Əziz valideynlər, övladınızın bir işdə uğur qazanmağını istəyirsinizsə, onu tez-tez danlamaq, qonşunun uşağı ilə müqayisə etmək əvəzinə, əsas diqqətinizi düzgün tərbiyyə, motivasiya istiqamətində yönləndirin. Bu dəfəki məqalədə sizə övladımızın tərbiyyəsi zamanı istfadə etməli olduğumuz əsas motivasiyaedici cümlələr, hərəkətlər haqqında məlumat verəcəyik.
Bu mövzuda çalışmağın məni çox sevindirdi!
Uşaqlar hər zaman bütün işləri mükəmməl görə bilməzlər, amma onu gələcəkdə mükəmməl insana çevirmək sizin əlinizdədir. Bunun üçün övaldınız ən adi bir rəsm çəkib sizə göstərirsə, onun bu rənglərlə, cizgilərlə nə demək istədiyini izah etməsinə imkan verin. Sonda isə balaca rəssamınızın bu əsərini bəyəndiyinizi mütləq qeyd edin. Kim bilir, bəlkə də gələcəkdə tarix sizi dünyanın tanınmış rəssamlarından birinin arxasında dayanan əsas güc kimi xatırlayacaq?!
Səninlə bu işi görməkdən zövq aldım!
Övladınızla bacardığınız qədər çox vaxt keçirməyə çalışın. Onunla oyunlar oynayın, mahnılar oxuyun. Uşaqlar bundan zövq alırlar. Sonda isə sizin də onunla vaxt keçirməkdən böyük zövq aldığınızı bildirin.
Hər zaman sənə qulaq asmağa hazıram
Övladınız sizinlə danışmaq istəyən zaman nə iş görməyinizdən asılı olmayaraq onu dinləyin. Övladınız bilməlidir ki, nə çətinliyi olmasından asılı olmayaraq valideynləri daim onun yanındadır, hər zaman ona qulaq asıb doğru yol göstərməyə hazırdırlar.
“ Təşəkkür edirəm”, “Xahiş edirəm”
Əksər hallarda valideynlər övladlarına ətrafdakılarla davranış, danışıq zamanı incə olmağı, nəzakətli davranmağı təpşırsalar da, özləri övladları ilə dialoqları zamanı ən adi etik qaydalara belə əməl etmirlər. Əziz valideynlər, yaşıdlarınızla, sizdən böyüklərlə danışıqda olduğu kimi övladınızla söhbət zamanı da xırda etik qaydalara əməl edin. Unutmayın ki, onun üçün ən əsas örnək sizsiniz. Övladınıza təşəkkür etməyi, ondan nəisə xahiş etməyi özünüz üçün əksiklik hesab etməyin.
Hansını seçmək istəyirsən?
Övladınızın kiçik olması onun əvəzinə bütün seçimləri sizin etməli olduğunuza əsas vermir. Hər bir situasiyada onunla əlaqədar olan mövzularda uşağın fikrini mütləq soruşun. Bununla siz onun gələcəkdə qərarlarını təkbaşına almalı olacağına işarə etmiş olacaqsınız.
Səninlə fəxr edirəm
Mütləq uşağınızın fəxr ediləsi hərəkətləri var. Sadəcə bunu kəşf etməyiniz və onunla danışarkən bütün bunları övladınızın özünə də bildirməyiniz lazımdır. Bununla siz övladınızın özünəinam hissini möhkəmləndirəcəksiniz.
Mənə kömək edə bilərsən? Təşəkkür edirəm, işimi çox rahatlaşdırdın
Övladınızın sizin köməyinizə ehtiyacı olduğu kimi bəzi hallarda sizin də onun köməyinə ehtiyacınız ola bilər. Bu zaman ondan yardım almaqdan çəkinməyin, öladınızı köməyə çağırın. Sonda isə o balaca əllərinin işinizi necə asanlaşdırdığını bildirin və ona təşəkkür edin.
Səni başa düşürəm
Uşaqlarınızın problemlərinə böyük kimi deyil, onun yaşıdı kimi yanaşın. Çünki bir böyük kimi məsələyə yanaşdığınız zaman onun üzüldüyü məsələ sizə çox gülməli, sıradan problem kimi görünəcək. Özünüzü onun yerinə qoyduğunuz vaxt isə vəziyyətin uşaq üçün nə qədər ciddi olduğunu dərk edəcəksiniz. Bu zaman övaldınızın sizdən eşitmək istədiyi ən mükəmməl cavab “Dostunun bu hərəkətinə çox pis oldum, haqqsızlıqla qarşılaşmısan. Mən də sənin yerində olsam, çox pis olardım” deməyiniz olar.
Bu qədər, əziz valideynlər. Unutmayın ki, övladınızı əsl şəxsiyyət, vətəndaş kimi yetişdirmək sizin əlinizdədir. Övladınızın tərbiyyəsi zamanı siz yalnız onun deyil, bütün cəmiyyət qarşısında məsuliyyət daşıyırsınız.