Yaşadığımız coğrafi ərazidə təbii fəlakətə səbəb ola biləcək ocaqlar mövcuddur.
Bu təbii fəlakətlərdən ən çox təsirlənənlər uşaqlardır. Yetişkin insanlar nə baş verdiyini anlayır və buna uyğun davranırlar. Təbii fəlakətlər uşaqların şüurunda qarşılıq tapmadığı üçün anlaşılmır və qorxuya səbəb olur.
Fövqəladə vəziyyətlərə hazırlıq üçün uşaqları doğru şəkildə məlumatlandırmaq, səbəb-nəticə əlaqəsini onların anlayacağı şəkildə izah etmək, ən əsası özlərinin və ailələrinin təhlükəsiz hiss etmələri üçün düzgün təlimatlandırmaq lazımdır.
Məktəbəqədər yaşlı uşaqlar valideynlərinə daha çox bağlı olurlar. Fövqəladə hal baş verdikdə valideynlər uşaqlardan ayrılmamalı, hətta uşaq təhlükəsiz əraziyə təxliyə edilməli olsa belə, həmin əraziyə gedərək uşağın yanında qalmalıdırlar.
Uşaqlar nə qədər kiçik olsalar da, valideynlərinə baxaraq üzlərindəki qorxu və narahatlığı hiss edə bilirlər. Ona görə də bəzi şeyləri uşaqlardan gizlətməkdənsə, mövcud vəziyyəti danışmaq, onları maarifləndirmək daha faydalıdır.
Valideynlər təbii fəlakətlərlə bağlı soyuqqanlı olmalı, lakin vəziyyətin gerçəkliyinə uyğun övladlarına düzgün məlumat verməlidirlər.
Uşaqları birbaşa xəbərlərə məruz qoymamaq daha yaxşıdır. Çünki xəbər buraxılışlarında hadisələrin episentri, qaynar nöqtələri, zərərçəkənlər daha çox göstərilir və belə məzmun uşaqlar üçün çox sarsıdıcı ola bilər. Uşaqlar hadisə ilə bağlı ətrafdan mütləq nəsə eşidəcəklər. Gündəmlə bağlı uşaqların sualları varsa, cavablandırın, hisslərini ifadə etməsinə köməklik edin.
Unutmaq olmaz ki fövqəladə hallar baş verdikdə tələşa düşmək olmaz. Bu həm özünüz həm də ailəniz üçün təhlükəlidir. Bacardığınız qədər sakit qalıb və mövcud vəziyyətdən düzgün çıxış yolu tapmalısınız.
Zəlzələ baş verən zaman
Evdəsinizsə ;
- Pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanın.
- Eyvana qaçmaq, pəncərədən tullanmaq olmaz.
- Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
- Təkanlar qurtarana kimi içəridə qalın, çölə çıxmaq təhlükəlidir.
- Liftdən istifadə etməyin.
Çöldəsinizsə ;
- Açıq sahəyə qaçın.
- Binalardan uzaqda, elektrik xətlərindən, küçə fənərlərindən və ağaclardan kənar yerdə dayanın.
Yanğın baş verdiyi zaman ;
- FHN-in “112” qaynar telefon xəttinə məlumat verin.
- Yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın.
- Ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun.
- Liftdən istifadə etməyin.
- Döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin.
Daşqın zamanı ;
- Evi tərk edərkən mütləq işığı söndürmək, qazı bağlamaq lazımdır
- Binanın və ya evin yuxarı mərtəbəsinə, damına, çardağına çıxmaq tövsiyə olunur.
- Əvvəlcədən hazırlanmış olan ehtiyat çantasını götürün.