Valideynlər qış mövsümündə övladlarının bağçaya getdikdən sonra tez-tez xəstələndiklərindən şikayətlənir.
Mövzu ilə bağlı “İndigo” Nərimanov Uşaq Bağçasının meneceri Cəmilə Kərimova məlumat verib verib.
“Mən-bizim bağçamızın uşaq həkimi kimi onların sağlam olması üçün hansı tədbirlər gördüyümüz haqqında danışmaq istəyirəm:
1. Əziz valideynlər, hər həftə biz yeni menyu tərtib edib sizə təqdim edirik. Gördüyünüz kimi menyu uşaqlara faydalı olan müxtəlif ərzaqlarla zəngindir. Menyuda həm süd məhsulları, həm ət, balıq yeməkləri, gündəlik olaraq tərəvəz və meyvələr, müxtəlif faydalı otdan və meyvədən hazırlanan çaylar(nanə, limon, itburnu,qərənfil ilə) və s. var. Belə menyu uşaqların balanslı qidalanmasını,onların düzgün inkişafını və immunitetin möhkəmlənməsini təmin edir. Ət, paştetlər, yumurta, meyvə və tərəvəzlərdən hazırlanan yeməklər uşaqları dəmir defisitli anemiyadan qoruyur və onların orqanizmini lazımi qədər dəmir, vitamin və digər mikroelementlərlə təmin edir.
2 .Biz bağçamızda otaqların normal temperaturda olmasına nəzarət edirik. Gün ərzində bir neçə dəfə havalandırma sistemini yandırırıq, eyni zamanda pəncərələri açıb bütün bağçanın havasını dəyişirik. Soyuq havalarda isə ancaq nəfəsliyi açırıq. Yataq otaqları həmişə pəncərənin nəfəsliyi ilə havalandırılır. Yalnız uşaqlar yatan zaman bağlanır. Beləliklə, uşaqlar havalandırılmış eyni zamanda isti otaqda yatırlar. Yaxşı havada (küləksiz, yağışsız) tərbiyəçilər uşaqları gəzintiyə aparır.
3. Dayələr həmişə uşaqların əllərinin təmizliyinə nəzarət edirlər. Eyni zamanda körpələrin bezlərini vaxtında dəyişirlər və onların dərilərinə diqqət edirlər. Ehtiyac olanda krem sürtürlər.
4. Bütün bağçanı mütəmadi olaraq təmizləyirlər, həmçinin su ilə də silirlər. Çünki biz bilirik ki, hər şeydən öncə məhz təmizlik sağlamlığın təminatıdır.
5. Uşaqlar bağçaya qəbul olunanda həkim onları yoxlayır, eyni zamanda həftədə 1-2 dəfə də uşaqlar həkim yoxlanışından keçir. Xəstəliyi kəskin dövründə olan, yəni temperaturu yüksək olan uşaqlar bağçaya qəbul olunmur.
6. Ayda 2 dəfə dezinfeksiya və 1 dəfə dezinseksiya işi aparılır.
7. Keçən 2 həftə bildiyiniz kimi sizin razılığınızla C vitamini ilə profilaktika da aparıldı.
Bunu da bilməyiniz vacibdir ki, uşaqların müəyyən yaş dövrü olur – onlar tez-tez xəstələnirlər. Çünki immun sistemi dəyişilir və təkmilləşir.
Eyni zamanda soyuq havalarda xəstəliklər də çoxalır. Bundan əlavə, necə qəribə səslənsə də, ancaq xəstəliklərin özü də immunitetin güclənməsinə kömək edir. Çünki həm bizim, həm də uşaq orqanizmi hər dəfə xəstəliyə yoluxanda ona uyğun mübarizə üsulları seçir. Həmin orqanizmə yad olan mikrobları özündən uzaqlaşdırır və möhkəmlənir. Əlbəttə ki, yalnız yayda orqanizmi möhkəmləndirmək olmaz. Düzdür, yayda orqanizmi möhkəmləndirmək asan və xoş gəlir – dəniz, günəş, qum, çoxlu meyvələr və s. Ancaq bütün il boyu, həmçinin soyuq mövsümlərdə də möhkəmlənmək lazımdır. Uşaqları bürüməyə çalışmayın, soyuqdan qorxmayın, o da faydalıdır. Sadəcə uşaqları havaya görə geyindirin. Tərləmiş uşaq daha tez xəstələnər, nəinki havaya uyğun geyinmiş. Uşaqlarınıza təbii parçalardan tikilmiş paltarlar almağa çalışın. Çünki dəri də nəfəs almalıdır. Sintetik geyimlərdə uşaq tez tərləyir. Uşaqlarınızla tez-tez gəzintiyə çıxın. Bu ancaq onları gücləndirər.
Daha bir təsəlliverici məqam var. Bağçaya gedən uşaqlar orta məktəbə gedəndə daha gec-gec xəstələnirlər, ümumiyyətlə, hər cür vəziyyətə daha asan uyğunlaşırlar və bu təsdiq olunmuş faktdır.
Yuxarıda deyilənlərlə əlaqədar olaraq, valideynlər bağça ilə əməkdaşlıq etməlidirlər. Daha dəqiq desək, çalışın ki, bağçada olduğu kimi evdə də övladınızın qidalanmasına, gündəlik rejiminə diqqət edəsiniz. Bu, uşağın ətraf mühitə uyğunlaşmasını asanlaşdıracaq. Beləki, əgər bağçadakı rejim evdəkindən çox fərqlənsə, onda uşağın orqanizmində yüklənmə baş verəcək. Nəticədə uşaq xəstələnməyə başlayacaq. Bağça rejimini izləmək uşaq sağlamlığının vacib şərtlərindən biridir”.