“Education Management Network” şirkətinin təsisçiliyi, təhsil mütəxəssisi Rasif Dünyamalıyev və uşaq bağçasının rəhbəri Samirə Muxtarovanın təşəbbüsü ilə, “Bağçam” jurnalının ilk sayı işıq üzü görüb.
Azərbaycan dilində nəşr olunan və 44 səhifədən ibarət olan jurnalın baş redaktoru Samirə Muxtarova jurnalın əsas məqsədindən danışıb. Onun sözlərinə görə, jurnal valideynlərin maarifləndirilməsi və onlara məktəbəqədər təhsil müəssisələri ilə bağlı məlumatları çatdırmaq məqsədi ilə nəşr olunub.
“Bildiyiniz kimi, bagcam.az saytımız var, və biz düşündük ki, “Bağçam” adında jurnal da nəşr edək. Biz maarifləndirmə təbliğatını əsas hədəf kimi götürmüşük. Məqsədimiz də odur ki, bu təbliğatı hər tərəfli- həm sayt, həm də bağçalar daxil olmaqla aparaq. Valideynlərlə mütəmadi görüşməkdən, uşaqları təhsilləndirməkdən əlavə, bunun bir jurnalı da olsun istədik”.
Valideynlər üçün nəzərdə tutulan bu jurnalda “Sənət və Ailə”, “Təhsil”, “Məsləhət”, “İş və Ailə”, “Bilməli”, “Sağlam qida”, “Maraqlı”, “Sağlamlıq” və “Gülə-gülə” bölmələri yer alır. Eyni zamanda hər bölməyə aid uşaq inkişafı üzrə mütəxəssilər mütəmadi olaraq jurnalda öz rəyləri və məsləhətləri ilə çıxış edəcəklər. Jurnalın yazarları da, məhz uşaq inkişafı üzrə mütəxəssislər, psixoloqlar, psixoterapevtlər olacaq.
Samirə xanım deyir ki, əgər valideynləri narahat edən suallar varsa, jurnalın mütəxəssislərinə ünvanlaya bilərlər:
“Jurnalda davamlı olaraq mütəxəssislərin uşaq tərbiyəsi, təhsili ilə bağlı rəylərini də yerləşdirəcəyik. Uşaq sağlamlığında, qidalanmasında ən önəmli şeylər nədir, yəni daha çox bunları diqqətimizdə saxlıyacağıq. Hətta jurnalda valideynləri narahat edən suallarla mütəxəssislərə müraciət edə bilmələri üçün yer ayırmışıq. O bölmələrdə, mütəxəssislər onları cavablandıracaqlar. Bununla yanaşı, jurnalı daha da maraqlı etmək üçün müsahibələr yerləşdirməyə qərar vermişik. Bu müsahibələr “Sənət və Ailə” bölməsində yer alacaq. Müsahiblər isə, işində kifayət qədər uğur qazanmış insanlar olacaq. Onlar iş və ailənin bir arada necə idarə edilməsindən danışacaqlar”.
Redaktorun sözlərinə görə, jurnalın nəşrində valideynlərin əməyi danılmazdır. Elə jurnalın ilk sayında valideynlərin maraqlı məqalələri “Ana gündəliyi” rubrikasında dərc olunub. Eyni zamanda uşaqların da rolundan danışan Samirə xanım jurnalda yerləşdirilən şəkillərin “İndigo” Nərimanov, “Baby Star” uşaq bağçalarına aid olacağını xüsusilə vurğuladı:
“Bağçam” jurnalında heç bir internet şəklindən istifadə olunmayacaq. Elə öz bağçalarımızdakı uşaqların gözəl üzünü çəkib yerləşdirmək fikrindəyik. Həmçinin uşaqların danışdığı maraqlı hadisələri gündəlik qeyd edib yerləşdirəcəyik. Bir də, ilk sayımızda iki valideynin məqaləsi də var. Uşağı ilə bağlı maraqlı fikirləri olan valideynlər müəyyən şeyləri paylaşmaq istəyirsə, onlar da yaza bilərlər”.
Jurnal sayəsində valideynlərin övladlarına qarşı daha da diqqətli olacağına, onlarla düzgün davranış qaydalarını öyrənəcəyinə inanan Samirə xanım hər kəsin bu jurnalı əldə edəcəyinə ümid edir. Çünki gələcəyi müsbət istiqamətdə dəyişmək arzusunda olan redaktor bunun məhz valideynlərin sayəsində mümkün olacağına inanır:
“Əslində gözləntim odur ki, ən azı bunun adını eşidən hər hansı bağça, valideyn və ya məktəb və məktəbəqədər uşağın anası jurnalı əldə etmək istəyəcək. Belə deyək, son dövrlər ölkəmizdə valideynlər o qədər telefona meyillənirlər ki, uşağın belə sualına cavab verməyə ərinirlər. Yaxud uşağın qarşısında bir planşet açır deyir ki, bax başını qarışdır. Ümid edirəm ki, jurnal bu ölkəmizin analarını kitab oxumağa meyilləndirəcək. Eyni zamanda inanıram ki, mənim oxucularım yenilikçi olacaq. Məhz onlar mənim kimi gələcəyi müsbət istiqamətdə dəyismək arzusunda insanlar olacaq. Bu arzu ancaq maariflənmə və təhsillə ola bilər. Yəni təhsilli olmaq üçün gərək ana, ata maariflənsin”.
Eyni zamanda Samirə xanım gələcək layihələrdən də söz açdı:
“Valideynlər klubu yaratmağı düşünürük. Belə ki, öz bağçamızın körpə uşaqları olub, onları böyüdən valideynləri narahat edən məsələlər ətrafında birləşən klub yaratmaq istəyirik. Başqa layihəmiz də var. Onu indi acıqlamağın tərəfdarı deyiləm, amma qarşıda çox maraqlı layihəmiz var”.
Onu da qeyd edək ki, “Bağçam” jurnalının satışı hələlik “İndigo” Nərimanov, “Baby Star” uşaq bağçalarının valideynləri üçün nəzərdə tutulub. Ancaq layihə çərçivəsində jurnalın bir hissəsi uşaq inkişafı ilə maraqlanan yerlərə paylanılacaq.