Dekabrın ayının 18-də “İndigo” uşaq bağçasında “Bağçam Valideynlik Forumu”nun ikinci mövsümü keçirilib. “Güclü Valideynlər, Güclü Uşaqlar – Atalar buradadır” şüarı altında olan forum “Education Management Network” və “Edu.Co”nun təşkilatçılığı ilə baş tutub.
Forumda “Ata modeli və uşağın şəxsiyyətinin formalaşmasında atanın rolu”, “Ata gəl oynayaq – Nə? Harada? Nə zaman? Zəka oyunları və onların növləri” mövzuları müzakirə edilib, həmçinin “Klassik və müasir tipli ataların debatı” aparılıb.
“Education Management Network” və “Edu.Co”nun rəhbəri Rasif Dünyamalıyev bildirib ki, forum uşaq inkişafında atanın rolu mövzusunu əhatə edib. Rasif bəyin sözlərinə görə “Bağcam Valideynlik Forumu”nun keçirilməsində məqsəd güclü valideynlərin formalaşdırılmasıdır:
“Güclü valideynlər olduğu zaman uşaqlar da güclü olacaq. Onlar da öyrənməyə həvəsli, tərbiyəli, standartlara cavab verən və motivasiyalı uşaqlar olacaq. Bu məqsədlə birinci tədbirimizi keçirmişdik, orada daha çox anaların üstünlüyü olduğuna görə həmin tədbirin yekununda qərar verdik ki, ikincini “Atalar buradadır” şüarı altında keçirək. Bundan başqa atalara uşaqları ilə oynamaq üçün tiplər verdik, ümumi müzakirələr apardıq, debatlar apardıq, müasir və ənənəvi ata arasındakı fərqlərdən danışdıq”.
“Ata modeli və uşağın şəxsiyyətinin formalaşmasında atanın rolu” panelində çıxış edən psixoloq Orxan Oruc bu kimi forumların tez-tez keçirilməsinin vacibliyini vurğulayıb:
“Kifayət qədər təcrübəli, intellektli, savadlı və dünyagörüşlü atalar iştirak etdilər. Bu, tədbirin maraqlı keçməsinə səbəb oldu.Tədbirin valideynlər üçün əhəmiyyəti ondan ibarətdir ki, hər bir atanın uşaqların tərbiyəsi ilə bağlı öz təcrübəsini müzakirə etməsi ümumi yanaşmanın, nöqsanların hamısı tərəfindən qəbul olunmasına köməklik göstərir”.
Forumda iştirak edən valideyn Ənvər Əhmədov forumun onun tətbiqetdiyi tərbiyə modelinə yeniliklər qatdığını bildirib:
“Forum mənə göstərdi ki, mənim kimi düşünən bir çox valideyn var, hansı ki, mənim tətbiq etdiyim tərbiyə modelindən istifadə edir. Belə forumların, yığıncaqların keçirilməsi gələcəkdə övladların tərbiyəsində böyük rol oynayır”.
Valideyn Vüsal Məlikov isə tədbir haqqında təəssüratlarının müsbət olduğunu deyib, əlavə edib ki, forum valideynlərə yardımçı olur:
“Forumda müzakirə olunan bütün mövzuların arxasında böyük araşdırmanın, işin dayandığı və buradakı bütün mütəxəssislərin buna ciddi hazırlaşmaqları görünür. Valideynlər öz işlərindən dolayı bu mövzuları araşdırıb özlərinə biliklər qazana bilmirlər.Yəni bunu hazır formada, müzakirə şəklində valideynlərə təqdim etmələri çox sevindiricidir”.
“Güclü Valideynlər, Güclü Uşaqlar – Atalar buradadır” forumunun sonunda bir atanın həyatını əks etdirən pantomim səhnəciyi nümayiş etdirilib.
Qeyd edək ki, “Education Management Network” və “Edu.Co” bundan sonra forumun ayda bir dəfə valideynlərin seçdiyi mövzular əsasında keçirilməsini planlaşdırır.