“Azərbaycan Respublikasında Məktəbəqədər Təhsil Proqramı – Kurikulum Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Mövcud məktəbəqədər təhsil proqramının müasir tələblərə cavab verməməsi, proqramın müəllimyönümlü və təklifyönümlü olması, inteqrativliyin nəzərə alınmaması, proqramın mürəkkəbliyi, tərbiyəçi-uşaq münasibətlərinin birtərəfli olması Məktəbəqədər Təhsilin Kurikulumu islahatını zəruri edən səbəblərdir”.
Bağçalaradakı Kurikulum sistemi ilə bağlı öz fikirlərini “Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova bölüşüb: “3-6 yaş dövrü uşaq inkişafında mühüm dövrdür. Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən asılıdır. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər formalaşır və əldə edilmiş bilikləri praktik fəaliyyətdə müstəqil tətbiq etmək bacarığı yaranır. Məktəbəqədər təhsilin kurikulumu hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülüb:
- uşaqyönümlülük
- nəticəyönümlülük
- inkişafyönümlülük
- inteqrativlik
- hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması
- milliliyin və dünyəviliyin nəzərə alınması
- uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi
Millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsidir.
Kurikulum şəxsiyyətyönümlü xarakter daşıyır. Cəmiyyət üçün yararlı şəxsiyyətin formalaşmasını təmin edir. Kurikulum 3 hissədən ibarətdir: 1.Məktəbəqədər Təhsilin Məzmunu 2.Təlim strategiyaları 3.Uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi.
Məktəbəqədər Kurikuluma görə uşaqların inkişafını 4 sahədə həyata keçirmək olar:
*Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
*İdrakın inkişafı
*Estetik və yaradıcı inkişaf
*Sosial-emosional inkişaf
Kurikulumda təlim strategiyaları təlim prosesi və onun təşkili prinsipləri; təlimin təşkilində istifadə olunan forma və üsullar; təlimin planlaşdırılması məsələlərini əhatə edir. Uşaq inkişafının izlənilməsi üçün evdə, məktəbəqədər müəssisədə və kənar mühitdə uşağın müşahidə edilməsi səmərəli yoldur. Bu müşahidələr nəticəsində tərbiyəçi uşaqla işləməyi planlaşdırır. Təlim prosesində istinad edilən prinsiplərdən biri əməkdaşlıqdır ki, burada “tərbiyəçi-uşaq və valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunması nəzərdə tutulur. Uşaq bağçalarında valideynlərlə işin səmərəli təşkili nəticəsində uşaqlarda intellektual bacarıqlar formalaşmış olur. Praktiki olaraq bütün uşaqlar fəaliyyətin məqsədini dərk edir, onun planını nəzərdə tutur, adekvat üsullar seçir, nəticəni yoxlayır, işdə qarşıya çıxan çətinlikləri dəf edir və işi müvəffəqiyyətlə sona çatdıra bilirlər. Məktəbəqədər müəssədə diaqnostik( ilkin); formativ (cari); summativ( yekun) qiymətləndirmədən istifadə olunur.
Bağçamızda Kurikulumun tətbiqi uşaqlarda fəallığı artırır, düşünmə qabiliyyətini, yaradıcılığı, sərbəst fikir yürütmək, öyrəndiklərini tətbiq etmək, müzakirə etmək və.s bu kimi bilik və bacarıqları inkişaf etdirir”.