Valideyinlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır.
Bu gün orta boy səviyyəsi kişilər üçün 175-177 sm, qadınlar üçün isə 163-166 sm hesab olunur.
Gəlin, inkişafdan ləngimənin əsas səbəblərini araşdıraq və boyu artırmaq üçün nəzərdə tutulmuş prinsiplərdən yararlanaq.
Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
- Uşaqda hər-hansı bir xroniki xəstəliklərin olması
- Qeyri-rasional birtərəfli qidalanma
- Orqanizmdə qurd-parazitin olması
- Fiziki hərəkətsizlik -hipodinamiya
- Psixoloji travmalar
- Boy hormonunun defisiti
- İrsiyyət
Uşağın boyunu artırmaq üçün nə etməli?
- Düzgün balanslanmış qida: rasionda meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət-balığı artırmaq, xəmir xörəklərini, şirniyyatı, konservantları isə azaltmaq lazımdır. Rasionu xüsusən kalsium, sink, A, E, D vitaminləri ilə zənginləşdirmək məsləhətdir. Sink mineralı, əsasən oğlan uşaqların boy artımına və ümumi inkişafına müsbət təsir göstərir. Mal əti, quş əti, boranı tumları, buğda kəpəyi və paxla bitkiləri sink ilə daha zəngindir.
- Fiziki aktivlik, bəzi idman növləri: üzgüçülük, basketbol, yüngül atletika boyu stimullaşdırır, əksinə, ağır atletika, güləş kimi idman növləri – ləngidir.
- Tam normal yuxu vacibdir. Uşaqların yuxuda böyüməsinin elmi əsası var. Aparılan tədqiqatlar göstərilmişdir ki, boy hormonu yuxu zamanı formalaşaraq ifraz olunur. O səbəbdən, vaxtında yatmaq və yuxudan doymaq çox vacib amildir.
- Günəş şuaları və təmiz hava. Uşaqların və yeniyetmələrin aktiv inkşafı üçün bol günəş və hava lazımdır. Təmiz havada, erkən günəş işığı altında gəzişmək və gün götürmək insan orqanizmi üçün çox önəmlidir çünki, səhər tezdən günəş şüaları dəridə daha fəal D vitaminə çevrilərək, uşagın fiziki inkişafına, xüsusilə də dayaq-hərəkət sisteminə müsbət təsir göstərir.
- Mədə-bağırsaq sistemi fəaliyyətinin normal olması. Hamıya məlumdur ki, insan orqanizmin inkişafı üçün lazım olan nutriyentlər (vitaminlər, minerallar, züllalar, yağlar və s.) mədə-bağırsaq traktı vasitəsilə orqanizmə daxil olur. Bu səbəbdən, həzm sisteminin qaydada olması gələcək nəslimizin sağlamlığının bünövrəsidir. Qurd-parazitlər, mədə-bağırsağın, öd kisəsinin, qaraciyərin iltihabi zədələnmələri həzm sistemini pozaraq, uşağın inkişafına nəzərə çarpan dərəcədə mənfi təsir göstərir.
Əziz valideyinlər, bu sadə məsləhətlərə riayət etsəniz, övladlarınızın sağlamlığı və gözəl görkəmi sizə daim sevinc bəxş edəcək!
Doktor Şəhla Rüstəmova