Uşaqlar hərəkətlidir, kəşf etməyə, araşdırmağa meyllidir və təhlükənin nə olduğunu hələ dərk etmirlər. Güvənli olmayan yerlərdə isə hər an qəza riski ilə üzləşə bilərlər. Xüsusilə də, uşaqların çox olduğu bağçalarda təhlükəsizlik məsələlərinə diqqət edilməlidir. Bəs bağçalarda uşaqların təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görülməlidir?
Bu mövzu ilə bağlı suallarımızı “Education Management Network”-un təlim-tərbiyə işləri üzrə mütəxəssisi Xalidə Rzayeva cavablandırıb. O, ilk olaraq bağçalarda aparılmalı olan təhlükəsizlik tədbirlərindən danışıb:
“Bağçalarda uşaqların təhlükəsizliyinə zəmanət yaratmaq üçün bir sıra mexanizmlər olmalıdır. İlk növbədə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən razılaşdırılmış təxliyyə planı hazırlanmalı və bağçanın hər mərtəbəsində asılmalıdır. Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi yerlərə yanğın söndürmə balonları yerləşdirilməli və bağçalarda yanğın söndürmə guşəsi olmalıdır. Həmin guşə lazımi avadanlıqla təchiz edilməlidir. Bura yanğın baş verdiyi zaman lazım olan torpaq, vedrə, bel kimi vasitələr və ilkin tibbi yardım çantası daxildir. Bağçalarda mütləq təhlükəsizlik çıxışları olmalı və onlardan rahat istifadə edilməlidir.
Bağça əməkdaşları fövqəladə hallar zamanı davranış qaydaları təlimindən keçməlidir. Təcrübə göstərir ki, bağça əməkdaşları bu təlimlərdən keçmədikləri halda daha çox təlaşlanır və lazımi tədbirləri həyata keçirə bilmirlər.”
Mütəxəssis fövqəladə hallarda təhlükəsizlik qaydaları ilə bağlı bağça əməkdaşları ilə yanaşı, valideynlərin və uşaqların da təlimatlandırılmasını vacib hesab edir. O, çalışdığı “Peter Pan” uşaq bağçasında bunun üçün seminarlar keçirildiyini və ailələrə məlumat kitabçası paylandığını bildirir. Uşaqların maarifləndirilməsi isə məşğələ şəklində aparılır.
“Uşaqlar müxtəlif oyunlar vasitəsilə, əyani vəsaitlərlə fövqəladə vəziyyətlərdə necə davranacaqlarını öyrənir və həmçinin, elektrik cihazları ilə təmasda nə etməli olduqlarını bilir. Eyni zamanda müəllimlər bağça daxilində və gəzinti zamanı uşaqları təhlükəsizlik qaydaları ilə tanış edir”.