Müharibə reallığını uşaqlara necə öyrətməli?

Müharibə xəbərləri illərdir gündəmimizdədir. Şübhəsiz ki, dünyanın ən ağrılı reallıqlarından biridir və bu çətin məsələni uşaqlara izah etmək böyük məsuliyyət tələb edir. İstər-istəməz bir çox media kanalı vasitəsilə biz, eləcə də uşaqlar bu məsələdən xəbərdar olur, anlamasalar da həmin görüntülərin təsiri ilə narahatlıq yaşayırlar. Bu da öz növbəsində “müharibə” anlayışı ilə maraqlanmalarına səbəb olur. Əlbəttə ki, belə həssas məsələ ilə bağlı məlumat vermək kifayət qədər çətin olsa da, uşaqların yaş qruplarına uyğun ifadə vasitələrindən istifadə edərək məsələyə aydınlıq gətirmək olduqca vacibdir.

 

Bəs bunu necə etməli? Müharibəni, həmçinin yaratdığı fəsadları onlara necə başa salmalı?

  1. İlk növbədə övladlarınıza müharibəni izah edərkən onların yaş qruplarını nəzərə almalısınız. Müxtəlif yaş qruplarında olan uşaqların idrak səviyyələri də fərqli olur. Bu səbəbdən mövzunu onların başa düşə biləcəyi dildə aydın və açıq şəkildə müzakirə etməlisiniz. Yəni, müharibəni təsvir edərkən mürəkkəb ifadələrdən qaçmalı, sadə dildən istifadə etməli, onları qorxutmamalısınız.

 

  1. Məktəbəqədər yaşlı uşaqların mücərrəd anlama bacarıqları hələ tam formalaşmadığından, onların empatiya bacarıqları da buna uyğun gec inkişaf edir. Burada valideynlərin üzərinə düşən ən böyük vəzifə uşaqları empatiyaya təşviq etməkdir. Müharibənin insanlar arasında nifaq saldığını, sülhün və hörmətin nə qədər vacib olduğunu vurğulamalısınız. Uşağın anlaya biləcəyi nümunələr verməklə vəziyyəti vizuallaşdırmağına kömək edə bilərsiniz.

 

  1. Mövzuya maraq göstərən uşaqlara müharibə anlayışını izah edərkən səs tonunuza, jestlərinizə fikir verməlisiniz. Valideynlərin həddən artıq emosiya ilə ötürdüyü məlumatlar uşaqlarda düzəlməz izlər buraxa bilər. Uşaqların yanlış mənbələrdən təhrif olunmuş məlumatları öyrənməkdənsə, etibar etdikləri ailə üzvlərindən məlumat əldə etmələri onlar üçün daha yaxşıdır. Bu səbəbdən uşaqlarınıza maraqlandıqları mövzu ilə bağlı sual vermək şəraiti yaradın. Onları səbirlə dinləyin və suallardan qaçmayaraq cavablandırmağa çalışın.

 

  1. Övladlarınızın psixoloji sağlamlığını qorumaq məqsədi ilə müharibəni təsvir edərkən, sadəcə mənfi tərəflərini vurğulamaqdansa, insanların necə bir-birinə kömək etdiyini və müharibədən sonrakı bərpa səylərini təsvir edə, ümidverici yanaşma yarada bilərsiniz. Uşaqların şahidi olduqları pis hadisələrdənsə, bir-birinə kömək edən insanların varlığından xəbərdar olması da olduqca vacibdir. Onlara xeyriyyə işlərindən də bəhs edə, buna uyğun olaraq yaza biləcəyi məktub, çəkə biləcəyi bir şəkil kimi seçimlər verə bilərsiniz. Bu cür müsbət hərəkətlər uşağın narahatlıq hisslərini azalda və rahatlamasına kömək edəcəkdir

 

Müharibəni tanımayan, bizim anlatdıqlarımız və gördükləri ilə informasiya əldə edən uşaqlarla yanaşı müharibə ilə qarşılaşmış və onun təsirində qalan uşaqlarda olduqca çoxdur. Bu halda onlara olan yanaşmamız əlbəttə ki, fərqli olmalıdır. Bu haqda daha ətraflı məlumat almaq üçün “Bağçam” Uşaq bağçaları şəbəkəsinin psixoloqu Arifə xanınım fikirlərini öyrəndik.

 

“Müharibə vəziyyətlərində uşaqların həyatındakı qeyri-müəyyənlik onların narahatlıq və qəzəb hisslərini daha da artırır. Bu halda hiss və düşüncələrini ifadə etməkdən yayınan uşaqların problemləri üstüörtülü şəkildə davam edir. Sonda onlar vəziyyətlə mübarizədə tək qalırlar. Buna görə də uşaqların emosional inkişafına dəstək olmaq böyük əhəmiyyət kəsb edir. Belə ki, siz onların gündəlik həyatını mümkün qədər sabit edərək, həmçinin ətraf mühitə alışmasını asanlaşdıracaq amilləri təmin edərək bu inkişafın geriləməsinin təmin edə bilərsiniz. Psixoloji sağlamlığın önəmli olduğu qədər fiziki sağlamlığı da diqqət etməli, hər hansı xoşa gəlməz hal baş verərsə mütəxəssisə getməkdən çəkinməməlisiniz”.