Məktəbdən öncəki dövr uşaqların öyrənmək istəyini, ümumi biliklərini zənginləşdirdiyi, başqaları ilə ünsiyyət qurmaq, uyğunlaşmaq kimi sosial bacarıqlarını inkişaf etdirdiyi, ətrafa və dünyaya açıldığı dövrdür.
Məktəb öncəsi təhsil uşaqların məktəbə hazırlanması, akademik bilginin oyun saatını əvəzləməsi yaxud uşağın uğurunu dəyərləndirən standart testlərə arxayın olmaq deyil.
Məktəb öncəsi tədris planı ənənəvi təhsil metodları ilə yanaşı fərdi və qrup işləri, dinləmək, düşünmək, planlamaq, qiymətləndirmək kimi fəaliyyətləri özündə əks etdirir. Yaş qrupunun özəlliklərinə uyğun olaraq yaradılan məktəb öncəsi sinif uşaqların mənlik anlayışı və hörmətini, eyni zamanda onların mədəni şəxsiyyətini formalaşdırır, fərdi olaraq güclü olduqları sahələr haqqında məlumatlandırır və müstəqil hərəkət edə bilmək bacarığını inkişaf etdirir. Bu zaman ərzində mehriban və həssas rəhbərlərin nəzarəti ilə uşaqlar öz davranışlarını idarə etməyi öyrənirlər.
Məktəbəqədər dövrdə uşaqların öyrənmək istəyi və marağı olur. Bir çox mənbə bu marağı artıran, uşaqları intellektual sahədə inkişaf etdirə biləcək yaxşı bağçalarda olan 10 xüsusiyyəti belə sıralayıb:
- Yaxşı bağçada uşaqlar materiallar və ya dostları ilə oynayır və çalışırlar. Məqsədsiz gəzən və uzun müddət səssiz şəkildə oturmağa məcbur edilən uşaq olmur.
- Uşaqlar gün ərzində şəkilli kitablar, boyalar, oyuncaqlar, qutu oyunları kimi bir çox fəaliyyətlə məşğul olurlar. Uşaq hər anını dostları ilə eyni şeyi edərək keçirmir.
- Müəllimlər fərdi olaraq uşaqlarla işləməklə yanaşı, kiçik və böyük qruplarla da məşğul olur.
- Siniflər uşaqların düzəltdikləri əşyalarla doludur və bunları sərgiləməkdə bərabər hüquqlara malikdirlər.
- Uşaqlar rəqəmləri, riyazi anlayışları, hərflərin bir səsi ifadə etdiyini gündəlik həyatın parçası olaraq öyrənirlər. Bitki və heyvanların yaşam tərzini araşdırmaq, qrup ilə birgə yeyilən səhər və günorta yeməyi, bağça oyunları uşaqlar üçün hazırlanan dəyərli fəaliyyətdir.
- Uşaqlar bağçada uzun müddətli oyun və kəşf fürsətlərinə sahibdir. Layihələr yaradır, onun üzərində təkrar çalışır və düşünürlər.
- Uşaqlar hər gün açıq havada oynaya bilir. Təbiət ilə zaman keçirir, kəşf edirlər.
- Müəllimlər gün ərzində uşaqlar üçün tez-tez kitab oxuyur və onlara həmin kitabları şəkilli oxumaqlarına fürsət yaradır.
- Məktəbəqədər təhsil proqramı dəstəyə ehtiyacı olanları dəstəkləyəcək, bacarığı olanları daha da inkişaf etdirəcək formada hazırlanır. Uşaqlar istedadları, öyrənmək maraqları ilə bir-birilərindən fərqlənirlər. Təbii olaraq, hər uşaq eyni zaman, fəaliyyət və üsulla öyrənmir.
- Uşaqlar bağçaya getməkdən zövq alır, valideynlər isə övladlarını güvənərək təslim edirlər.
Hər bağça sinfi və tədris planı uşaqların xüsusiyyətləri və maraq obyektlərinə görə fərqli olur. Ortaq olan tək şey uşağın inkişafının hədəflənməsidir.