Texnoloji vasitələrin həyatımızdakı rolu əvəzedilməzdir. Bizə lazım olan bütün informasiyaları onlardan əldə edə bilərik. İstər ünsiyyət, istərsə də əyləncə vasitəsi kimi istifadə etdiyimiz bu texnoloji alətlər əksər insanlarla gün boyu birlikdədir. Rəngarəng interfeysi ilə uşaqların da rəğbətini qazanan müasir texnologiyalar müsbət tərəfləri ilə yanaşı, müəyyən mənfi cəhətləri də özündə birləşdirir. Bəzi hallarda bu vasitələrdən istifadə asılılığa gətirib çıxarır ki, bu da sağlamlığa zərər yetirir.
Texnoloji alətlərin uşaqlara təsiri haqqında geniş məlumat almaq üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Psixoloqu Tamila Çubanova ilə söhbətləşdik.
Tamila xanım bildirir ki, 4 yaşına qədər uşaqların texnoloji alətlərdən istifadəsi tövsiyə edilmir.
“Erkən yaşda texnoloji alətlərdən istifadənin uşaqlara təsiri iki istiqamətli olur; fizioloji və psixoloji. Texnoloji alətlərdən istifadə fizioloji olaraq onurğa əyriliyi, göz problemi, kiçik və böyük motor bacarıqların inkişafında geriləməyə səbəb olur. Psixoloji təsir isə, əsasən, yorğunluq, reallığın və ya əldə olunan informasiyanın qavranılmaması, sosiallaşma, emosional durum və nitqdə geriləmə kimi simptomlarla hiss olunur. Ümumilikdə, 1,5 yaşa qədər uşaqların texnoloji alətlərdən istifadə etməsi tövsiyə edilmir. 1,5 – 3 yaş aralığında uşaqlar gün ərzində 10 dəqiqə, 3-6 yaş arası uşaqlar isə 15-30 dəqiqə ekranda nəsə izləyə və ya oyunlar oynaya bilərlər, bu halda böyük ekrandan istifadə etmək lazımdır”.
Uşaqlarda bu kimi təsirlər müşahidə olunduğu halda psixoloq mütəxəssisə müraciət etməyin vacib olduğunu bildirir:
“Mütəxəssis rəyi və tövsiyəsi ilə uşaq texnoloji alətlərdən uzaq saxlanılmalıdır. Fiziki və psixoloji sağlamlığı üçün vaxtının daha çoxunu açıq havada keçirməli, həm hərəkətli, həm də stolüstü oyunlarla, öyrədici kitablarla boş vaxtını səmərəli istifadə etməlidir. Emosional idrakı gücləndirilməli, həmçinin sosial münasibətləri tənzimlənməlidir. Uşaqları texnoloji alətlərdən uzaqlaşdırarkən valideynlər də nümunə olmalıdır. Biz texnoloji alətləri həyatımızdan çıxara bilmərik. Sadəcə, bu avadanlıqlardan səmərəli şəkildə istifadəni uşaqlara öyrətməliyik. Özümüzlə birgə uşaqların bu vasitələrdən istifadə vaxtını tənzimləməliyik”.
Valideynlərin də bu mövzuda diqqətli olmasını vurğulayan müsahibimiz uşaqların həyatında valideyn qayğısının önəmli rol oynadığını söyləyir:
“Valideyn mütəmadi olaraq texnoloji alətlərdən istifadə edirsə, uşağa az diqqət ayırır. Beləliklə, uşaq və valideyn münasibəti zəifləməyə başlayır. Fiziki olaraq valideyn uşaqların yanında olsa da, emosional olaraq bağlar möhkəm qurulmur. Real ünsiyyət az olduğuna görə də uşaqların nitqində qüsurlar yaranır. Hətta, bu, uşaqlarda davranış pozuntusuna qədər gətirib çıxara bilir”.
Sonda psixoloq “Bağçam” uşaq bağçası şəbəkəsinin bu mövzuda gördüyü işlər barədə də məlumat verir:
“Biz məşğələ mühitində texnoloji alət olaraq səs ucaldıcılar və televizorlardan istifadə edirik. Bu vasitələr uşaqlarda eşitməni və vizual qavramanı, idrakı möhkəmləndirir həmçinin, davranış və oyun bacarıqlarını inkişaf etdirir. Lakin hazırda ailələrdə geniş istifadə edilən ağıllı telefonlar, planşetlər, kompüterlər həmin bacarıqların inkişafında rol oynamır. Bundan əlavə, deyə bilərəm ki, bağça mühiti ümumilikdə uşaqların özünü daha yaxşı anlamasını təmin edir və başqaları ilə qarşılıqlı əlaqə qurmağı öyrədir”.