“Education Management Network” təhsil idarəetmə şəbəkəsinə daxil olan “İndigo” uşaq bağçasında “Payız” adlı tədbir keçirilib. Bağça tərəfindən təşkil olunan ilk tədbir olmasına baxmayaraq, valideynlərin aktiv iştirakı ilə baş tutub.
Tədbir haqqında Bagcam.az-a müsahibə verən “İndigo” uşaq bağçasının pantomima müəllimi Rafiz Mehdiyev bildirib ki, uşaqlar səhnədə payız fəslində baş verən dəyişiklikləri rəqs, musiqi və teatr vasitəsilə nümayiş etdiriblər:
“Demək olar ki, sentyabrın ortalarından bu tədbirə hazırlıq başlayıb. Bu gün 4-6 yaş arası olan uşaqlarımız daha çox çıxış edirdi. Səhnədə payız rəqsləri, pantomima, mahnılar var idi. Ümumi səhnə və tədbirin özü nağıl üzərində qurulmuşdu. Əhəmiyyəti ondan ibarətdir ki, burada uşaqlara həm musiqi dərsi, həm rəqs, həm teatr keçilir. Öz qrup rəhbərləri uşaqlara şeir, rəqs, teatr bacarıqları, musiqi öyrədirlər və uşaqlar bunu nümayiş etdirirlər. Bununla da, onlar bir az rahatlaşır, komplekslərdən çıxır, özlərini təqdim etmək bacarığına yiyələnir, onlarda özgüvən yaranır”.
Tədbirdə iştirak edən valideynlərdən Qəmər Xəlilova tədbir haqqında təəssüratlarını bölüşüb:
“Bu istər rəqs, istər şeir demək, mahnı oxumaq cəhətdən olsun, bunlar səhnə qabiliyyətlərini daha çox inkişaf etdirməyə başlayır. Yəni çox gözəl idi, çox xoşuma gəldi. Bütün kollektivə təşəkkür edirəm. Bu işdə kollektivə uğurlar arzu edirəm. İnşallah uşaqlarımız üçün də davamı daha gözəl gələcək”.
Digər valideyn Nərmin Əzizova deyib ki, bu kimi tədbirlər uşaqların hərtərəfli inkişafına müsbət təsir göstərir:
“Uşaqların gələcək həyatına, gələcək fəaliyyətinə daha sərbəst özünü ifadə etməyə çox kömək edir. Fikirləşirəm ki, bu cür tədbirlər daha tez-tez olsa, təkcə bizim bağçada yox, bütün bağçalarda olsa uşaqların inkişafına çox gözəl təsir edəcək”.