“Valideynlik” peşəsi və ona yiyələnməyin yolları

Valideyn olmaq mövzusunda özümü çox xoşbəxt sayıram. Ona görə ki, valideyn olduğum illərdə bu “Valideynlik” peşəsini mənə qazandıran sahədə çalışaraq daim araşdırdım, izlədim, dinlədim və ən əsası uşağı hiss edə bildim. Valideynlik peşəsinə yiyələnmək üçün Pedaqoq və ya Psixoloq olmaq vacib deyil. Əslində bu peşəni mənimsəmək üçün, bu “iş”ə sevgi ilə yanaşmaq, maraq, həvəs və səy göstərmək, bu peşənin həyat qədər vacibliyini dərk etmək lazımdır.

Fikrimcə, biz uşaqları çox kiçik, zəif və aciz görürük deyə, özümüzdə onlarla davranış və ünsiyyətimiz üçün xüsusi bir hazırlığa ehtiyac duymuruq. Zaman irəlilədikcə biz əvvəllər fərqində olmadığımız suallarla qarşılaşırıq. Belə halda böyüməkdə olan nəslə baxaraq özümüzün nə qədər dəyişməyə ehtiyacımız olduğunu anlamalıyıq.

Bəli, mən də ənənəvi bir Azərbaycan ailəsində doğulmuşam. Nə yaxşı ki, valideynlərimdən mənə miras qalan həyat təcrübəsini ilk dəfə ana olanda da özümdə daşıyırdım. Sevinirəm ki, doğru başlanğıc etmişdim. O zamanlar həyatımda hamiləlik dövrünü sakit və rəngarəng keçirmək, daim aktiv fəaliyyətdə olmaq, açıq havada gəzmək, kitab oxumaq, bətnimdəki övladla daimi emosional ünsiyyətdə olmaq kimi fəaliyyətlər vardı. Əslində, bu, valideynliyə gedən bir yoldur. Uşaq dünyaya gəldikdən sonra isə uşağın qayğısına qalaraq, onu yaşına uyğun fəaliyyətlərlə əhatə etməyə çalışırdım. Açıq etiraf edirəm ki, uşaqlar böyüdükcə çətinliklər də artmağa başladı. Bəzən, bizim “sözə baxmamaq”, “itaətsizlik”, “dəcəllik “ kimi adlandırdığımız hallar baş verirdi. Hətta bəzən bu hallar insanı ağlamaq dərəcəsinə çatdırırdı. Həqiqət odur ki, biz uşağın davranışları qarşısında aciz qalırıqsa, deməli, bu peşənin sirrlərini dərindən bilmirik. Məhz bu həqiqət məni öz arxasınca apardı.

Mən 3 uşaq anası kimi iki qızımın və 11 illik fasilədən sonra dünyaya gələn oğlumun tərbiyəsində iştirakımla təkmilləşdiyimi hiss etdim. Zamanla bəzi çətinliklər olurdu. Müsbət hal o idi ki, bunun səbəbini uşaqda deyil, özümüzdə axtarmağa başladım. Həyat yoldaşımla tez-tez müxtəlif situasiyaları müzakirə etmək, ailə toplantılarında məsələ ilə bağlı hər kəsin fikrini soruşmaq mənə “bizim heç də hər zaman uşaqla qurduğumuz münasibətdə doğru fikirdə olmadığımız” qənaətinə gətirdi.

Pedaqoq və Məktəbəqədər təhsil üzrə mütəxəssis olsam da, bəzən uşağın müəyyən bir sualına cavab verməyə çətinlik çəkirəm. Belə halda mən, “Olar bu suala daha sonra cavab verim?“ deməkdən çəkinmirəm. Bununla onun gözündə kiçik görünəcəyimi fikirləşmirəm. Əksinə, suala tələsik, yarımçıq cavab verməkdənsə, düşünüb hazırlaşıb tam cavab verməyi daha doğru hesab edirəm.

Mən özümü şanslı hesab edirəm. Çünki peşəkar iş həyatımda uşaq inkişafı sahəsinin mütəxəssislərinin əhatəsindəyəm, bu mövzularda təlimlərdə iştirak edirəm, kitab oxuyuram, sosial şəbəkədə araşdırma aparıram, daim müxtəlif ailə hekayələri dinləyirəm. Məsələ ondadır ki, Valideyn Peşəsi ilə tanış olma mərhələsində bu peşənin mahiyyətini, məsuliyyətini qavramadan, bu peşədə birbaşa rəhbər vəzifəsinə keçirik. Amma insan bir sahədə rəhbər vəzifəyə keçməzdən öncə həmin peşənin incəliklərini mənimsəməlidir ki, bu işdə uğur əldə etsin.

 

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Əməliyyatlar üzrə Direktoru, pedaqoq Xalidə Rzayeva