Son günlər özəl bağçaların təhsil haqları ilə bağlı sosial şəbəkələrdə müzakirələr yer alıb. Məsələ ilə bağlı “Baby Star” Uşaq Bağçası və “İndigo” Nərimanov Uşaq Bağçasının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyev öz fikirlərini bölüşüb:
“Bildiyimiz kimi özəl bağçalar müəyyən bir investisiya hesabına formalaşır. Sahibkar müəyyən bir investisiya yatırır və bu investisiya hesabına müəssisə qurulur. Bu mərhələdən sonra investor keçir ikinci plana və investisiyanın geri dönüş – “return of investment” planına əsasən yatırımının geri qayıtması haqqında fikirləşir. Əlbəttə, sahibakarın kənara çəkilməsi o demək deyil ki, o yeni investisiyalar eləmir. Müəyyən müddət sonra müəssisənin avadanlıqları, texniki bazasının artırılması üçün yatırım edir. Sahibkar ikinci plana keçdikdən sonra müəssisə öz hesabına işləməyə başlayır.
Yeni mərhələdə bağçanın büdcəsi uşaqların aylıq təhsil haqqları hesabına formalaşır və həmin ay ərzində həmin təhsil haqqı əsasında bağça öz işini qurur. Ona görə valideynlərin uşaqlar üçün ödədikləri təhsil haqqları bağçanın davamlılığı üçün çox önəmlidir. Əlbəttə ki, sahibkar olaraq ödənişlə bağlı yaranacaq problemləri aradan qaldırırıq. Azərbaycandakı əksər özəl bağçalar aylıq olaraq ödənişlərin qəbulunu həyata keçirirlər. Təəssüflər olsun ki, keçən müddət ərzində altı aylıq yaxud bir illik ödəniş formasına keçirə bilməmişik. Açıq danışsaq, valideynlər də buna o qədər də meyl göstərmir.
Özəl bağçalarda təhsil haqqları bağçanın bir aylıq xərci əsasında formalaşır. Bu xərcləri aşağıdakı kimi sıralamaq mümkündür: Təsərrüfat, Qidalanma, İşçi heyəti, Rabitə, Nəqliyyat, Təmir, Dəftərxana, Vergi və Rüsum xərcləri.
Bu xərclərdən aylıq uşaqların davamiyyəti ilə bağlı olanı yalnız qidalanma xərcidir. Digər xərclərin isə uşaqların davamiyyəti ilə əlaqəsi yoxdur. Beləki, uşaqların 30 nəfər olması ilə 10 nəfər olmasının işçi heyəti xərcinə heç bir təsiri yoxdur. Çünki uşaq bir ay olsa da olmasa da işçilərin əmək haqqı ödənilməlidir.
Bir uşağa bir ay ərzində çəkilən xərc bağçanın yuxarıda göstərilən xərclərinin cəminin həmin ay ərzində bağçaya gələn uşaqların sayına nisbəti əsasında formalaşır. Bu məbləğ uşaqların davamiyyəti ilə əlaqədar olaraq, 200 manat məbləğində də ola bilər, 300 manat məbləğində də. Nisbətdə yaranan məbləğin üzərinə sahibkarın qazancını əlavə etdiyimiz zaman bağçanın təhsil haqqı formalaşır.”