Övladlarımızı mövsümi xəstəliklərdən necə qoruyaq?

Dünyada olduğu kimi Azərbaycanda da payız aylarında tənəffüs sistemi (respirator) xəstəliklərinə yoluxanların sayı artır. Uşaqlar yalnız səkkiz yaşına çatanda tənəffüs sistemləri tam formalaşır. Buna görə də, belə xəstəliklər daha çox məktəbəqədər yaşda olan uşaqlarda müşahidə edilir.

Hazırda ölkəmizdə yayılan mövsümi xəstəliklər və bunlardan uşaqları qorumağın yolları barədə Sağlamlıq, Qidalanma və Təhlükəsizlik üzrə Koordinator Sara Firudinbəyli ilə danışdıq.

– Sara xanım, uşaqlarda xəstəliyə səbəb olan infeksiyanın ötürülməsi hansı yollarla baş verir?

Əvvəlcə onu nəzərə alaq ki, respirator infeksiyaların törədiciləri yüksək yoluxuculuq xüsusiyyətlərinə malikdir. Lakin onlar üçün orqanizmə “giriş qapısı” yalnız tənəffüs yollarının selikli qişasıdır. Mövsümi faktorlar tənəffüs yollarının viruslarla müqavimətini azaldır. Soyuqdəymə immuniteti aşağı salır və ağız, burun, tənəffüs yolları, bağırsağın selikli qişasının baryer funksiyasını zəiflədir.

İnfeksiyanın əsas ötürülmə yolu – hava-damcı yoludur. Viruslar öskürmə, asqırma zamanı sıçrayan damcılar vasitəsilə ötürülür. İkinci yoluxma yolu – təmas-məişət yoludur: virus daşıyıcısı ilə birbaşa kontakt, yaxud virus düşən səthlərə toxunub sonra əlini burnuna, ağzına vurmaq.

– Uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələr edilməlidir?

Uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün ilk növbədə xəstəlik əlamətləri olan adamlardan uzaqlaşdırmaq, sıxlıq olan məkanlara aparmamaq, gigiyena qaydalarına müntəzəm riayət etmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı ilk profilaktik tədbir kimi əllərin yuyulmasını tövsiyə edir. Böyüklərin borcudur ki, uşaqlara sadə gigiyenik proseduraları öyrətsinlər. Əllər gündə 5-6 dəfə 20-30 saniyə ərzində sabunla yuyulmalıdır. Su və sabun olmayan yerdə tərkibində 60%-dan aşağı spirt olmayan dezinfeksiyaedici məhlullardan istifadə etmək və uşağın şəxsi əşyalarını (dəsmal, yataq, qab-qaşıq və s.) ayırmaq mütləqdir.

– Valideynlər xəstəliyə yoluxan uşaqların immun sistemini gücləndirmək üçün nələr etməlidir?

Valideynlər nəzərə almalıdır ki, immuniteti gücləndirmək üçün kompleks tədbirlər görülməlidir. Həm uşaqlar peyvənd olunmalı, həm də xalq təbabəti, medikamentoz vasitələr (virusa qarşı preparatlar, əlavə olaraq vitaminlər), mineral kompresslər  qəbul edilməlidir. Burada uşaqlar üçün yaradılmış düzgün gün rejimi, uşağın fiziki aktivliyi və sağlam qidalanması da rol oynayır.

 

-Sara xanım, məsələyə daha detallı yanaşsaq, sadaladığınız məqamları necə izah etmək olar?

Belə deyək, valideynlər uşaqları soyuqdəymədən qorumağa çalışarkən bəzən onların termorequlyasiyasının mükəmməl olmadığını nəzərə almırlar. Uşağı elə geyindirmək lazımdır ki, soyuqdəymənin və həddindən artıq istilənmənin qarşısı alınsın. Geyim uşağı tərlətməməlidir. Uşaqlar hər gün açıq havada gəzintidə olmalıdırlar. Payızda yalnız üz və əllər geyimdən azad olur. Açıq dəri sahələri kiçik olsa da, onların hava ilə təmasda olmağı termorequlyasiyanın inkişafı üçün yaxşı treninqdir. Uşağı öyrətmək lazımdır ki, ağızla yox, burunla nəfəs alsın.

Bəzi valideynlər soyuq havalarda uşaqları corabla yatızdırır, lakin əllər və ayaqlar – aktiv refleksogen zonalardır. Belə “qayğı” immuniteti zəiflədir. Yuxudan qabaq yataq otağının havası dəyişilməlidir, temperatur gecə 18-200C, gündüz 22-240C kimi tənzimlənməlidir.

Soyuq mövsümdə uşaqların qidalanmasına xüsusi diqqət yetirmək lazımdır. Təbii, keyfiyyətli, vitamin və mikroelementlər tərkibinə görə balanslaşmış ərzaqlara üstünlük vermək lazımdır. Uşağın gündəlik rasionunda askorbin turşusu ilə (vitamin C) zəngin olan ərzaqlar immuniteti möhkəmləndirir. Kələm (bütün növləri), bolqar bibəri, itburnu, qarağat, sitrus meyvələri C vitamini ilə zəngindir.

Fiziki aktivlik isə bədən sağlamlığına müsbət təsir göstərir: qan dövranını yaxşılaşdırır, əzələ korsetini formalaşdırır, pozitiv emosiyalar bəxş edir, iştahı və yuxunu normalaşdırır.

– Mövsümi xəstəliklər bağça uşaqları arasında da müşahidə olunur. Sizin çalışdığınız bağçalar şəbəkəsində xəstəliklərin yayılmasının qarşısını almaq üçün hansı işlər görülür?

Əslində, bağçalarımızda illərin təcrübəsi ilə formalaşmış və sınaqdan çıxmış metodlarımız var. Mən onları sadalaya bilərəm:

  • Səhər filtri (xəstəlikləri aşkar etmək üçün);
  • Gün ərzində müşahidə. Xəstəlik əlamətləri aşkar olunduqda, həmin uşaqların izolyasiyası və evə göndərilməsi;
  • Uşaqların toxuna biləcəyi bütün səthlərin dezinfeksiyası;
  • Quru və nəm təmizləmə işlərinin qrafik üzrə yerinə yetirilməsi;
  • Otaqların havalandırma, temperatur və rütubət rejiminə nəzarət;
  • Uşaqların otaqlarda olmadıqları zaman ultrabənövşəyi lampa və ozon aparatının istifadəsi;
  • Su qəbulu rejiminə riayət edilməsinə nəzarət (verilən suyun hərarətinə nəzarət etməklə);
  • Şəxsi gigiyena qaydalarına riayət olunması;
  • Oyuncaqların vaxtında yuyulması;
  • Qrupların bir-birindən maksimum ayrı olmasının təmin edilməsi;
  • Personalın səhhətinə nəzarət.

Bu məsələdə valideynlər də bağçaya dəstək olmalıdır. Belə ki, uşaq xəstələnərsə, onu evdə saxlamalı, evə həkim çağırmalı, həkim təyin etdiyi müalicəyə əməl edilməlidir. Xəstə uşaqları bağçaya gətirməyi tövsiyə etmirik. Bu uşaqları həm xəstəliyin ağır fəsadlarından qoruyur, həm də xəstəliyin digər uşaqlar arasında yayılmasının qarşısını alır.