Deyirlər ki, insanın ən böyük sərvəti onun ailəsidir. Uşaqlara ailə dəyərlərinin ötürülməsi məqsədilə “Education Managment Network”ün tərkibində fəaliyyət göstərən “İndigo” uşaq bağçasında “Ailə günü” adlı tədbir keçirilib.
Tədbirdə sağlam ailə modeli, valideyn-övlad münasibətləri, uşaqlarla səmərəli vaxtın keçirilməsi və bu kimi aktual mövzulara toxunulub.
“İndigo” uşaq bağçasında müəllimə kimi çalışan Cəmilə Orucova tədbir haqqında Bagcam.az-a məlumat verib. Cəmilə xanım bir aydan artıq hazırlaşdıqları tədbirin ssenarisi haqqında danışıb:
“Bayramımız gördüyünüz kimi çox gözəl keçdi. Uşaqlar yaxşı hazırlaşmışdılar. Çox maraqlı mövzu seçmişdik. Biz bu bayramda çalışdıq ailələri birləşdirək. Nənələri, babaları, ataları, anaları dəvət etdik. Bayramın mövzusuna uyğun olaraq uşaqlarla ssenari qurmuşduq. Ailə, atayla, nənəylə, babalarla bağlı ssenari varıydı”.
Tədbirdə balacalar müxtəlif rəqslər, mahnılar və maraqlı səhnəciklərlə ailələri qarşısında çıxış ediblər. Valideynlərin keçirilən yarışlarda iştirakı isə tədbirə xüsusi rəng qatıb.
Tədbirdə nəvəsi Aylini izləmək üçün Qazaxdan Bakıya gələn Şəhla xanım da xoş təəssüratlarını Bagcam.az-la bölüşüb.
“Bu gün uşaqların danışıqları, bütün hərəkətlərin hamısı mənə böyük təəssürat bağışladı. Bu tədbirlərin onların gələcək tərbiyəsində, insan kimi yetişdirilməsində, təfəkküründə böyük rol oynadığını bu gün hiss elədim”.
İncinin anası Vüsalə Əmirova bu tədbirin onun üçün ən gözəl hədiyyə olduğunu söyləyib:
“İncini səhnədə görmək mənə çox xoş oldu. Onun özgüvənlə yeriməyi, şeir deməyi, sözləri ifadə etməyi məni çox rahatladır. Uşaqların inkişafı, həyatda fikirlərini ifadə etmək üçün balaca vaxtından bu səhnələr çox önəmlidir. Bugünkü tədbir də bu məqsədlə təşkil olunmuş tədbirlərdəndir. Hər şey çox gözəl idi”.