Fərd anlayışı müstəqil mövcud olan orqanizmdir. Fərd insanı cəmiyyət və ya kollektiv kimi deyil, şəxs olaraq ifadə edir.
İnsana bu termini tətbiq etdikdə cəmiyyət və ya kollektiv deyil insanı şəxsi olaraq ifadə edir. İnsanın fərd kimi formalaşması məktəbəqədər yaş dövründə tədricən inkişaf etməyə başlayır. Həmin periodda uşağa doğru yanaşma mütləqdir. Buna görə də “Bağçam” şəbəkəsinin uşaq inkişafı üzrə koordinatoru Arzu Rzayevanın tövsiyələrini öyrəndik.
Arzu xanım bildirir ki, uşağın fərd kimi formalaşmasında bağça mühim rol oynayır, çünki, məktəbəqədər uşaqda şəxsiyyət inkişafının unikal bir dövrüdür. Bu yaşda uşaq ətrafdakı böyüklərdən tamamilə asılıdır, ona görə də məhz böyüklər bu məsələdə həssaslıq göstərməlidirlər.
Müsahibimiz əlavə edir ki, iki yaş yarımdan artıq uşaqlarda fərd anlayışı – “mən və mənim” formalaşmağa başlayır:
“Üç yaşa qədər “mən özüm” şüuru formalaşır. Üçüncü yaşın sonunda uşaq fərd kimi hərəkətlərini idarə edir və istəklərini kəşf edir. Uşaqlar iradəyə sahib olduğunu başa düşməyə başlayır. Onlar müstəqilliyə can atır, böyüklərin istəklərinə qarşı çıxmağa çalışırlar. Həmçinin əşyalar aləmini və insan münasibətlərini dəyişdirmək iqtidarında olduqlarını hiss edirlər. Hərəkətlərini və təxəyyülünü idarə edə bildiklərini düşünürlər. Güclərini, artan müstəqillik hissini dərk edərək, məhdudiyyətlərə qarşı üsyan etməyə başlayırlar və hər şey haqqında öz fikrini formalaşdırmağa çalışırlar”.
Arzu xanım bir maraqlı məqama da toxunur. O deyir ki, uşaq bağçaya gələrkən onun üçün çətin olan həmyaşıdları ilə qarşılıqlı əlaqədə yaranacaq problemlər deyil, yeni yetkin şəxslərlə münasibət, gündəlik məişət və rejim tələblərini yerinə yetirməkdir:
“Valideynlər bağça mühitində uşaqların özünü daha inamlı hiss etmələrini istəyirlərsə, müəllimin tövsiyələrinə diqqətlə yanaşmalı və onlara uğurlu davranış yollarını tapmaqda kömək etməlidir. Razılaşmaq lazımdır ki, bağça mühitində uşaqlar həyat tərzini dəyişir və bu zaman özünü necə ifadə edəcəyini bilmir. Üstəlik, tez-tez olur ki, evdə qəbul edilən qaydalarla bağçadakı qaydalar ziddiyyət təşkil edir. Bu adaptasiya periodunda özünəinam hissini aşağı salır. Yalnız pedaqoji heyətin uşaqlar və valideynlərlə peşəkar davranışı, həm evdə, həm bağçada uzlaşan, harmonik mühitin yaradılması sayəsində özgüvən hissini bərpa etmək olur.
Uşağın fərd kimi formalaşmasında oyunun əsas fəaliyyət olduğunu qeyd edən müsahib, onu da əlavə edir ki, məhz oyunlar vasitəsilə digər sosial bacarıqlarla yanaşı, uşağın xeyirxahlıq, ədalət, həssaslıq, alicənablıq, həyata müsbət münasibət və başqa hissləri formalaşır:
“Oyunlar uşaqlarda özgüvəni formalaşdırır. Bunu nəzərə alaraq “Bağçam” şəbəkələrində oyunlar uşağın yaş xüsusiyyətlərinə və onun qabiliyyətlərinə uyğun hazırlanır. Bu, uğur vəziyyəti yaratmaq, onları möhkəmləndirmək və yeni səviyyəyə keçirmək üçün vacibdir. Həmçinin gələcək həyatın bir növ “məşqidir”. Oyun zamanı uşaq özünü kollektivin, cəmiyyətin üzvü hiss edir, özünün və yoldaşlarının hərəkətlərini dəyərləndirir, uğurlarını düzgün analiz edir, tərifə və ya tənqidə sağlam düşüncəli yanaşmağı öyrənir. Bütün bunlar uşaqlarda hər yaşa uyğun zəruri əminliyi, xeyirxahlığı, sevinc və sevgini yaradır. Beləliklə, bağça uşaqların fərd kimi formalaşmasına düzgün təlim-tərbiyəvi yanaşma ilə birbaşa təsir edir ”.
Son olaraq, məhz “Bağçam” şəbəkəsində uşaqlara fərdi yanaşmanın necə təşkil olunduğundan danışan Arzu xanım, burada ən kiçik detallarda belə uşaqların şəxsi istəkləri və zövqlərinin nəzərə alındığını vurğulayır:
“Bağçanın təlim-tərbiyə sistemi uşağın komfortlu formada oynaması, şəxsiyyətinin formalaşması üçün ideal uyğun məkandır. Bizim bağçaların foyesinə daxil olduqda rəngarənglik, uşaqların hərəsinin özünə aid olan dolabından tutmuş hər yaşa uyğun tədris otaqlarında olan oyuncaq rəflərinin, masa və oturacaqların uşağın fiziki ölçülərinə uyğun olması onun üçün təhlükəsiz, psixoloji sağlam mühitin formalaşdırılmasının ilkin şərtləridir.
Unutmaq lazım deyil ki, körpə üçün uşaq bağçasında müəllim qrupdakı ən vacib şəxsdir, etibar etdiyi, sirlərini və problemlərini gizlətdiyi, hər şeyi bilən, kömək və dəstək olan mübahisəsiz bir səlahiyyətdir. Uşaqların özlərini rahat və sərbəst hiss etdikləri kollektivdə belə bir psixoloji mühit yaratmaq bacarığı hər bir uşağın şəxsiyyətinin formalaşmasına kömək edir. Körpəyə hörmətli və ədalətli münasibət, onun uğurlarına və ehtiyaclarına səmimi maraq, pedaqoji nəzakət – bunlar əsl peşəkara xas olan keyfiyyətlərdir. Təlim-tərbiyə prosesi belə uşaqların yaş xüsusiyyətlərinə əsaslanaraq gündəlik rejimlər tərtib edilir. Gündəlik rejim sinir sistemini həddindən artıq işdən qoruyur, fəaliyyət və istirahət mərhələlərini bir-birini əvəz edir, şəxsiyyətin ahəngdar inkişafına kömək edir, punktuallıq və özünü intizamı tərbiyə edir”.