Pediatrlar yeni doğulmuş körpələrin ilk 6 ay ərzində yanlız ana südü ilə qidalanmalarını tövsiyə edirlər. 6 aydan sonra isə əlavə qidalara keçmək mümkündür. Ancaq allergiyalı uşaqların qidalanması daha fərqli olmalıdır. Çünki belə azyaşlıya hər qidanı vermək olmaz. Bu müxtəlif fəsadlar, hətta ölümə belə gətirib çıxarda bilər. Anaların bəziləri isə bu rejimdən məlumatsızdırlar. Bu səbəbdən də bəzən gərəkli olmayan meyvə və ya qidanı düzgün zamanda verməyərək uşağının vəziyyətinin pisləşməsinə səbəb yarada bilir.
Bagcam.az xəbər verir ki, məsələ ilə bağlı Medicina.az-a açıqlama verən pediatr Gülnar Qasımova, 6 aydan sonra əlavə qidaya keçildiyi zaman diqqət edilməsi vacib olan məqamlardan danışıb: “Öncə bunu qeyd edim ki, bəzən ayda 500 qr-dan az kilo artıran uşaqlarda ən tez 4 aydan sonra əlavə qidaya keçilə bilər.
1. Körpəyə ilk əlavə qidanı ən az 3 gün tək olaraq verməliyik. Əgər bu qidaya qarşı allergik reaksiyası olduğu ortaya çıxarsa, onda körpənin menyusundan çıxarılır. Onu da qeyd edim ki, hər hansı qidaya qarşı olan allergiya müəyyən zaman müddətindən sonra aradan qalxa bilir.
2. Körpəyə veriləcək ilk meyvə və tərəvəz mütləq mövsümə uyğun olmalıdır.
3. İlk olaraq verilməsi məsləhət görülən tərəvəz, kartof, yerkökü və qabaqdır. Sonra isə brokkoli, gül kələmi, boranı və s. qidalardır.
4. İlk olaraq verə biləcəyimiz meyvələrdən öncə alma və armud verilməsi məsləhətdir. Sonralar bu menyuya banan da daxil ola bilər”.
Həkim 1 yaşadək körpələrə verilməsi məsləhət olmayan qidalardan da bəhs edib:
“1-ci badımcan: tərkibində nikotin olduğuna görə, 1 yaşadək uşaqların menyusuna daxil etmək məsləhət deyil.
2-ci paxla (lobya): nadir xəstəlik sayılan “qlükoza 6 fosfat dehidrogenaz əskikliyi” olan uşaqlarda sarılığı gücləndirdiyi üçün 1 yaşadək verilməsi məsləhət görülmür.
3-cü çiyələk: pomidor, subtropik meyvələr (naringi, yəni hamının tanıdığı mandarin, kivi, portağal, feyxoa və s.) allergik olduğu üçün 1 yaşadək verilməməlidir. Çünki portağalın və mandarinin suyu asitli olduğu üçün reflüksü artıra bilir.
4-cü inək südü, bal, fındıq və yumurtanın ağı 1 yaşdan əvvəl verilməsi qəti şəkildə məsləhət görülmür”.
Bəs məsləhət bilinməyən qidalardan istifadə etdiyimiz zaman hansı narahatlıqlarla qarşılaşa bilərik?
Bu allergik reaksiyaları ilk olaraq ana necə hiss edə bilər?
“Analar uşaqda qaşıntı, səpki, dodaq və göz qapaqlarında şişkinlik, ekzemalar
Yuxarı tənəffüs orqanlarında: Burun axıntısı, asqırma, boğazda quruluq və ya boğazda qıcıqverici qaşıntı, quru öskürək
Nəfəs darlığı, xışıltılı öskürək
Gözlərdə: sulanma, qaşınma, qızartı, göz qapaqlarının şişməsi
Ürəkbulanma, qusma, qarın ağrısı, qanlı ishal (əsasən inək südü allergiyasında) yemədən imtina
Ürəkdə: taxikardiya (ürək vurğularının tezləşməsi), təzyiqin enməsi, baş gicəllənmə və hətta bayılma kimi ağır fəsadlarla qarşılaşa bilərlər”, – deyə G. Qasımova vurğulayıb.
Gülnar həkim uşaqlarda qida allergiyasının olmasının ilk səbəbinin irsiyyətdən olduğunu qeyd edib:
“Yeni allergiyasi olan uşaqların əksəriyyətində ailə üzvlərində qida allergiyası, allergik rinit, bronxit, ekzema, dermatit olduğu müşahidə olunur”.
Uşaqlarda ilkin olaraq qida allergiyası olduğu necə müəyyən edilə bilər?
Həkim bunu qan və dəri allergik testləri vasitəsi ilə təyin etmək mümkün olduğunu ifadə edib:
“Qanda IgE və qanın ümumi analizinə mütləq baxılmalıdır. 1 yaşdan sonra isə uşaqlarda allergik panel (qida ve tənəffüs) edilir. Vaxtında edilən düzgün müalicənin ve qorunan pəhrizin nəticəsində uşaqlarda əksər hallarda 11 yaşından sonra allergik reaksiyalar yavaş-yavaş keçib gedir. Yəni kiçik yaşlarda allergik reaksiya verdikləri qidalara sonralar reaksiya verməyə bilirlər.
Qandakı dəyərlərə nəzarət edilməklə uşaqlarda müəyyən yaş dövründən sonra allergik olan qidaları yavaş-yavaş menyularına əlavə edə bilərik. Bəzi qidalar təkrar olaraq allergik reaksiya verməyə bilər, ancaq istisna hallarda bəzi meyvə və tərəvəzlər daim allergik qida kimi qalırlar”.