Aprelin 17-də “Peter Pan” uşaq bağçasında “Bağçam Valideynlik Forumu”nun növbəti-dördüncü mövsümü baş tutub.
“Güclü Valideynlər, Güclü Uşaqlar – Biz Birgə Böyüyürük” şüarı altında keçirilən forumda 20-yə yaxın valideyn iştirak edib.
Education Management Network və Edu.Co Şirkətinin təşkilatçılığı ilə həyata keçirilən forumda təlimçi qismində psixonevropotoloq Dr. Kamran Salayev, pediatr Dr. Xanım Əhmədova, psixoloq Günel Məhərrəmli çıxış ediblər. Onlar “Uşaqlara cəza və mükafat” (time out), “Bütün uşaqlarda aparılmalı olan müayinələr (Check-up)”, “Ailə konfliktlərinin uşağa təsiri” mövzuları haqqında danışıblar.
Tədbirin təşkilatçısı, “Bağçam Valideyn Klubu”nun koordinatoru Rumiyyə Kərimova keçirilən forum və valideynlərin marağı barədə Bagcam.az-a məlumat verib:
“Forumun keçirilməsində məqsəd valideynləri düşündürən, narahat edən mövzular barədə onları maarifləndirməkdir. Çalışdıq ki, bu mövsümdə də valideynləri maraqlandıran mövzular olsun, hətta klub üzvləri arasında sorğu keçirdik və sorğular əsasında onların maraqlarını öyrənməyə çalışdıq. Bir valideyni hər mövsüm yenidən görmək, onların mütəxəssislərə suallar ünvanlaması və s. bu kimi şeylər bir daha onu göstərir ki, valideynlərimizin keçirilən foruma böyük marağı var”.
Forumda çıxış edən “Baby Star” uşaq bağçasının psixoloqu Günel Məhərrəmli forumun əhəmiyyəti barədə Bagcam.az-a danışıb:
“Psixloloji cəhətdən aktual bir mövzu seçdim: ailədaxili konfliktlər və bunun uşaq psixologiyasına təsiri. Bu da valideynlər üçün bir yol oldu. Məncə bir çoxları üçün aydın oldu ki, ailədə münaqişə varsa, uşaq çox əziyyət çəkir. Bu isə onun təhsilinə, sosial sahəsinə mənfi təsir göstərir.
Bu forumlar hər kəs üçün vacibdir. Çünki biz bu forumlar vasitəsilə öz övladımız olmasa belə, müəyyən informasiyamız olacaq, ətrafımızda olan uşaqlara qarşı düzgün yanaşmanı öyrənəcək, yaranacaq hər hansı problemlərin qarşısını ala biləcəyik. Eyni zamanda belə tədbirlərin üstün cəhəti, valideyn üçün marağı ondan ibarətdir ki, burada hər sahənin mütəxəssisi çıxış edir. Onlara dəqiq informasiya, suallarına isə dəqiq cavablar verilir”.
Valideynlər belə forumların tez-tez keçirilməsinin maariflənməyə müsbət təsiri olduğunu söyləyiblər:
İsmayılova Nəzakət:
“Bu forumlara gəlmək daha çox təkmilləşmək, uşaqları düzgün tərbiyə etmək üçün mənə maraqlıdır. İki forumda iştirak etmişəm. Psixoloqların, mütəxəssislərin çıxışı daha çox öz üzərimdə işləməyə kömək edir və mən öyrəndiklərimi artıq evdə, övladlarıma tətbiq edirəm”.
Əzizov Elşən:
“Forumda iştirak etdikcə bunun nə qədər əhəmiyyətli olduğunun fərqinə vardım. Valideynlər burdan çox şey nümunə götürürlər və buradan öyrəndiklərinə uyğun olaraq öz uşaqlarıyla rəftar edirlər. Mən özüm isə bu dəfə “Uşaqlara cəza və mükafat” (time out) mövzusunu daha da dəqiq öyrəndim”.
Tədbir valideyn Əmirzadə Vüsalənin “Bizim uğur hekayəmiz” adlı çıxışı ilə yekunlaşıb.
Qeyd edək ki, bundan əvvəlki forumlarda “Uşaq inkişafında valideynlərin rolu: ünsiyyət və oyun”, “Ailə tiplərinə əsasən uşaqlarda davranış problemləri və həlli yolları”, “Uşaqlarda nitq inkişafı problemləri və həlli yolları”, “Uşaqlarda sağlamlıq problemləri və sağlam qidalanma”, “Ata modeli və uşağın şəxsiyyətinin formalaşmasında atanın rolu”, “7 yaş krizisi dövründə olan uşaqların motivasiya edilməsi”, “Məktəb seçimi zamanı diqqət edilməli olan məqamlar” kimi mövzulara toxunulub.
[maxgallery id=”5294″]