olduqca müsbət rol oynayır. Biz də öz növbəmizdə çalışmalıyıq ki, milli oyunlarımızı yaşadaq və gələcək nəsillərə ötürək.