Uşağa necə “yox” deməli?

“Uşağa sevgisiz yemək vermək olar, lakin tərbiyə sevgi və insani münasibətlə qurulmayıbsa, onunla müstəqil insan yetişdirmək mümkün deyil”.

Donald Vuds Vinnikot

Bir çox anaları uşağa qadağan etmək mövzusu narahat edir. Hər bir ana uşağın ətraf aləmi tanımaq istəyi ilə onun təhlükəsizliyi üçün edilən qadağa arasında qızıl ortanı tapmağa, balansı qorumağa cəhd göstərir. Bu mövzunu məşhur Britaniya pediatrı və psixoanalitik D.V.Vinnikot “Valideynlərlə söhbət” kitabında ətraflı şəkildə açıqlamışdır. O, qeyd edir ki, bu məsələdə uşağın yaşını nəzərə almaq lazımdır. Belə ki, 11 aylıq uşağa sözlə izah etmək o qədər də mümkün deyil. Lakin 2 yaşında uşağa isə izah etmək olduqca asandır. Danışmaqla “yox” sözünün nəticəsini görmək mümkündür. Ümumilikdə, 3 mərhələ qeyd olunur: Birinci mərhələyə daxil olan uşaqlara 24 saat ərzində tamamilə valideynlər məsuliyyət daşıyırlar. İkinci mərhələdə “yox, olmaz” sözünü işlətmək olar. Bu dövrdə uşaqlar sizin dediyinizi anlayır və o, valideynlərin ona nəyi icazə verib-vermədiyini ayırd edə bilir.

Ümumiyyətlə, uşağa hər şeyi “pis və yaxşı”ya aid etmək yox, ona təhlükəli olub-olmadığını və sizin onu qorumaq istədiyinizi bildirmək daha doğrudur. Valideynlərin “olmaz”ları real həyata uyğun gəlməli, əsl təhlükəyə əsaslanmalıdır. Əgər uşaq isti bir şeyə toxunubsa, ona sadəcə “isti” demək kifayətdir. Bu zaman onda “isti” sözü ilə ona ağrı verən bir şey arasında assosasiya yaranır.

Bəzən təhlükəli vəziyyətlər ağrı ilə müşayiət olunmur. Belə vəziyyətlərdə sadəcə ciddi tələbkarlıqla “olmaz” deyin. Üçüncü mərhələdə uşağınız artıq sizi başa düşür və siz ona “olmaz” və onun səbəbini izah edə bilərsiniz. “Yox” sözünü “mən dedim deməli “yox” şəklində qətiyyən demək olmaz. Uşağın bu qadağaların səbəbini bilməsi vacibdir. Bütün analar uşağa hər şeyi izah edə bildikləri mərhələnin gəlməsi ilə rahat olurlar. Çünki o, artıq sizi eşidəcək və əməl edəcəkdir.

Mənbə: analar.az