Valideynləri narahat edən problemlərdən biri də uşaqlarda iştahsızlığın olmasıdır. Bu haqda “İndigo” Nərimanov uşaq bağçasının meneceri Cəmilə Kərimova Bagcam.az-a danışıb. Onun sözlərinə görə, iştahsızlığın bir neçə səbəbləri var. Ən əsas səbəb isə uşağın hər istədiyi xörəyi bişirmək və onu dadını bilmədiyi yeməklərdən məhrum etməkdir.
“Uşaqlarda iştahsızlığın bir neçə səbəbləri var. Ancaq əsas 5 səbəbi sadalamaq istərdim.
1. Uşağa hər istədiyi xörəyi vermək olmaz. Məsələn, ana qarabaşaq bişirib, uşaq amma başqa bir yemək istəyir. Ana da tez gedib onun istədiyini bişirir. Artıq uşaq evdə həm “diktatora” çevrilir, həm də həmin yeməyin heç dadını belə bilmir. Uşaq müxtəlif çeşidli yeməklərin dadını bilməlidir. Çeşid azlığı iştahsızlığa gətirib çıxardır. Əslində isə belə olmalıdır: Ana nə bişirirsə, uşaq onu da yeməlidir, əgər yeməsə bir nahar ac qala bilər. İnsan orqanizmi 2-3 gün yeməksiz qala bilər. Əsas odur ki, susuz qalmasın. Burada qorxulu heç nə yoxdur. Acan zaman özü yeyəcək. Təbii ki, uşağın istəklərini də nəzərə almaq lazımdır. Bəzən yemək bişirmədən öncə onun da fikrini öyrənmək, nə istədiyini bilmək şərtdir. Çünki o da bir şəxsiyyətdir.
2. Nahardan yaxud şam yeməyindən öncə nəsə yemək iştahsızlıq yaradır. Bu zaman uşaq lazım olan vaxtda xörək yeməyəcək. Çünki yeməkdən öncə məsələn, şirniyyat yeyir və iştahı yox olur.
3. Uşaqlara individual yanaşmalıyıq. Bəzən uşaq az hərəkət edir, eyni zamanda bir az kökdür. Təbii ki, belə uşaq az yemək istəyəcək. Ancaq idmanla məşğul olan, çox hərəkət edən uşağın iştahı daha yaxşı olur. Çünki onlarda maddələr mübadiləsi düzgün işləyir. Belə bir fakt da var ki, təkcə fiziki yox eyni zamanda zehni işlə məşğul olan zaman uşaqda iştah artır. Aclıq hissi yaranır.
4. Qidanın mütləq qida dəyəri olmalıdır. Yəni müxtəlif ərzaq və xörəklərin kalori miqdarını və qida dəyərini öyrənmək lazımdır. Bəzi analar fikirləşir ki, uşaq hər səhər mütləq şirin çay içməlidir, pendir-yağ yeməlidir. Əslində bu düzgün yanaşma deyil. Uşaq səhər meyvə də yeyə bilər. Meyvənin qida dəyəri şirin çaydan qat-qat çoxdur. Əgər fikirləşirsiniz ki, meyvədən sonra xörək yemək istəmir. Bu pis hal deyil.
5. Uşaqları məcbur yedizdirmək olmaz. Biz tez-tez buna rast gəlirik ki, qaşığı uşağın ağzına güclə qoyurlar. Bu çox səhv bir addımdır. Çünki hər bir yemək zövq gətirməlidir. Əgər uşaq göz yaşı ilə yeyirsə, heç o yeməyin faydası da olmaz. Həmçinin uşaqlar xəstələnəndə onların iştahı aşağı düşür. Bu zaman da onu yeməyə məcbur etmək olmaz. Ancaq su mütləq olmalıdır. Suyun keyfiyyətli olmasına da diqqət etmək lazımdır”.
Cəmilə xanım deyir ki, uşaq düzgün qidalanmasa, fiziki və zehni inkişafdan geri qalar.
“Əgər uşaq normal qidalanmırsa, onda onun orqanizmi bioloji aktiv maddələri, mineral maddələri, vitaminləri, zülalları, makro və mikro elementləri artıq normal qəbul edə bilmir. Bu zaman fiziki və zehni geriləmə baş verir, dırnaqlar qırılır, saç inkişaf eləmir, tökülməyə başlayır. Ümumiyyətlə, hər bir məqamda uşaq inkişafdan geri qalır. Beyin aktivliyi aşağı düşür. Uşaq halsız olur, daim yatmaq istəyir, başgicəllənmə olur”.
Rejimin vacib olduğunu vurğulayan Cəmilə xanım valideynlərə bir neçə məsləhətlər də verdi. O deyir ki, yeməyi bişirən hər kəs ona sevgi qatmalıdır.
“Bizim bağçada hər iki saatdan bir yemək saatı olur. Artıq uşaqlar rejimlə qidalandıqları üçün həmin vaxtda acmağa başlayırlar. Bəzi valideynlər evə gələndə uşağın ac olmasından şikayətlənir. Çünki uşaq rejimə düşüb. Biz axırıncı yeməyi 5-də verdiyimiz üçün uşaq evə getdikdən sonra yemək istəyir. Bu normal haldır. İştahı artırmaq üçün təmiz havada çox gəzmək lazımdır. Çünki uşaq gəzəndə, qaçanda çox enerji itirir. Evin havası da tez-tez dəyişilməlidir. Uşağın iştahını artırmaq üçün yaradıcı yanaşma lazımdır. Məsələn, xörəyi yaxşı bəzəmək olar. Yaxud valideyn yemək bişirəndə övladı ilə birgə hazırlasa, onda uşaqda özünə inam çoxalacaq, həmin xörəyi zövqlə yeyəcək. Bəlkə də həmin xörəyi o sevmir, heç vaxt yemək istəmir. Ancaq özü bişirdiyi üçün mütləq yeyəcək. Süfrə mədəniyyətinin olması da mütləqdir. Stolu bəzəmək, qabları yaxşı düzmək lazımdır. Kimyəvi maddələrlə iştah artırmaq olmaz. Məsələn, itburnu bitkisini dəmləyib uşağa içizdirmək olar. Tərkibində C vitamini olduğu üçün həm faydalıdır, həm də iştahı artırır. Xörəklərdə ədviyyatlardan istifadə etməyə qorxmayın. Təbii ki, çox az miqdarda. Ən vacib məsələni unutmamalıyıq. Uşaqlar üçün ən gözəl nümunə böyüklərdir. Böyüklərdə qidalanma mədəniyyəti yoxdursa, uşaqlardan da bunu gözləmək düzgün deyil. Bəzən valideynlər övladlarına qazlı içkilər, fast foodların ziyanlı olduğundan danışır. Amma ailədə kimsə evə qazlı içki gətirib içəndə, uşaq fikirləşir ki, bu ziyanlıdırsa, valideyn niyə içir? Biz bəzən uşaqları dəyərləndirmirik. Amma əslində uşaqlar böyüklərdən də ağıllı və məntiqli düşünə bilir. Valideyn bəzən deyir ki, övladım heçnə yemir. Amma bağçada yeyir. Çünki bağçada kollektiv olaraq yedikləri üçün başqa uşaqlar ona nümunə olur”.
Televizor qarşısında uşaqların qidalanmasından danışan Cəmilə xanım valideynləri bu üsuldan istifadə etməməyə çağırdı.
“Televizor qarşısında uşağa yemək vermək olmaz. Əgər uşaq televizorun qarşısında yemək yeyirsə, bu zaman piylənməyə meyilli olur. Çünki qida haqqında fikirləşmir və fikri televizordadır. Sadəcə qidanı udmaqla məşğul olur. Nəticədə lazım olduğundan artıq yeyir. Məsələn, valideyn özü uşaqla söhbət etməklə yaxud nağıl danışmaqla ona yemək verə bilər. Valideyn uşaqla üzbəüz oturub ünsiyyətə girirsə, bu daha yaxşı üsul olar, nəinki televizor. Ananın öyrətdiyini televizor öyrədə bilməz”.
Menecerin sözlərinə görə, bağçada da uşaqların iştahının artırılması üçün bir neçə tədbirlər görülür.
“Bağçada xüsusi günlər olur ki, uşaqlar özləri bişirirlər. “Ümumdünya Aşpaz” və “Ümumdünya Kulinariya” günləri keçirilib. Balacalar müəllimlərlə birgə yemək hazırlayırlar. Həm də müəllimlər bütün ərzaqlar haqqında danışırlar. Məsələn, bu kökdür, narıncı rəngdədir. Onun faydalarından danışırlar. Artıq uşaq nə yediyini bilir. Eyni zamanda bağçada bəzi günlər hər hansı bir ölkənin mətbəxinə həsr olunur. Məsələn, “Fransa günü”ndə fransız mətbəxinə aid yeməklər bişirilir. Bu həm uşaqların ağız dadını dəyişir, həm digər ölkələrin mətbəxi ilə tanış olmaq imkanı qazanırlar. Bu ənənəni valideynlər də davam etdirsələr, iştahsızlıq probleminin qarşılaşısını ala bilərlər”.