Məktəbəqədər təhsil kurikulumuna və uşaq inkişafı nəzəriyyələrinə əsasən təlimin planlaşdırılmasında, tərbiyə prosesində ailələrlə əməkdaşlıq mühüm rol oynayır, pozitiv dəyişikliklərə təkan verir.
Müasir dövrdə valideynlərin demək olar ki, əksəriyyəti həftənin 5 gününü işləyir. Şənbə və bazar günləri isə dincəlmək istəyirlər. Ona görə uşaqlar onlara yaxınlaşan kimi telefon, planşet və s. verib onları susdururlar. Bu isə uşağa həm fiziki, həm də psixoloji cəhətdən mənfi təsir göstərir.
Buna görə də “Baby Star” uşaq bağçası “İdeal ailə” adlı müsabiqə keçirmək qərarına gəlib. Müsabiqənin keçirilməsində məqsəd valideynləri uşaqlarına vaxt sərf etməyə çağırmaq və onların bağça ilə əməkdaşlığını təkmilləşdirməkdir. Zeynəbin anası Dinara Mustafayeva müsabiqə ilə bağlı öz təəssüratlarını bölüşüb:
“Tədbir çox yaxşı keçdi. İstəyirəm ki, belə tədbirlər tez-tez təşkil olunsun, çünki uşaqlar çox inkişaf edirlər. Biz işləyirik. Ona görə də uşaqlarımıza çox vaxt ayıra bilmirik, onlarla vaxt keçirə bilmirik. Bağça tərəfindən belə addımların atılması bizi çox sevindirir. Ən azından istirahət günlərində bağça bizi bir araya gətirir, nəticədə uşaqlarımızla maraqlı, dəyərli vaxt keçiririk. Bağçaya uğurlar arzulayıram”.
Belə tədbirlərin keçirilməsinin başqa müsbət tərəfi də odur ki, uşaqlar valideynlərindən dəstək aldıqları üçün çox sevinir və xoşbəxt olurlar. Bu isə onların sonrakı mərhələdə təlim-tərbiyə prosesinə müsbət təsir edir. Murad və Nərminin anası Aytən Əliyeva düşünür ki, belə müsabiqələrin keçirilməsi uşaqları valideynlərə daha da yaxınlaşdırır:
“Uşaqlarımızla birgə maraqlı anlar keçirdik, istirahət etdik. Tədbirin adı “İdeal ailə” idi. Hesab edirəm ki, uşaqlarımıza vaxt ayırıb onlara gözəl təəssüratlar yaşada bildiksə, biz həqiqətən də ideal ailəyik. Təbii ki, münasibətlərimizin daha sıx, ideal olmasında “Baby Star” bağçasının da rolu böyükdür. Buna görə də bağçamıza dərin minnətdarlığımı bildirirəm”.
Xalidə və Mədinənin atası Tural Əsgər də tez-tez bu cür müsabiqələrin keçirilməsinin tərəfdarıdır:
“Uşaqlardan çox bizə maraqlı oldu. Yəqin ki, müntəzəm olaraq belə tədbirlər keçiriləcəkdir. Biz də vaxt tapıb iştirak etməyə hazırıq. İstənilən halda biz çalışırıq ki, uşaqlarımıza vaxt ayıraq. Bağça tərəfindən belə tədbirlərin təşkil olunması uşaqlarımızla münasibətlərimizə müsbət təsir göstərir. Bəlkə də bağça belə maraqlı tədbirlər təşkil etməsə uşaqlarımızla daha az vaxt keçirərdik. Buna görə də “Baby Star” bağçasının kollektivinə təşəkkürlərimizi bildiririk”.
Qeyd edək ki, müsabiqə fevral ayı ərzində şənbə günlərində mərhələlərlə keçiriləcək. 28 fevral tarixində final görüşündə “İdeal Ailə” müəyyən olunacaq. Finalda qalib gələn ailələr növbəti ayın təhsil haqqı ödənişində müəyyən faiz güzəştlər qazanacaqlar.