“Uşaqlar maraq göstərdiyi hər şeydən məlumat və informasiya götürürlər. Cizgi filmlər də bura daxildir”.
Bu sözləri GSR.fm-ə müsahibə verən psixoloq Təhminə Çələbi deyib. O, cizgi filmlərin uşaqların psixologiyasına təsiri barədə də fikir bildirib:
“Uşaqlar bilavasitə cizgi filmindən həyatı öyrənirlər. Biz buna sadəcə animasiya, rəngli qəhrəmanlar kimi baxsaq da, onlar üçün belə deyil. Uşaqlar yaşları kiçik olduğu üçün həqiqətlə nağılı seçə bilmirlər. Onlar cizgi filmləri real həyat kimi qəbul edə bilir və müəyyən emosiyaları ordan öyrənirlər. Həmçinin bunu öz həyatlarında tətbiq etməyə başlayırlar. Bəzən çox sakit təbiətli uşaq birdən-birə aqressiv olur. Valideynlər bunun səbəbini bilmirlər. Uşağın baxdığı cizgi film qəhrəmanı və ya gördükləri onun beyninə həkk olunur və bunu normal davranış kimi təkrarlayır. Buna görə mütləq uşaqların baxdığı cizgi filmlərinə fikir vermək lazımdır.
Hazırda uşaqlar iki qrupa bölünürlər: rus dilli və türk dilli uşaqlar. Əgər valideyn türk seriallarına və ya verilişlərinə baxırsa, uşaq da həmin ölkənin cizgi filmlərinə baxır. Nəticə olaraq 3-6 yaş qrupundakı uşaqlar ya türk ya da rus dilində danışırlar. Uşaq ana dilinin, təfəkkürünün inkişafı üçün öz dilimizdə olan cizgi filmlərə baxmalıdır. Nitq bilavasitə təfəkkürlə bağlıdır. Təbii ki, uşaq cizgi filmlərinə ana dilində baxsa, orda baş verən hər şeyi dərk edə biləcək və nitqi də inkişaf edəcək. Uşaqlarda nitq pozğunluqları, bəzən gec dil açmaq kimi problemlər onun hansı dildə danışacağına qərar verə bilməməsi ilə bağlıdır. Yəni onlar əşyaları hansı dildə adlandıracağını və ya fikirlərini hansı dildə ifadə edəcəyini bilmirlər. Çünki televiziyada, məktəbəqədər təhsil müəssisələrində, eləcə də ailədə fərqli dillərdən istifadə edilir. Heç rus dili bilməyən ailə uşağını həmin dilli bağçaya yazdırır və problem yaranır. Valideynlər düşünür ki, uşaq bu yaşda dili daha yaxşı öyrənir, amma əksinə bu uşaq üçün çətindir. Uşaqların təfəkkürü ana dilində inkişaf etsə, daha sonra müəyyən yaşda xarici dil kimi istədiyi dili seçib öyrənsələr yaxşı olar. Bu səbəbdən cizgi filmlərin ana dilimizdə olması daha xeyirlidir”.
Təhminə xanım həmçinin qeyd edib ki, valideynlər cizgi filmlərinin ssenarilərinə, məqsədinə, uşaqlara çatdırmaq istədiklərinə fikir verməlidirlər:
“Cizgi filmlərinə dırnaqarası yanaşmaq olmaz. Əgər ailədə ata-ana uşağı tərbiyə edirsə, valideynlər üçüncü tərbiyəçi kimi televiziyanı götürməlidirlər. Bəzən televiziya uşaqlara valideynlərdən çox təsir edir. Uşaq bir çox sualların cavabını televiziyada tapırsa, valideyn artıq ona cavabdeh olmur. Çünki o, baxdıqlarından nəticə çıxarır. Cizgi filmə yalnız əyləncə kimi baxmaq olmaz. Uşaqlar valideynlərin baxıb nəticə çıxardığı, seçdiyi cizgi filmlərinə baxsa, gələcəkdə onların şəxsiyyəti daha gözəl formalaşar”.