Övladım məktəbə hazırdırmı?
Uşağın məktəbə hazır olmasının kriteriyaları və valideynlərə məsləhətlər.
Bagcam.az “İndigo” uşaq bağçasının tərbiyəçisi İlhamə Quliyevanın uşağın məktəbə hazır olmasının kriteriyaları barədə yazdığı məqaləni təqdim edir:
Bu sual valideynləri çox düşündürür. Övladım məktəbə hazırdırmı? Onun məktəbdə yeni qaydalara yaxşı adaptasiya olması üçün nə etməliyəm?
Əvvəlcə qeyd edim ki, məktəbə hazırlığın üç əsas növü var:
Birinci mərhələ uşağın ümumi inkişaf mərhələsidir. Uşaq məktəbli olana qədər ümumi inkişaf səviyyəsində olmalıdır. Burada ilk növbədə inkişaf dedikdə yaddaşın, diqqətin və intellektin inkişafı nəzərdə tutulur.
İkinci mərhələ isə uşağın özünü sərbəst ifadə etməsi və idarəetməsi qabiliyyətidir. Ola bilsin ki, o böyüklərin onun diqqətini cəlb eden hər hansı bir söhbətini ətraflı və detallı şəkildə yadda saxlasın. Lakin o marağını cəlb etməyən mövzularda müəyyən zaman ərzində diqqətini həmin mövzu üzərində cəmləməkdə çətinlik çəkə bilər. Məktəbəqədər yaşlı uşağın yaddaşı güclüdür, qavrayışı aydındır. Bu yaşda uşağın yaddaşını və diqqətini inkişaf etdirmək mütləqdir.
Üçüncü mərhələ isə öyrənmək üçün motivasiyanın olmasıdır. Motivasiya dedikdə uşağın yalnız məktəbə getmək həvəsi deyil, həmçinin onun oxuması, bilik alması üçün həvəsləndirilməsi nəzərdə tutulur.
Uşağın məktəbə hazırlığının eyni zamanda ayrı-ayrı hissələrini də qeyd etmək olar:
Fiziki hazırlığı– Uşağın ümumi fiziki hazırlığı: normal boyu, çəkisi, görmə və eşitmə qabiliyyəti, böyük və kiçik motorikası;
İntellektual hazırlığı – Yalnız nitqin inkişafı deyil, eyni zamanda psixi proseslərin inkişafı;
Sosial-psixoloji hazırlığı – Onun yeni sosial mühitə öyrəşməsi, özünün daxilində yeni bir “mən”in formalaşması, məktəbli pozisiyasına psixoloji olaraq hazır olması, uşaqlararası münasibət, dərsə olan həvəs;
Emosional hazırlığı – Uşağın sərbəst qərar verməsi, qarşısına məqsədlər qoyması, məqsədlərə doğru irəliləməsi və s.
Uşağın məktəbə hazırlığının kriteriyalarını aşağıdakı kimi dəyərləndirmək olar:
- Normal fizioloji xüsusiyyətlər və hərəkətlərin koordinasiyası – əzələlərin inkişafı, kist və karandaşdan düzgün istifadə etmək bacarığı, əl hərəkətlərinin inkişafı, gözlə görmə;
- Oxuma həvəsi – bir və ya bir neçə dərsliklərə həvəsli olma, tapşırıqları yerinə yetirmə, oxuduqlarını qavramaq;
- Öz hərəkətlərini idarə etməsi – uşaq öz hərəkətlərini necə idarə edir, dərsdə özünü necə aparır, məktəb rejiminə necə öyrəşir;
- Müstəqillik nümayiş etdirmə bacarığı – uşaq problemin həlli üçün yeni yollar axtarmalı, öz fikirlərini, təkliflərini irəli sürməyi bacarmalıdır;
- Həmyaşıdları və böyüklərlə olan münasibətləri – uşaq kollektivdə işləmə qabiliyyətinə malik olmalı, öz yaşıdları ilə maraqlarını bölüşməli, böyüklərlə olan ünsiyyətini kiçiklərlə olan ünsiyyətindən ayırd etməyi bacarmalıdır;
- Əməyə olan münasibət – əməklə bağlı həvəsli olmalı, ona verilən tapşırığı məsuliyyətlə yerinə yetirməyi bacarmalıdır.
Bundan başqa uşağın psixi proseslərinə görə, bacarıqlarını qiymətləndirsək, 5-6 yaşlı uşaq diqqət, yaddaş, təfəkkür, nitq inkişafı və riyazi biliklərinə əsasən aşağıdakıları bacarmalıdır:
Diqqət – uşaq 15 dəqiqə ərzində 5-6 fərqli şəkilləri, fərqli predmetləri tapmalıdır. Eyni zamanda 8-10-dək bu predmetləri çoxaltmaq olar. Ayrı-ayrı hissələri tapıb birləşdirməli, verilmiş predmetin əskik hissələrini tamamlamalıdır.
Yaddaş – uşaq 8-10 şəkli yadında saxlamalı, eyni zamanda həmin şəkil əsasında kiçik mətn qurmağı bacarmalıdır. 3-4 cümlədən ibarət mətni ona diqqətlə oxuduqdan sonra o, həmin cümlələri söyləməyi, nümunəyə uyğun olaraq şəkli rəngləməyi bacarmalıdır. Şəklə baxaraq fərqli xüsusiyyətləri yadda saxlamalı və onları söyləməlidir.
Təfəkkür – 9-10 hissəli kəsilmiş şəkilləri tapmalı və quraşdırmalı, onlar arasındakı oxşar və fərqli cəhətləri söyləməlidir. Verilmiş nümunə üzrə ardıcıllığı tamamlamalı, predmetləri müqayisə etməyi, şəkildəki uyğunsuzluğu tapmalı və seçimini izah etməyi bacarmalıdır.
Riyazi biliklər – rəqəmləri tanımalı, düzünə və geriyə doğru saymağı bacarmalı, rəqəmə görə predmetlərin sayını deməli, arifmetik biliklərini nümayiş etdirməli, tapşırığı verilmiş müddətdə yerinə yetirməlidir. Əşyaları iki bərabər hissəyə bölməyi, predmetləri qruplaşdırmalı, müqayisə etməli, 10 dairəsində toplama və çıxma əməlinə aid misalları həll etməli, sərbəst şəkildə sadə məsələlər qurmalıdır. 100-dək on-on saymalı, həndəsi və fəza fiqurlarını ayırd etməlidir.
Nitqin inkişafı – bütün səsləri düzgün şəkildə tələffüz etməli, sözdə səslərin yerini ayırd etməyi, sözləri hecalara bölməyi bacarmalıdır. Nitqində mürəkkəb cümlələrdən istifadə etməli, eyni zamanda 6-7 cümlədən ibarət mətn qurmalı, 5-6 sözdən ibarət cümlə qurmağı bacarmalıdır. Yaxınmənalı, əksmənalı sözləri tapmağı, sözləri cəm halında işlətməyi bacarmalıdır. Hərf və səsin fərqini bilməlidir. Sait və samit səsləri ayırd etməli, sözləri hecalara bölməli, verilmiş hərflərdən sözlər düzəltməli, cümlədə sözlərin sayını təyin etməlidir.
Kiçik motorikanın inkişafı – uşaq karandaşı sərbəst tutmalı, fırçadan sərbəst şəkildə istifadə etməli, dəftərdə damanın və ya sətrin daxilində işləməyi bacarmalı, haşiyədən kənara çıxmamalı, koordinasiyanı düzgün təyin etməlidir.
Ətraf aləmlə tanışlıq-öz adını, soyadını, ata adını, öz doğma şəhərini, ölkəsini, vətənini, dövlət rəmzlərini, ilin fəsillərini, saatı, həftənin günlərini, nəqliyyat vasitələrini tanımalı, təbiət hadisələrini ayırd etməli, günün hissələrini adlandırmalı, canlı və cansız aləmi fərqləndirməli, bədən hissələrini, geyimləri fəsillərə uyğun olaraq tanımalı, musiqi alətləri və idman növlərini bilməlidir.
5-6 yaşlı uşaq aşağıdakı suallara cavab verməyi bacarmalıdır. Bu suallar əsasında biz onun ətraf aləmə, məktəbə olan münasibətini aşkara çıxara bilərik:
1. Adını, soyadını, ata adını söyləyə bilərsən?
2. Sənin neçə yaşın var?
3. Valideynlərinin adını və soyadını deyə bilərsənmi?
4. Sənin yaşadığın şəhər necə adlanır?
5. Harada yaşayırsan?
6. Sənin bacın və qardaşın varmı?
7. Sənin valideynlərin harada işləyir?
8. Sənin dostların varmı, adlarını deyə bilərsən?
9. Dostlarınla yayda və qışda hansı oyunları oynayırsan?
10. Sən hansı qız və oğlan adlarını tanıyırsan?
11. İlin fəsillərini və həftənin günlərini deyə bilərsənmi?
12. İndi ilin hansı fəslidir?
13. Qış fəsli yay fəslindən hansı xüsusiyyətləri ilə fərqlənir?
14. İlin hansı fəslində ağaclar yarpaqlarını tökür?
15. Hansı ev heyvanlarını tanıyırsan?
16. Toyuğun balası necə adlanır?
17. Şəhər və kəndin fərqi nədir?
18. Vəhşi heyvanların ev heyvanlarından fərqi nədir?
19. Qışlayan quşların köçəri quşlardan fərqi nədir?
20. Sən məktəbdə oxumaq istəyirsən?
21. Oxumaq nə üçün lazımdır?
22. Hansı peşə növlərini tanıyırsan?
23. Sən böyüyəndə kim olacaqsan?
24. Hansı peşəni daha çox xoşlayırsan?
Nəticənin qiymətləndirilməsi:
Əgər uşaq 20 suala düzgün cavab veribsə, bu, yüksək intellektin göstəricisidir, 18-11 orta, 10 və daha az suala cavab isə aşağı göstəricidir.
Övladınızın məktəbə sevinərək getməsini istəyirsinizsə, o zaman aşağıdakı qaydalara nəzər salın:
- Ondan hər şeyi tez bir zamanda tələb etməyin. Onun qavrama sahəsini nəzərə alın. Bu prosesdə sizin ona dəstəyiniz lazımdı.
- Uşağa səhv etməyə imkan verin. Elə etməlisiniz ki, o səhv etməkdən qorxmasın. Uşağın hər kiçik uğurunu qiymətləndirməyə çalışın. Hər hansı bir tapşırıqda çətinlik çəkdiyi zaman ona kömək edin, lakin köməklik edən zaman bütünlükdə onun işini yerinə yetirməyin.
- Uşağın ev tapşırıqlarını yerinə yetirməsi üçün lazım olan bütün ləvazimatları alın.
- Yorulduğu zaman ona istirahət etməyə vaxt verin.
- Uşağın istirahəti ilə təhsilinə paralel şəkildə yanaşın.
- Uşağın günlük rejiminə diqqət edin.
- Çalışın övladınızla düzgün ünsiyyət növünü seçin. Yəni asta, sakit tempdə onunla söhbət aparın, əsla aqressiv davranmayın.
- Övladınızla daha çox ünsiyyət qurmağa çalışın, bu zaman onun sizə daha çox suallar verməsinə şərait yaradın və həmin sualları ətraflı cavablandırmağa çalışın.
- Əgər uşaq ev tapşırığını yerinə yetirmək istəmirsə, bu zaman siz valideyn kimi öz fantaziyanızı işə salmalısınız. Əsla onu qorxutmağa və yaxud cəzalandırmağa cəhd etməyin.
- Uşağın dünyagörüşünü artırmaq üçün ətraf aləmdə gördüyü hər bir şey barədə ondan məlumat almağa çalışın. Bunu oyun formasında da etmək olar.
- Məktəb haqqında onda müsbət fikirlər oyatmağa çalışın.
- Uğurun və uğursuzluğun tərəflərini düzgün izah edin.
- Övladınızla olan hər saniyənizdən səmərəli şəkildə istifadə etməyi bacarın.
Kiçik inkişafetdirici oyunlar:
- Uşağın kürəyinə barmağınızla hər hansı bir fiqur, hərf yaxud rəqəm yazın. Uşaq bunu tapmağa çalışmalıdır. Bu, diqqətin inkişafına yüksək təsir göstərir.
- Sehirli söz oyunu-həm diqqətin inkişafına təsir göstərir, həm də uşağı nəzakətli sözlər işlətməyə motivə edir. Məs: Mənə dəftər ver. Zəhmət olmasa mənə dəftəri verə bilərsən?
Uşaq bu zaman diqqətli olmalıdır ki, birinci təlimatı yox, ikinci təlimatı yerinə yetirsin.
Sonda isə valideynlərə demək istərdim ki, çalışın övladınıza müəllim rolunu deyil, sevimli valideyn obrazını nümayiş etdirəsiniz. Heç vaxt uşağın nailiyyətlərini sinif yoldaşları, özündən böyük bacı, qardaşı ilə müqayisə etməyə çalışmayın. Bu uşağın özgüvəninin aşağı düşməsinə və motivasiyasının olmamasına səbəb olacaq. Övladınızın həyatının ən gözəl illərində ona dəstək olmağı unutmayın. Bu yolda hər birinizə uğurlar!!!