“Bağçalarda yeməkləri hazırlayarkən təmizliyə riayət etmək lazımdır. Uşaqlar bizim gələcəyimizdir. Onlar təmiz və keyfiyyətli qidalanmalıdırlar”.
Bu sözləri “İndigo” uşaq bağçasının aşpazı Rasimə Məmmədova bağçada uşaqların düzgün qidalanması ilə bağlı Bagcam.az-a verdiyi müsahibədə deyib. O, bildirib ki, uşaqlar üçün yemək hazırlayarkən ərzaqlardan düzgün istifadə etmək lazımdır:
“Hər ərzaq öz qaydasında hazırlanarsa, həm qida orqanizm üçün zərərsiz olar, həm də kalorisi yerində qalar. O kalorini isə orqanizmimiz lazımınca götürər.
Bunu nizamlamaq üçün bağçalardakı aşpazlar mütləq təcrübəli olmalıdır. Yəni, hər insan uşaq bağçasında aşpaz ola bilməz. Bunun üçün aşpazlarımız mütəxəssislərin yanında təlim keçməlidirlər. Həmin təlimlərdə ərzaqlardan düzgün istifadə etmək qaydasını öyrənməlidirlər”.
Qida təhlükəsizliyini təmin etmək üçün “İndigo” uşaq bağçasında hansı tədbirlər görülür?
– Əvvəlcə deyim ki, ərzaqlardan düzgün istifadə olunsa, hər hansı təhlükə baş verməz. Biz soyuducuya ərzaqları ayrı-ayrılıqda yerləşdiririk. Məsələn, göyərtilər olan yerdə ağartı məhsulları, ağartı məhsulu olan yerdə isə meyvə-tərəvəz olmur. Bundan başqa əti soyuducudan çıxaran kimi qaynatmırıq, bu, düzgün deyil. Mən müşahidə etmişəm başqa aşpazlar yeməklərdə keşnişdən istifadə edirlər. Biz heç vaxt qaynar yeməklərdə keşnişdən istifadə etmirik. Bütün aşpazlara da bunu məsləhət görürəm ki, keşnişi qaynatmasınlar və isti yeməklərə əlavə etməsinlər, çünki keşniş qaynadıqca tədricən zəhər buraxır. Bağçamızda həmçinin, təhlükəsizliyin təmin olunması məqsədilə süd və süd məhsullarına da diqqət edirik.
Bağçada menyu nəyə əsasən tərtib olunmalıdır?
– Bağçalarda menyu həkim tərəfindən hazırlanmalıdır. Kalori, qram hesablandıqdan sonra menyu bağçaya təqdim edilməlidir. Məsələn, biz menyunu həkimlə müzakirə edib, bağça rəhbərliyi ilə birgə qərarlaşdırdıqdan sonra tərtib edirik. Ən əsası da menyuda uşaqlarımızın xoşladığı yeməklər olmalıdır. Yəni, uşaqlarımız onu bəyənərək yeməlidirlər.
“İndigo” uşaq bağçası olaraq biz may ayında xəmir, balıq yeməklərini menyudan çıxaracağıq. Yay mövsümündə bu təamlar menyuda olmayacaq. İyun ayında borşu menyudan çıxarıb göyərtili, tərəvəzli yeməklərə üstünlük verəcəyik. Yayda kələmi, təzə çıxan kartofu, çiyələyi, alçanı menyuya əlavə edəcəyik.
Uşaqların yaşına görə menyuda hansı fərqlər olur?
– Körpə uşaqların qidanı rahat çeynəməsi üçün şorbanı blendrdən keçiririk. Onlar üçün belə daha rahat olur. Altı yaşlı uşaqlarla iki yaşlı uşaqların yedikləri yeməklərin qramında mütləq fərqlər olur. Yoğurtlarda fərq qoymuruq. Hər uşaq 150 qram yoğurt qəbul eləməlidir. Bundan başqa balaca uşaqlara 60, böyüklərə isə 70-80 qram şirə içiririk. Çay və kompot norması 150 qramdır. Axşam yeməkləri günorta yeməklərinə nisbətən çox olur.
“İndigo” uşaq bağçasında uşaqların qidalanması necə həyata keçirilir?
– Bizim bağçada gündəlik beş dəfə qidalanma var: Səhər qidalanması saat 08:30-09:30 arası olur. Bura müxtəlif sıyıqlar, cemlər, pendir, yağ, bal və doşab daxildir. Təbii ki, bu, mövsümə uyğun olaraq dəyişir. Saat 10:30-da meyvə saatıdır. Günorta yeməyi isə 11:30-da başlayır. Buna da əsas və ikinci yemək daxildir. Əsas yemək müxtəlif şorbalardan, ikinci yemək isə toyuq və mal ətindən hazırlanan yeməklərin yanında verilən qarnirlərdən ibarətdir.
15:00 isə şirniyyat vaxtıdır. Bu vaxt uşaqlar çay içir, özümüzün hazırladığımız yoğurt və müxtəlif şirniyyatlardan dadırlar. Çay olanda yoğurt vermirik. Axşam yeməyi isə 16:30-da balaca qruplar, 17:00-da isə böyük qruplar üçün olur. Bu zaman mütləq yeməyə ət əlavə olunur, çünki uşaqlar doymalıdırlar.
Uşaqlarda sevmədikləri qidalara qarşı necə həvəs yaradırsınız?
– Daha çox uşaqların bəyəndiyi qidalara üstünlük veririk. Sonra isə tədricən sevmədikləri, lakin vitaminli olan yeməkləri onlara elə təqdim edirik ki, uşaqlar onu da sevirlər. Məsələn, uşaqlara kök şirəsi verəndə sevmirdilər. Sonra isə həkimimiz vasitəsilə onları mükafatlandırmaqla həmin şirəni sevdirdik. Uşaqlar yeməkləri sevə-sevə yeyirlər, qablarında yemək qalmır.
Sonda Rasimə xanım uşaq bağçalarında işləyən aşpazlara tövsiyələrini verməyi də unutmur:
“Bütün uşaq bağçalarının aşpazlarından xahişim var: “Uşaqlara sevgiylə qulluq edin. Ət və ət məshullarından düzgün istifadə edin”. Onlar düzgün qidalanmalıdırlar ki, dərslərini də düzgün qavrasınlar. Düzgün qidalanan uşaq gələcəkdə sağlam böyüyəcək”.