“Bağçada uşağın hansı dərnəkdə daha uğurlu olması aşkarlanır”

 

xalide_rzayebaMüasir dövrdə  istər yaradıcı, istər fiziki, istərsə də idrak fəallığı üzrə uşaqlar üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Bir qayda olaraq, uşaq 3-4 yaşına çatanda valideynlər övladları üçün dərnək seçimi etməkdə çətinlik çəkirlər. Biz də Bagcam.az saytı olaraq düzgün dərnək seçimi barədə “Education Management Network”-un təlim-tərbiyə işləri üzrə mütəxəssisi Xalidə Rzayeva ilə söhbətləşdik:

Xalidə xanım, ilk olaraq valideynlər övladlarını dərnəyə yazdırmadan öncə onların hansı sahəyə marağı olduğu necə müəyyənləşdirilməlidir?

– Müşahidə etmək lazımdır ki, uşağın marağı nəyədir və uşaqda nə yaxşı alınır –  rəsm çəkir, rəqs edir və yaxud nəsə quraşdırır. Uşaq öz maraq dairəsində dərnəyə cəlb olunduğu zaman, onun bütün bacarıqları aşkarlanır. Ümumiyyətlə, heç nə bacarmayan uşaq yoxdur.

Dərnək seçimində hər şeydən əvvəl uşağın fiziki gücü, marağı, qavrama qabiliyyəti, əhval-ruhiyyəsi  və xarakteri mütləq nəzərə alınmalıdır.  Hər bir uşaq  unikaldır  və mütləq şəkildə hər uşağa  fərdi  yanaşmaq lazımdır. Hətta valideynin arzu və istəyi belə, uşağın müstəqil marağı qarşısında aciz qalır. Bu baxımdan valideynlər  çox diqqətli olmalıdır. Hər şeydən öncə övladlarının maraqlarına şəxsiyyət kimi hörmətlə yanaşaraq dəstək verməlidirlər.

Məsələn, uşaq utancaqdırsa, valideyn onu teatr studiyasına yazdırsa, ilkin mərhələdə bu uşağı kompleksə salar. Uşaq  diqqətini toplayıb rəsmlə və ya  quraşdırma ilə məşğul olursa, onu təsviri fəaliyyət üzrə yönəltmək olar. Eləcə də hərəkətli, aktiv uşaqdırsa, onu idman dərnəklərindən birinə qoymaq  daha düzgündür.

Bu baxımdan uşaq bağçasının tərkibində uşaqların bir neçə dərnəkdə iştirak etməsi, onların hansı sahəyə daha çox maraq və meyllərinin olduğunu aşkarlamağa kömək olur.

Əsasən, hansı yaşlarda dərnəklərə yazdırmaq effekt verir?

– 3 yaşdan etibarən uşaqları artıq müxtəlif dərnəklərə yazdırmaq olar. Bu, təsviri fəaliyyət, gimnastika, xareoqrafiya ola bilər. 3-4  yaşdan  artıq xarici dillər, şahmat, teatr studiyası  dərnəklərinə uşaqlar cəlb olunur.  5-6  yaşdan komanda oyunları  sadə formada futbol, basketbol  aşılana bilər.

Ümumiyyətlə, 1-3 yaşa qədərki dövrdə ana evdə  məşğul ola bilər, ən yaxşı variant isə uşaq bağçası tərkibində  azyaşlı uşaqların cəlb olunduğu fəaliyyətlərdir. Bunlar oyun formasında təşkil olunmuş sensor, fiziki, təsviri, musiqi, bədii və s. istiqamətlərdə ola bilər. Həmçinin, qum və su fəaliyyəti bu dövr üçün çox önəmlidir.

Uşaqların dərnəklərə yazılması onlara nə qazandırır?

– Uşaqlar dərnəkdəki fəaliyyətləri dövründə fiziki, psixoloji və  intellektual baxımdan inkişaf edir, təsviri və  bədii yaradıcılıqları formalaşır,  estetik zövqləri inkişaf edir, musiqi anlayışı artır, dünya görüşü genişlənir. Uşaq müstəqil fikir yürüdür, özünə inam hissi yaranır və o,  komplekslərdən azad olur.

Hansı üsullarla dərnəklərə maraq yaratmaq olar?

– Dərnəklərin  təşkil olunmasında da mütləq uşaqların  yaş xüsusiyyəti  və bu dövrün maraqları nəzərə alınmalıdır. Məkanın zövqlü  tərtib olunması, avadanlığın düzgün yerləşdirilməsi, müəllimlərin peşəkarlığı və uşağa düzgün yanaşması, məşğələlərin maraqlı təşkili çox önəmlidir. Dərnəklər uşağı yormamalıdır. Uşaq yükləndiyini hiss etməməlidir, əksinə dərnək uşağa yüksək əhval-ruhiyyə bağışlamalıdır. Eyni zamanda  valideyn  uşağını öhdəsindən gələ bilmədiyi  fəaliyyətlərlə bağlı tənqid etməməlidir. Tam əksinə hər zaman uşağa dəstək olmalıdır.

Gün ərzində dərnəyə  nə qədər vaxt ayırılmalıdır?

– Dərnəyə ayrılan vaxt uşağın yaşından asılı olmalıdır. Söhbət bağçayaşlı uşaqdan gedirsə, bu  bağçada standart məşğələ müddətinə uyğun olsa  daha yaxşıdır. Yəni 2-3 yaş  10-15 dəq, 3-4 yaş 15-20 dəq, 4-5 yaş 20-25 dəq, 5-6 yaş 30-35 dəq davam edir. Artıq  6 yaşdan uşaq 1 saat ərzində dərnəkdə qala bilər. Ümumilikdə, gün ərzində dərnəyə 1-1.5  saat vaxt ayrıla bilər. Çox vaxt valideynlər düşünür ki , uşaq dərnəkdə nə qədər çox vaxt keçirsə, bir o qədər yaxşıdır. Bu yanaşma düzgün deyil. Uşaqlar öz yaş xüsusiyyətinə uyğun olaraq  cəlb olunmuş müddət ərzində lazım olan bacarıqları əldə edir. Onlar cəlb olunduğu dərnəklərə həvəslə getməlidir, gördüyü işdən zövq almalıdır. Vaxtı uzatmaq, əksinə uşağın yorulmasına  səbəb olur.

Bir uşaq neçə dərnəyə getməlidir?

– Bir uşaq normalda  1-2 və 3 dərnəyə gedə bilər, lakin dərnəklər arasında intervallar gözlənilməlidir,həmçinin zehni fəaliyyət mütləq fiziki fəaliyyətlə  əvəz olunmalıdır. Uşaq bağçadadırsa, bir neçə dərnəyə qoşulması daha rahat olur. Uşağın bağça tərkibində olması eyni qrupun uşaqlarıyla bərabər dərnəkdə olmasına imkan yaradır.  Eyni zamanda, bağçada uşağın hansı dərnəkdə daha uğurlu fəaliyyətdə olması aşkarlanır.

Ailədə uşaqların hamısı eyni dərnəyə getməlidir, yoxsa hər uşağı fərqli dərnəyə yönəltmək lazımdır?

– Sözssüz ki, çox vaxt ailədə uşaqların hamısının maraqları üst-üstə gəlmir. Bu, normaldır və valideyn buna təbii baxmalıdır. Bu baxımdan ailədə əvvəlcə uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Hər uşağın öz marağına uyğun ona dərnək seçilməlidir.

“Uşaqlar bir neçə dərnəyə getdikdən sonra onların daha çox hansı dərnəyə maraq göstərdiyi aşkarlanır” deyərək mütəxəssis dərnək seçimi zamanı valideynlərə tələsməməyi məsləhət görür.