Valideyn-övlad münasibətləri uşağın fiziki, emosional və sosial inkişafını təmin edən unikal bir bağdır. Uşaqlarınızla hələ körpəlikdən qurduğunuz münasibət onların gələcək inkişafının əsasını təşkil edir. Onu qeyd etmək lazımdır ki, valideyn-övlad münasibətlərinin təməli necə qurularsa, gələcəkdə uşağın davranışlarında özünü göstərəcək.
Övladınızla yaxın münasibət qurmağın faydalarına nəzər salaq:
- Valideynlərinə etibar edərək böyüyən uşaqların gələcəkdə digər insanlarla xoşbəxt və isti münasibətlər qurmaq şansı daha yüksəkdir.
- Valideynləri ilə yaxın münasibət quran uşaqlar stress altında və çətin vəziyyətlərdə duyğularını tənzimləməyə bilir.
- Valideynləriylə yaxın olan uşaqlar optimist və özünə inamlı sosial davranışlar nümayiş etdirərək həyatları üçün önəmli addımlar atmaqdan çəkinmirlər.
- Valideynlərin övladlarıyla yaxın ünsiyyyəti daha yaxşı sosial və akademik bacarıqların əsasını qoyur.
- Uşaqlar valideynləri ilə müsbət münasibət qurduqda güclü problem həlletmə bacarıqları da qazanırlar.
Uşaqlarınızla münasibətinizi gücləndirməyə kömək edəcək bəzi məsləhətlər:
Onlara sevginizi göstərin
Bu həqiqətən sadə səslənə bilər, lakin hər bir valideynin övladına onu sevdiyini söyləməsi vacibdir. Uşaqlar daim sevildiklərini və qorunduqlarını hiss etməlidirlər. Yaşlarından asılı olmayaraq hər an onlara sevdiyinizi söyləyin və sevginizi hiss etdirin. Hətta fikir ayrılıqları və anlaşılmazlıqlar içində belə, onları qeyd-şərtsiz sevdiyinizi bilməlidirlər.
Birlikdə səmərəli vaxt keçirin
Sizinlə övladınız arasındakı yaxın münasibət birlikdə keçirdiyiniz səmərəli vaxtda qurulur. Bu vaxt kəsiyində bir-birinizin təcrübələrini, düşüncələrini, hisslərini və dəyişən maraqlarını tanıyırsınız. Bu, onlara verdiyiniz dəyərin göstəricisidir və münasibətiniz üçün çox yaxşı irəliləmə olacaqdır. Diqqətinizi yayındıran vasitələrdən istifadəni minumuma endirməklə birlikdə zövqlü və maraqlı zaman keçirə bilərsiniz.
Övladlarınızın hisslərini təqdir edin
Uşağınız hər hansı bir şeylə bağlı hisslərini bölüşmək üçün sizin yanınıza gəlirsə, mütləq onu dinləyin. Onu anladığınızı hiss etdirin. Ola bilsin ki, o, məktəbdəki pis bir gün və ya ev tapşırıqları ilə bağlı məyusluğunu bölüşmək istəyir. Sıxıntılı vaxtlarda onların yanında olun. Əsla mühakimə etməyin. Hisslərini təsdiqləyin və onlarla müzakirə etmək üçün açıq olun.
Nizam-intizam qaydalarını düzgün istifadə edin
Cəza tətbiq etmək, övladınızla münasibətinizi pozmağın ən asan yoludur. İntizam cəzalandırmaq deyil, öyrətmək deməkdir. İntizam üçün düzgün üsullardan istifadə sizin aranızdakı bağı gücləndirə bilər. Müsbət nizam-intizam uşağınızı doğru şəkildə istiqamətləndirməkdən ibarətdir.
Qarşılıqlı hörmət qurmağa çalışın
Hər bir sağlam münasibətdə qarşılıqlı hörmət çox vacibdir. Uşağın öz ehtiyacları, istəkləri və üstünlükləri var. Bir çox mövzuda bilikləri, əlbəttə ki, azdır, çünki hələ öyrənəcəkləri çox şey var. Bu onların fikirlərinə və seçimlərinə hörmət etməmək haqqı qazandırmır. Onlara hər zaman dəstək olmalı, fikirlərinə hörmətlə yanaşmalıyıq.
Dinləyin və empatiya qurun
Əlaqə dinləməklə başlayır. Övladınızın hisslərini qəbul edin və ehtiyac duyduğu hər şeydə kömək etmək üçün orada olduğunuza əminlik yaradın. Onların dəstəyə, qayğıya və ya köməyə ehtiyacı olduqda hazır olun. Hər şeyə onların gözü ilə baxmağa çalışın. Uşağınızı dinləmək və empatiya qurmaqla siz daha yaxın münasibət quracaqsınız.