Uşaqlıq – şəxsiyyətin formalaşdığı ən vacib dövrdür. Bu illərdə uşaq ətraf aləm haqqında ilkin təsəvvürlər qazanır. Oyun uşağı əhatə edən reallıqdır. Məhz aktiv fəaliyyət etmək tələbatı onu oyuna sövq edir. Oyunda uşağın öyrənmə prosesi çox asan və tez baş verir. Bu baxımdan uşaqlar üçün inkişafetdirici oyunlar böyük əhəmiyyət kəsb edir. Belə ki, inkişafetdirici oyunlar uşaqların nitqini, diqqətini, yaddaşını, məntiqi təfəkkürünü, yaradıcı təxəyyülünü inkişaf etdirir.
İnkişafetdirici oyunların bağça yaşlı uşaqların həyatında rolu barədə bagcam.az saytına “Education Management Network”un təlim-tərbiyə işləri üzrə mütəxəssisi Xalidə Rzayeva məlumat verib:
Oyunların uşaqların həyatında rolu
İnkişafetdirici oyunlar uşaqların həyatında ən məşhur əyləncələrdən biridir. Məktəbəqədər yaş dövründə olan uşaq oyun vasitəsilə rəngləri, fiqurların formalarını, fəsilləri, ayları, hərfləri, rəqəmləri, toplama-çıxma əməllərini və xarici dilləri öyrənir. Parlaq əyani vəsaitlər uşaqların diqqətini cəlb edir və oyuna maraq oyadır.
Əgər uşaq kompüter texnologiyası vasitəsi ilə oyunlara cəlb olunursa, valideynlər unutmamalıdır ki, azyaşlı uşaqlara kompüter qarşısında 10-15 dəqiqədən artıq vaxt keçirmək olmaz. Belə oyunların müddəti uşağın yaşına uyğun olaraq qısa olmalıdır.
Uşaqların inkişafı üçün onlara dəstək olaq
Tapşırığı uşağa təklif edərkən həmin tapşırığın onun gücünə uyğun olub-olmadığını yoxlamaq lazımdır. Çünki yalnız həllini tapdığı tapşırıq uşaqda özünə əminlik hissi yarada bilər. Uşaq tapşırıq vaxtı çətinliklə rastlaşırsa, ona bir qədər dəstək olun, düzgün düşünməsi üçün ipucu verin ki, növbəti dəfə tapşırığın öhdəsindən sərbəst gələ bilsin.
Uşaqdan tapşırığın həlli yolunu soruşun, belə etməklə siz ona öz fəaliyyətini şüurlu izah etməyi öyrədəcəksiniz. Hər dəfə onu həll olunmuş tapşırığa görə tərifləyin, onda tədqiqatçılıq hissini oyatmağa çalışın. Yadda saxlayın, bu gün öyrənmək həvəsini uşağa oyun vasitəsi ilə verirsinizsə, gələcəkdə özü də yeni biliklər qazanmağa can atacaq.
Məntiqi oyunların uşaqlara öyrətdikləri
Oynamaq və eyni zamanda intellekti inkişaf etdirmək möhtəşəmdir. Məntiqi tapşırıqlar uşaqlara toplanmış bilikləri təcrübədə istifadə etməyi, düşünməyi, faktları müqayisə və analiz etməyi, mümkün nəticələri təsnif etməyi öyrədir. Bu bacarıqlar uşaqların gələcəkdə məktəbdə qazandığı uğurlara təsir edəcək.
Məntiqi inkişaf etdirməyin yolu
Ən uğurlu yol – əyləncə yolu ilə, inkişafetdirici oyunlarla maraqlandıraraq uşaqlarda məntiqi təfəkkürü gücləndirməkdir. Çünki oyun uşağa bütün hallarda uyğun gələn yeganə fəaliyyət növüdür.
Uşaqlar üçün “Özün Rənglə”
Uşaqların maraqlarına uyğun seçilmiş “Özün Rənglə” təsvirləri balacalara pozitiv hisslər bəxş edir. Bu proses zamanı uşaq müxtəlif rənglərin köməyi ilə individual aləm yaradır və öz emosional halını rəsmə ötürür, öz şəxsi situasiyalarının modelini yaradır. Həmçinin bu yolla balacanın əl motorikası, detallar üzərində uzun müddət diqqətini cəmləməsi bacarığı, təxəyyülü, yaradıcılığı inkişaf edir. “Özün Rənglə” uşaq psixikası üçün böyük terapevtik effektə malikdir. Belə ki, özünü yaradıcılığa həsr edən uşaq bu dövrdə tez-tez baş verən depressiya təhlükəsindən də uzaqlaşır.
Uşaqlarda diqqəti inkişaf etdirməyin yolu
Məktəbəqədər və məktəb dövründə uşaqların diqqət əksikliyinə və daim diqqətinin yayınmasına tez-tez rast gəlinir. Bu halların qarşısının alınması üçün diqqəti inkişaf etdirən “Fərqi tap”, “Əşyanın digər tayını tap” kimi oyunlar təşkil etmək lazımdır.
Yaddaşı inkişaf etdirən oyunlar
Yaddaş uğurlu təlimə gedən birbaşa yoldur. Mütəmadi olaraq yaddaşı möhkəmləndirən oyunlar oynamaq uşağın məktəb dövründə əldə edəcəyi uğurlara zəmin yaradır. Tapmacalar, müxtəlif rebuslar (sözlərin şəkillərlə təqdim olunması), “Yadda saxla və tap” kimi oyunlar balacaların yaddaşını inkişaf etdirir. Əgər uşağın həvəsi şahmat oyununa yönəlsə, yaddaşın möhkəmlənməsi baxımından gözəl nəticə əldə etmək olar.
Uşaqlar üçün “Puzzle”ın faydaları
“Puzzle”lar faydalı inkişafetdirici oyunlardır. Bu oyun vasitəsilə uşaqda kiçik motor, fantaziya, rəng anlayışı, səbr, dözümlülük, müşahidəçilik və diqqətini bir yerə toplamaq bacarığı inkişaf edir.