Hazırda dünyada azyaşlı uşaqlar arasında onkoloji xəstəliklərin sayı artmaqdadır. Uşaqlar üçün bədxassəli şişə yoluxmağın əsas mərhələsi 2-7 yaş arasıdır. Uşaqlar aktiv olduğundan, orqanizmdə gedən dəyişikliklərə özləri vaxtında diqqət yetirmədiyindən, analar simptomları bəzi digər xəstəliklərlə səhv saldığından çox zaman şiş böyük ölçüyə çatanda həkimlər bu xəstəliyin diaqnozunu qoya bilirlər.
Bəs uşaqlarda xərçəng əlamətlərini əvvəlcədən necə müəyyən etmək olar?
Bagcam.az Medicina.az-a istinadən valideynlərin diqqət yetirməli olduğu simptomları təqdim edir:
- Uşağın bədənində səbəbsiz göyərmələr, qançırların yaranması: məsələn uşaq gecə yatır, səhər ayaqlarında, qollarında göy ləkələr əmələ gəlir;
- Bədən və üzdə assimmetriyanın yaranması: bu o deməkdir ki, şiş böyüyür. Məsələn üzdə əyrilik, gözün birinin balaca, digərinin iri olması;
- Temperaturun qrip olmadan qalxması-düşməsi;
- Qəfil çəki itkisi, dərinin ağarması;
- Kiçik cızıq və yaralarda belə güclü qanaxma;
- Tez yorulma, həvəsin olmaması, iştahsızlıq;
- Səhərlər yerindən qalxan kimi ürəkbulanma, qusma. Qusmadan sonra uşaq özünü yaxşı hiss edir, yeyir, məktəbə gedir. Bununla da valideyn çaşır;
- Yerişin dəyişməsi, əyilməsi;
- Görmənin zəifləməsi, gözlərdə qəfil çəplik;
- Tez-tez baş ağrıları;
- Yenidoğulmuş və körpələrdə başın ölçüsünün böyüməsi; Bu artıq şişin ölçüsünün 4-5 dəfə artması deməkdir.
Uşaqlar xərçəng müalicəsinə tez reaksiya verir, dözümlü olur və güclü mübarizə aparırlar. Əgər şiş 1 sm olanda tapılsa, onların yaşama şansı qat-qat artır. Uşaqlarda xərçəngin gec diaqnoz olunmasında birinci səbəbkar valideynlər, ikincisi isə sahə pediatrlarıdır. Uşağı azı 2-3 aydan bir tam, dəqiq müayinələrdən keçirmək lazımdır.