Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi” təşkil olunub. Tədbir 4-13 sentyabr, 2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən Tədris, İdman və istirahət kompleksində davam edir.
“Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi” haqqında fikirlərini “Baby Star” Uşaq Bağçası və “İndigo” Nərimanov Uşaq Bağçasının layihə rəhbəri və “Education Management Network” şirkətinin direktoru Rasif Dünyamalıyev öz fikirlərini GSR.fm-lə bölüşüb: “Bu tipli tədbir təhsil sahəsində ilk dəfədir həyata keçirilir və təhsil meneceri olaraq, bunu yüksək qiymətləndirirəm. Düşünürəm ki, təhsil sahəsinə gənclərin cəlb olunması təhsil sahəsinin yenilənməsinin göstəricisidir və “yeni beyinlərin” bu sahəyə töhfəsi öz müsbət nəticələrini yaxın gələcəkdə verəcəkdir. Yay məktəbində Azərbaycanın müxtəlif bölgələrindən təhsil sahəsində uğurlu nəticələri olan gənc liderlərin iştirakı çox sevindirici haldır. Bu yeni qəbul olunmuş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrası və yerli icmalara çatdırılması məhz bu gənclərin sayəsində mümkün olacaq və strategiyanın da əsas dəstək verici qüvvəsi kimi bu gənclər çıxış edəcəkdir”.
Rasif bəy qeyd edib ki, təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirmək Gənc Təhsil Liderlərinin yay məktəbinin məqsədidir: “Yay Məktəbinə 22-40 yaş arası, Azərbaycan Respublikasının və ya xarici ölkənin universitetinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclər cəlb olunub. Yay məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, workshop, debat və TEDx formatında aşağıdakı mövzular əhatə olunmaqdadır:
- Təhsil siyasəti
- Təhsildə strateji planlaşdırma
- Təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi
- Təhsildə tədqiqatların rolu
- Təhsildə idarəetmə
- Təhsildə qiymətləndirmə və monitorinq
- Məktəb idarəetməsi və liderlik
- Müəllim hazırlığında innovativ yanaşmalar
- İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi”