Uşaqların müxtəlif yaş dövrləri üzrə davranışları

Yaş dövrləri uşaq psixologiyasının ən mühüm amilərindəndir. Onun düzgün müəyyənləşdirilməsi dövrə uyğun müvafiq şəkildə təlim-tərbiyə işlərinin aparılmasına imkan verir. Pedaqoqlar məktəbəqədərki müddət ərzində uşaqları 3 yaş dövrünə bölür:

  • Çağalıq dövrü (0-1 yaş)
  • Erkən yaş dövrü (1-3 yaş)
  • Məktəbəqədər yaş dövrü (3-6 yaş) 

Hər dövr üçün uşaqların davranış və xüsusiyyətləri müxtəlif olur. Bunları bilmək həm övladlarınızı yaxşı anlamağınıza kömək edir, həm də necə davranmalı olduğunuz barədə sizi məlumatlandırır.

Yaş dövrləri üzrə davranışlar

Çağalıq dövrü müddətində körpələr addım atmaq, gülümsəmək, səslərlə və ya sadə əl hərəkətləriylə sizə fikrini çatdırmaq, görmə qabiliyyətini cəmləmək, ətrafda baş verən hadisələri araşdıraraq öyrənmək və s. kimi inkişaf mərhələlərindən keçirlər. Bu mərhələdə körpələr də yetkin insanlar kimi sosial və emosional inkişafın bir hissəsi olaraq sevgi və etibar bağlarını qüvvətləndirirlər. 

Erkən yaş dövrü müddətində körpələr daha çox özlərini və ətraflarını tanıyırlar. Onların kəşf etmək istəyi artır. Uşaqlar bu dövrdə sosial və emosional dəyişikliklər yaşayırlar. Bu mərhələdə uşaqlar iki və ya üç addımlı istiqamətləri izləməyi, obyektləri forma və rəngə görə çeşidləməyi, böyüklərin və oyun yoldaşlarının hərəkətlərini təqlid etməyi və emosiyaları daha aydın ifadə etməyi öyrənirlər.

Uşaqlarınız məktəbəqədərki dövrdə böyüdükcə dünyaları da genişlənməyə başlayır. Onlar daha müstəqil olur və ailədən kənar şəxslərə daha çox diqqət yetirməyə başlayırlar. Uşaqlar bu yaş dövründə daha çox araşdırmaq və soruşmaq istəyirlər. Onların insanlarla qarşılıqlı əlaqəsi  şəxsiyyətlərinin formalaşmasına, düşüncə və hərəkət tərzlərinə yön verir.  

Uşaqların uğurlu gələcəyi və inkişafı üçün necə davranmalı?

Valideynlər övladlarının hər yaş dövrünün tələblərinə uyğun olaraq onlara yanaşmalıdır. Bu zaman “Uşaqların uğurlu gələcəyi və inkişafı üçün necə davranmalı?” sualı yaranır.

Çağalıq dövrü ərzində körpənizlə çoxlu danışın. O, səsinizlə sakitlik tapacaq və dinləmə bacarığının təməli qurulacaq. Körpəniz sizə cavab verməyə çalışacaq. O, səslər çıxardıqda həmin səsləri təkrarlayaraq və sözlər əlavə edərək cavab verin. Bu proses onun dil öyrənməyinə müsbət təsir edəcək. Körpənizlə vaxt keçirməyiniz isə onda qayğı və güvən hissi formalaşdıracaq. 

Erkən yaş dövrü ərzində uşağınıza hər gün kitab oxuyun. Bu dilinin inkişafına və müəyyən qədər söz bazasının toplanmasına kömək olacaq. Çesidli oyunlar, sadə tapmacalar kimi maraqlı fəaliyyətlər isə zehni inkişafına dəstək olur. Xoş olmayan davranışlarını cəzalandırmaq əvəzinə uşağınıza nə etməli olduğunu söyləyin və ya göstərin.

Məktəbəqədər yaş dövrü ərzində uşağınızı digər uşaqlarla oynamağa təşviq edin. Bu ona paylaşmanın və dostluğun dəyərini öyrənməyə kömək edir. Uşağınız qəzəbləndiyi zaman problemləri həll etmək üçün hansı addımlar atmalı olduğunu başa salın və kömək edin. Uşağınıza məhdud sayda sadə seçimlər verin. Məsələn, nə geyinəcəyinə, nə vaxt oynayacağına və qəlyanaltı üçün nə yeyəcəyinə qərar versin. 

Valideynlər bəzən öz valideynlərindən öyrəndiklərini təkrarlayırlar

Ailələr kimi uşaqlar da müxtəlifdir. Bir çox halda valideynlər istəməsələr də, öz valideynlərindən öyrəndikləri ünsiyyət metodlarını təkrarlayırlar. Bu zaman uşaqlarla olan münasibətlərində qırılmalar yaranır və mənfi təsir göstərir.

Uşaqlarınıza yetəri qədər sevgi ötürməyib, hörmətlə yanaşmadıqda, fərdi münasibət qurmadıqda onlar da gələcəkdə özlərini daha az ifadə edəcək və danışmağa layiq olmadığını hesab edəcəklər. Zəncirvari qəza kimi düşüncələrinin də dəyərsiz olduğuna inanacaqlar. Bir müddət keçdikdən sonra isə sual vermək istəklərini itirəcək, maraq doğuran hadisələrə fikir verməməyə və ən sonda haqqını tələb edə bilməyən fərdlər kimi formalaşacaqlar. Nəticədə övladınız həm emosional, həm də fiziki olaraq sizdən uzaqlaşacaq.

Valideynlərin əsas köməyi bağçalardır

Bu mühüm inkişaf mərhələsində valideynlərə əsas köməyi elə bağçalar edir. 

Uşaqlar bağçada yaşıdlarıyla birlikdə ünsiyyət quraraq  emosional və dərin əlaqəni başa düşür, hisslərini  çatdırmağı tərbiyəçilər vasitəsiylə öyrənir, yeni dostluqlar quraraq əyləncə anlayışını formalaşdırır və bunun kimi müxtəlif növ bacarıqları inkişaf etdirir. 

Bağçalar uşaqların şəxsiyyətini, mədəni normalarını və ənənələrini tədris proqramına daxil etməklə uşaqlarda aidiyyət hissinin oyandırırlar. Uşaqlar özlərini bir yerə aid hiss etdikdə inamlı, rahat və cəsarətli böyüyürlər.

Təcrübə göstərir ki, bağça uşaqların yaş dövrləri tələblərinə uyğun inkişafına dəstək olur.