Bağça seçərkən nələrə diqqət etmək lazımdır?

Bağçalar uşaqların təhsilində, emosional və sosial inkişafında birbaşa təsir etdiyi üçün bağça axtararkən və bağça heyəti ilə görüşməyə gedərkən əsas məqamları öncədən aydınlaşdırmaq lazımdır.
Seçdiyiniz bağçada təkcə müəllim heyətinin deyil, bir bütün olaraq kollektivin yaxşı olmasına üstünlük verin. Çünki bağçada uşaqlarla təkcə müəllimlər deyil, həmçinin dayələr, psixoloqlar, həkimlər və digər işçilər də ünsiyyət qurur.
Bununla belə ən əsası uşağınızın müəlliminə sevgi duymasıdır.
Müəllimdə əsas bu keyfiyyətlərin olmasına önəm verin: ideal müəllim savadlı, dünyagörüşlü, mehriban, gülərüz və ən əsası ilham verici olmalıdır.

Uşağın qurduğu və xoşbəxt olduğu xəyallar onun yaradıcılığını təşviq edir. Bir müəllim də bu yolda uşağın ən yaxın dəstəkçisi olmalı və onun yaradıcı fikirləşməsi üçün ilham verməlidir.
Düşünün, təyyarələr kəşf olunmazdan əvvəl bu fikir uşaqların xəyallarında yaşayırdı.
Axtardığınız bağça oyunlarla öyrətməlidir.

Uşaqlar ancaq oynamaq və əylənmək istəyir. Onlar üçün öyrənməyin ən effektiv yolu da elə oyun və əyləncə ilə öyrənməkdir. Bağça ilə yaxından tanış olarkən dərs proqramlarını mütləq gözdən keçirin – nə öyrədirlər və necə öyrədirlər?

Valideynlərdən soruşun – onlar sizin üçün ən yaxşı resursdur. Həmin bağçanı niyə seçiblər, ən çox nəyi bəyənirlər, ən çox nədə narazılıq duyurlar – bütün bunlara ən dolğun və səmimi cavabları valideynlərdən ala biləcəksiniz.
Nəticə olaraq müəyyən bağçanı seçərkən oranı ziyarət etdikdə müşahidə edin:
Tərbiyəçilər, dayələr uşaqlarla necə ünsiyyət qurur, uşaqlar orada necə vaxt keçirir, əylənirlərmi, xoşbəxtdirlərmi, qidalanmaları necədir, gündəlik menyuda faydalı yeməklər varmı – bütün bunlara özünüz nəzərdən keçirin və belə bir tələbiniz olduğunu bağçaya bildirməkdən çəkinməyin.