Bəzən biz valideynlər uşaqları xoşbəxt böyüməsi üçün səhv yoldan gedir və uşaqların ərköyün böyüməsinə səbəb oluruq. Hətta onların daha özünə inamlı olması üçün hər istəyini yerinə yetiririk. Uşaqlar niyə ərköyün olur? Valideynlər tez-tez bu barədə harada yanlış etdiklərini düşünürlər. Bəzən də bunun sadəcə bir xarakter olduğu qənaətinə gəlirlər. Uşaqlarda ərköyünlük tamamilə səhv tərbiyə üsulundan yaranır.
Doğan Cüceloğlu ailədə uşaqları qorxudaraq və utandıraraq yetişdirmək əvəzinə onlara bir fərd olaraq yanaşıb güvən aşılamağın doğru yol olduğunu müdafiə edir. Bununla belə Cüceloğlu bildirir ki, qorxu ilə tərbiyə etməkdən savayı yol bilməyən ailələr bu səfər uşaqları ailənin böyüyü halına gətirərək yanlış tərbiyə üsulunu seçmiş olur. Hər kəs uşaqdan çəkinməyə başlayır və onun tələblərini prioritet halına gətirirlər. Əslində isə uşağı xoşbəxt etməkdən çox onları həyata hazırlamalıyıq.
Uşaqlar adətən böyüklərinə güvənmək istəyir, onların bilgiləri, tövsiyələri və dəyərləri ilə böyüməyə ehtiyac duyurlar. Ailə böyüklərinin söz sahibi olmadığını görən uşaq isə ailəsinə qarşı qəzəb duymağa başlayacaq və nə istədiyini bilməyən, sərhəd tanımayan biri olmağa başlayacaq. Biz uşaqlarımızı yetişdirərkən onlara düzgün yolu qorxu ilə deyil, onların da dərk edə biləcəyi şəkildə göstəməliyik.
Uşaqlara sevgi, empatiya və güvən duyğusunu aşımalıyıq. “Biz” anlayışının təkcə ailədən ibarət olmadığını, buna bütün çevrənin, təbiətin, canlı aləmin də daxil olduğunu öyrətməliyik. 3 yaşından etibarən ona ev işlərində xüsusi tapşırıqlar verməli, məsuliyyət hissini aşılamalı və tapşırıqları etmədiyi təqdirdə qorxudaraq və utandıraraq deyil, izah edərək başa salmalıyıq. Uşaqlar həyatı ana-atadan öyrənir. Onlar xoşbəxt olsun deyə onların hər dediyini etmək, onlara lazımlı-lazımsız çoxlu hədiyyələr almaq uşaqları ərköyün edəcək.
Nəticədə uşaq artıq hər kəsin onun sözünə əməl etməsini tələb edəcək. Əgər biz valideynlər olaraq qərar verməkdə tərəddüddə qalsaq, bunu uşaq hiss edəcək və ailəsinə qarşı güvən hissi azalacaq. Buna görə də onlara yeri gəldikdə yox deməyi bacarmalıyıq.