Məktəbəqədər təhsil müəssisələri üçün tərbiyəçi müəllimlərin təkmilləşdirilməsi proqramı – “Master Tərbiyəçi” üçüncü mövsümünü başa vurub. Proqramın bitməsi münasibətilə bağlanış tədbiri təşkil edilib.
“Bağçam” bağçalar şəbəkəsi və “Edu.Co” tərəfindən təşkil edilən proqram üç ay davam edib.
Tədbiri giriş sözüylə “Master Tərbiyəçi” proqramının rəhbəri Xalidə Rzayeva açıb. O, qonaqları salamlayıb və iştirakçılara təbriklərini çatdırıb. Daha sonra təlimçilər də çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.
Bağlanış tədbirində təlimçilərə təşəkkürnamə, proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara isə sertifikatlar təqdim edilib.
Proqram rəhbəri Xalidə Rzayeva təlimlərin istiqaməti və mövzuları barədə Bagcam.az-a məlumat verib:
“Burada tibbi, psixoloji istiqamət, eləcə də fövqəladə hallarda davranış qaydaları, həmçinin şəxsi inkişaf istiqaməti üzrə zamanın, stressin idarə olunması, konflikt menecer, natiqlik, ünsiyyət bacarıqları təlimləri iştirakçılarla bərabər keçirildi. Pedoqoji bölmədə məktəbəqədər təhsilə aid təlimlər ardıcıllıqla keçirildi, həmçinin əmək qanunvericiliyi, məktəbəqədər təhsilin qanunvericiliyi də təlimi də keçirildi”.
Təlim müddəti bitdikdən sonra 15 iştirakçı bir ay ərzində “Bağçam” bağçalar şəbəkəsinə daxil olan “İndigo” Nərimanov, “Baby Star”, “İndigo” Əhmədli, “Peter Pan” uşaq bağçalarında təcrübə keçiblər. Təcrübə proqramlarında iştirak isə onların bu sahədə peşəkarlıq səviyyələrinin artmasına və təkmilləşməsinə təkan verib. Proqram yekununda isə iştirakçılar imtahan veriblər.
İmtahandan ən yüksək bal toplayan Gülnarə İsmayılova öz təəssüratlarını bizimlə bölüşüb. O, bildirib ki, imtahanda 86 bal topladığı üçün özünü xoşbəxt hiss edir:
“Başda kollektivə təşəkkürlərimi bildirirəm. Bilmədiyim çox şeyləri öyrəndim, eyni zamanda tətbiq də edirəm. İnşallah gələcəkdə bağçada işləyəndə, öz övladıma düzgün tərbiyəni, nəyi necə etmək lazımdırsa, hamısını düzgün yerinə yetirməyi fikirləşirəm və edəcəyəm də”.
Uzun müddət məktəbəqədər təhsil sahəsində çalışan Rüxsarə Tağıyeva isə bu sahə üzrə yeni biliklər öyrəndiyini söyləyib:
“Çox xoşbəxtəm ki, bu layihədə iştirak etdim, xoşuma gəldi. Buradakı insanlarla tanış oldum, fikir mübadilələri apardıq. Məktəbəqədər təhsilim olmasına baxmayaraq daha çox yeniliklər öyrəndim. Daha gözəl mütəxəssislərdən yeni fikirlər aldım, öyrəndim. Məktəbəqədər təhsilə verilən önəm çox xoşuma gəldi burada”.
Tədbirin sonunda iştirakçılar tort kəsib və xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, “Bağçam” bağçalar şəbəkəsi və “Edu.Co” “Master Tərbiyəçi” proqramının dördüncü mövsümünü keçirməyi planlaşdırır.