Autizm – erkən yaş dövründə başlayan ümumi inkişaf problemidir. Əsasən autizm özünü sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə göstərir.
“Autizm” sözü 1910-cu ildə İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən yaradılıb. Autizm sözü bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasının tədqiqatçı həkimi Hans Asperger tərəfindən istifadə edilib.
Johns Hopkins Xəstəxanasının autizm üzrə psixiatrı Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərliklər göstərən 11 uşaq haqqında hesabat yazıb və bu hesabatında ilk dəfə erkən infantil autizm terminindən istifadə edib.
1960-cı illərin sonundan başlayaraq autizmin, şizofreniya və digər inkişaf pozuqluqlardan fərqi, valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərilib və bunun ayrı sindrom olduğu qəbul edilib. Hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Mütəxəssislər belə hesab edirlər ki, autizmin yaranması həm irsi, həm doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılan bir sıra narahatlıqlarla, eləcə də peyvəndlərlə əlaqədar ola bilər
“Baby Star” uşaq bağçasının psixoloqu Günel Məhərrəmli Bagcam.az-a autizmli uşaqların əlaməti, valideynlərinin üzləşdiyi problemlərlə bağlı müsahibə verib. İlk olaraq autizmli uşaqların əlamətlərindən bəhs edən müsahibimiz qeyd edir ki, autizmdən əziyyət çəkən uşaqlar göz təmasından qaçırlar:
“Onlar ünsiyyət qurmağa meyilli olmurlar, səbəbsiz davranıb, ağlayıb, gülürlər, hər hansı bir predmeti mütamadi olaraq çevirməyi xoşlayırlar. Bundan başqa bu uşaqlar davamlı olaraq eyni oyunlar oynayırlar, ağrıya qarşı laqeyd olurlar, adətən, ona ünvanlanan suallara cavab vermir, deyilən sözləri təkrarlayırlar. Ümumilikdə oyuncağın özü ilə maraqlanmasalar da oyuncağın hər hansı bir detalı onların diqqətini çəkə bilər. Məsələn: Maşının təkəri”.
Valideynlər qeyd etdiyiniz əlamətlərlə qarşılaşdıqda nə etməlidir?
“Valideynlər əvvəlcə həkim psixiatra müraciət etməlidirlər. Autizm diaqnozunu yalnız həkim təyin edə bilər. Bundan başqa erkən müdaxilə üçün psixoloq, loqoped, fizioterepevt də tövsiyə edilə bilər. Qeyd etdiyim kimi autizmin davranış simptomlarına eyni zamanda sosiallaşma problemləri də daxilidir. Bu da autizmli uşağın məktəbəqədər və ümumtəhsilində müəyyən çətinliklər törədir, çünki autizmli uşaqlar başqa uşaqların oyunlarına maraq göstərmirlər. Məsələn, gizlənqaçda iştirak etməyə bilər, bacı qardaşlarına, digər uşaqlara xəsarət yetirə bilər. Buna görə də bağçaya getməmişdən öncə autizmli uşaqlar müəyyən təlim keçməlidirlər”.
Autizmli uşaqların təhsili ilə bağlı valideynlər evdə necə məşğul olmalıdır?
“Autizmli uşağın valideyni mütləq bağçadakı, məktəbdəki mütəxəssislərlə paralel işləməlidir. Məsələn, loqoped və ya psixoloq evə tapşırıq verirsə, valideyn mütləq onu evdə təkrarlamalıdır. Autizmli uşaqların bir materialı qavraması üçün həmin materialla bağlı davranışı da qavramalıdır. Bundan əlavə o təlimat almalıdır. Tutaq ki, onlarda göz kontaktının yaranması lazımdır. Mütləq valideyn onunla danışarkən göz kontaktını yaratmalıdır. Demək olar ki, bu, ömür boyu təhsil deməkdir. Həmişə onlarla məşğul olunmalıdır ki, onları gəlib bir yerə çatdırmaq olsun. Bütün prosesləri keçəndən sonra mütəxəssislərin rəyi olarsa, bağçaya yaxud məktəbə təyin oluna bilərlər. Yenə də valideyn əvvəlki kimi övladı ilə məşğul olmalıdır. Məşğul olmaq dedikdə, təkcə bir sahə nəzərdə tutulmur. Onu nəyəsə alışdırmaq lazım deyil, çünki onu gec qavraya bilər və yaxud əksinə ola bilsin ki, uşaq hər hansı nəsnəni qavradı, amma davranışı ilə bağlı təlimlər mütləq olmalıdır. Bəzən biz qarşılaşırıq ki, valideyn evdə uşağı ilə məşğul olur, uşaq da öyrədilən nəsnələr haqqında məlumatlara sahib olur. Sonra valideyn bununla kifayətlənib müalicəni dayandırır ki, artıq övladı hər şeyi bilir. Burada bir şeyi anlamaq lazımdır ki, övladı hər şeyi bilsə belə, onun davranışında mütləq əngəllər olacaq”.
İctimai yerlərdə autizmli uşaqların çətinlikləri nələrdir?
“Autizmli uşaqlarda bütün həyati bacarıqlar təlimlər nəticəsində yaranır. Məsələn, normal uşaq su içən zaman əlini vurub suyun isti və ya soyuq olduğunu hiss edə bilirsə, amma autizmli uşaqlar bunu və yaxud ağrını çox gec hiss edirlər və ya heç hiss etmirlər. Əli yansa, bunu bir neçə dəqiqədən sonra hiss edəcək. Eləcə də ictimai yerlərdə də həyati bacarıqlar təlimi olmazsa, uşaq durduğu yerdə fırlana yaxud gülə bilər. Bütün bunların tənzimlənməsi mərhələli şəkildə olur. Birdən-birə biz uşaqdan ictimai davranışlara əməl etməsini gözləyə bilmərik. Autizmli uşaq təhlükə hiss etmədiyinə görə asanlıqla anasının əlindən çıxıb maşın yoluna qaça bilər, təhlükə olan yerdə otura bilər. Bunların ona öyrədilməsi üçün mütləq zaman lazımdır. Valideyn qəbul etməlidir ki, bu, ərköyünlük deyil. Bu sadəcə xəstənin simptomlarıdır”.
Çətinliklər zamanı valideyn və müəllimin üzərinə düşən öhdəliklər nələrdir?
“Bəzən autizmli uşaqlarda asılılıq yaranır, hətta müəllimlərin yanında saatlarla dura bilirlər. Müəllimlər uşağın maraqlarını yönləndirməyi bacarmalıdır. Müəllimin uşağa yemək yeməyi öyrədə bilməsi belə onun üstünlüyüdür. Uşağın gördüyü xırda bir iş müəllimin uğurudur. Həm müəllim, həm valideyn uşağı olduğu kimi qəbul etməlidir, onun potensialı nəyədirsə, o istiqamətdə yönləndirilməlidir. Valideyn uşağı cəmiyyətdən gizlətməməlidir. Başa düşürəm çox çətin proseslərdir, amma biz nə qədər uşaqla çox məşğul olsaq, uşaqlarda da o qədər irəliləyiş olar “.
Bəs onları cəmiyyətə qazandırmaq üçün nə etmək lazımdır?
“Bu uşaqların xüsusi bacarıqları olur. Məsələn, asperger sindromlu (autizmin digər bir forması) uşaqlar həddindən artıq ağıllı olurlar. Onlarda riyazi qabiliyyətlər çox yaxşı olur. Bundan başqa məkan yaddaşı güclü olur. Sadəcə olaraq, onlar üçün şərait yaratmaq lazımdır”.
Autizmli uşaqların müalicəsində cəmiyyətin, ailənin rolu nə dərəcə əhəmiyyət daşıyır?
“Müalicə zamanı ilk olaraq, diqanoz düzgün təyin olunmalıdır. Bunu düzgün təyin etmək o deyil ki, bir-iki material oxuyub, uşaq haqqında hansısa qənatə gələsən. Uşaq əgər davamlı olaraq anaya cavab vermirsə, bəlkə onun eşitməsi yoxdur. Diaqnozun düzgün qoymaq məhz buna görə önəmlidir. Düzgün mütəxəssislər tapmaq lazımdır. Düzgün mütəxəssis axtaran zaman reklama aldanmaq olmaz. Maraqlanmaq lazımdır ki, kimlər autizmli uşağı ilə müraciət edib və yaxşı nəticə əldə edib. Hər dəfə yanlış diaqnoz pis nəticələrə gətirib çıxara bilər”.