“Məktəbəqədər Təhsil müəssisələrinin rəhbərləri öz işlərində, xüsusən, uşaqların bütün təlabatlarına tam cavab verə biləcək praktik və nəzəri təcrübələrdən istifadə etməlidir”.
Bu sözləri “Master Pre-School” layihəsinin rəhbəri Sevda Babanlı Bagcam.az-a müsahibəsində deyib.
O, məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin əməkdaşlar, valideynlər və uşaqlarla davranış formaları haqqında danışıb:
“Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri öz əməkdaşları ilə münasibətdə düzgün korporativ mühit yaradılmasını və bu mühitin hər əməkdaş tərəfindən qəbul edilib qorunmasını təşkil etməlidir. Hər bir müəssisənin dəyərləri olmalıdır və rəhbər bu dəyərlərin dəqiq anlayışını formalaşdırmalıdır. Xüsusilə, məktəbəqədər təhsil müəssisələrinin işçiləri uşaqlarla işləyirlər və bu səbəbdən rəhbərlər işçilərə rahat, sevgidolu, pozitiv mühit yaratmalıdır ki, onlar öz müsbət emosiyalarını gün ərzində uşaqlarla bölüşə bilsinlər. Mənim fikirimcə, narahat, gərgin mühitdə işləyən müəllimə heç zaman uşaqlar üçün düzgün emosional fon yarada bilməz. Rəhbərlər bağçada bütün işi düzgün qurmalı və qorumalıdır. Düzgün iş olan yerdə valideynlərlə iş hər zaman rahatdır. Rəhbərlər valideynlərlə daimi ünsiyyətdə olmalı, uşaqlarla bağlı bütün sual və təkliflər dinlənməli və heç bir sual cavabsız qalmamalıdır. Əslində biz çox xoşbəxt insanıq, çünki uşaqlarla işləyirik və hər zaman onlardan pozitiv emosiya alırıq. Rəhbərlər uşaqlarla ana və ya ata kimi davranmalıdır”.
Sevda Babanlı məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin öz işlərində yeni və uşaqların maraq və tələblərinə cavab verəcək sistemi əsas tutan ölkələrin təcrübəsindən istifadə etməli olduğunu qeyd edib:
“Buraya Finlandiya başda olmaqla, Yaponiya və Amerika kimi qabaqcıl ölkələrin sistemini misal gətirə bilərik. Belə ki, son zamanlarda Finlandiyanın təhsil sahəsində göstərdiyi uğur və irəliləyiş bunun bariz sübutudur. Məncə, hər şeydən öncə uşaqlara fərdi yanaşmaq daha vacibdir. Ancaq bu yolla biz hər uşağa onun qəbul edəcəyi tərzdə bilik və bacarıqları çatdıra bilərik”.
Sevda xanım həmçinin, təhsil müəssisələri menecerlərini hazırlamaq üçün təşkil edilən “Master Pre-School” Hazırlıq Proqramı, eyni zamanda layihənin rəhbərlər üçün faydaları haqqında da geniş məlumat verib:
“Təəssüflər olsun ki, indi Azərbaycanın təhsil sistemində məktəbəqədər təhsil müəssiələrinin rəhbərləri birbaşa yetişdirilmir, amma buna böyük ehtiyac var. Çünki istər özəl, istərsə də dövlət bağçalarının sayı artır və bu bağçalara cavan, enerjili, kreativ idarəçilər lazımdır. Bunları nəzərə alaraq, “Education Management Network” faydalı layihəyə başlayıb – “Master Pre-School”. Bu proqram gələcək bağça rəhbərlərinə lazımlı nəzəri və praktiki bilik və bacarıqları verir. Hazırda, bildiyiniz kimi “Master Pre-School” davam edir və bizim şəbəkəyə daxil olan bağçaların menecerləri də bu proqramda iştirak edirlər. Mənim fikirmcə, bu, qoşulan iştirakçılar üçün əla fürsətdir, çünki canlı nümunə görmüş olurlar. “Master Pre-School” Proqramı çərçivəsində keçirilən təlimlərdə pedaqoji təhsilli, bu sahə üzrə fəaliyyətini davam etdirmək istəyən 18 nəfər iştirak edir. Qeyd edim ki, ümumi treninqlər zamanı maraqlı testlər və oyunlar keçirilir. İştirakçılar beş istiqamət üzrə beş təlim və on seminarda iştirak edirlər. Sonda dörd iştirakçı seçiləcək və daha sonra həmin seçilən iştirakçılar dörd həftə ərzində beş menecer yanında praktika keçəcək.
Mütəxəssislərin təlim və seminarlarda keçdikləri mövzular rəhbərlərə çox faydalı olacaq, çünki təlimçilər məlumatın yalnız nəzəri tərəfini vermirlər. Təlim və ya seminarların böyük hissəsi praktiki keçirilir və rəhbərlər müxtəlif qruplar şəkilində gələcək işlərində səmərəli ola biləcək halları müzakirə edirlər. Bütün təlim və seminarlar xüsusi hazırlanıb və məktəbəqədər təhsil müəssisələrinin işini əhatə edir. Burada söhbət həm marketinq, həm PR, həm də insan resurslarından gedir”.
“Master Pre-School”un hazırlıq mərhələsindən də danışan layihə rəhbəri seminarlar üçün təlimçi axtarmağın xüsusi diqqət tələb etdiyini vurğulayıb:
“Layihədə təlimçi qismində iştirak etmək təklifimizi bir çox tanınmış və təcrübəli mütəxəssislər qəbul edib. Onlar arasında, Nərgiz Seyidzadə – insan resursları idarəedilməsi üzrə mütəxəssis, Fəxri Ağayev – biznes təlimçi; Sübhan Qasımlı – Maliyyə idarə edilməsi üzrə mütəxəssis, Şəmsi Bayramzadə – marketinq üzrə mütəxəssis; Rasif Dünyamalı – idarəetmə üzrə mütəxəssis; Azər Nəzərov – ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis; Orxan Rzayev – sosial media marketinq üzrə mütəxəssis; Sevinc Səmədzadə – konflikt menecment üzrə mütəxəssis Vəfa Şirinova – psixiatr; Tofiq Sadıxov – şəxsi inkişaf üzrə təlimçi; Natavan Quliyeva – kurrikulum üzrə mütəxəssis; Xalidə Rzayeva – təlim üzrə mütəxəssis və Cavid İmamoğlu – şəxsi inkişaf üzrə təlimçi var”.
Sevda Babanlı sonda “Master Pre-School” Hazırlıq Proqramının digər təhsil müəssisələrində keçirilməsinin hələ ki nəzərdə tutulmadığını bildirib. O, qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində olduğu kimi məktəblərdə də bu proqramın tətbiqi və idarəetmənin bu proqram əsasında aparılması arzuolunandır.